Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sahəsində əməkdaşlığı və müdafiə potensialını gücləndirmək məqsədilə saziş imzalayıblar. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Bədr Anlaşma Memorandumu" Dohada imzalanıb.
Nazirlik sazişin iqtisadi əhəmiyyət daşıdığını vurğulayıb. Belə ki, razılaşma hərbi istehsal sahəsində əməkdaşlığın təşviq edilməsini, hərbi potensialın artırılmasını, həmçinin hərbi-texniki təlim, tədqiqat və inkişaf sahələrində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
Türkiyə NATO-da ikinci ən böyük orduya malik ölkədir, onun müdafiə sənayesi də güclüdür. ABŞ ilə İran arasındakı gərginlik fonunda Ankara Körfəz ölkələrinə, o cümlədən ərazisində Türkiyənin hərbi bazası yerləşən Qətərə müdafiə imkanlarını gücləndirməkdə yardım edir.
Avqustda Türkiyə nüvə silahına malik Pakistan və Səudiyyə Ərəbistanı ilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Həmin sazişə əsasən, tərəflərdən birinə edilən hücum hamısına edilmiş sayılır.
Ankaranın İndoneziya ilə də xüsusilə müdafiə sənayesi sahəsində sıx əlaqələri var.
Məkkə müdafiə sazişi təsdiq üçün Türkiyə parlamentinə göndərilib
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə imzaladığı müdafiə sazişini ratifikasiya olunması üçün parlamentə təqdim edib. Türkiyə NATO-nun sayca ikinci ən böyük ordusuna malikdir. Məkkə sazişi isə tərəflərin üzərinə qarşılıqlı müdafiə öhdəliyi qoyur.
Bu arada Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husilərin hücumlarına məruz qalır.
Üç ölkə Məkkə Birgə Müdafiə Sazişini avqust ayında imzalayıb. Sazişə görə, üzv ölkələrdən birinə hücum bütün üzvlərə edilmiş sayılır. Ancaq saziş imzalanarkən yayılan birgə bəyanatda ölkələrin konkret öhdəlikləri göstərilməyib.
Bu ayın əvvəlində alyansın Ər-Riyadda fövqəladə iclası keçirilib. Tərəflər Səudiyyə Ərəbistanında hərbi qüvvə və imkanların "sürətlə yerləşdirilməsi" barədə razılığa gəliblər.
Türkiyə husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib və Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini qorumaq üçün Ər-Riyadın rəhbərlik etdiyi koalisiyaya qoşulmağa razılıq verib.
"Reuters" agentliyi adının açıqlanmasını istəməyən Türkiyə rəsmisinə istinadən yazır ki, Ankara ilə alyans arasındakı bu əməkdaşlıq hərbi texnika tədarükü, kəşfiyyat məlumatlarının paylaşılması və silah sistemləri ilə məhdudlaşa bilər. Onun sözlərinə görə, indiyədək alyans çərçivəsində hər hansı başqa formada hərbi qüvvə yerləşdirilməyib.
visiontv.az