“Ukraynaya qarşı apardığı müharibəyə görə Rusiya Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiyada regional hegemon rolunu, Qərbi Balkanlarda isə öz təsirini itirib”. Almaniyanın Xarii ilər Nazirliyinə bağlı “dgap.org” saytında gedən “The End of Russian Hegemony: A New Transactional Order Arises in the South Caucasus” (Rusiya hegemonluğunun sonu: Cənubi Qafqazda yeni əməliyyat nizamı yaranır) adlı məqalədə belə deyilir. Dr. Stefan Meisterin qələmə aldığı yazıda vurğulanır:
“Moskvanın Cənubi Qafqazda regional hegemon rolu Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başa çatdı. Region köhnə antaqonizmlərdən və dəyişən güc dinamikası ucbatından qeyri-sabitliklə üzləşir. Azərbaycan regional təhlükəsizlik nizamının əsas formalaşdırıcısına çevrilib. Digər güclər, o cümlədən Türkiyə, İran, Çin və Avropa Birliyi daha fəaldır, lakin heç bir tərəf sabit nizama zəmanət verə bilməz. Transaksionalizm və davam edən zəifləmə nizamsızlıq yaradır, regiondaxili əməkdaşlıq isə Ermənistan və Azərbaycanın düşmənçilikdən qurtulmasından asılı vəziyyətdədir”.
Müəllifin bu fikirləri xüsusi diqqətə layiqdir: “II Dağlıq Qarabağ müharibəsindəki qələbəsi və mübahisəli bölgənin hərbi baxımdan nəzarətə götürülməsi ilə Azərbaycan regional təhlükəsizliyin əsas hərəkətverici qüvvəsinə çevrilib. Bakı rəhbərliyinin Ermənistanla sülh sazişini diktə etmək üçün müəyyən dərəcədə siyasi iradə və resursları var. Artıq bir il əvvəl Rusiya “sülh qüvvələrinin” Dağlıq Qarabağdan çıxarılması barədə rəsmi Bakı Moskva ilə uğurla sövdələşmə aparmışdı. Bu, Ermənistanı regionda yeni geosiyasi vəziyyətin əsas uduzan tərəfinə çevirir, çünki o, ənənəvi müttəfiqi Rusiyanın hərbi dəstəyini itirib. Eyni zamanda, Ermənistanın Azərbaycandan gələn təzyiqlərin qarşısını almaq üçün hərbi gücü çatmır. Rusiya ənənəvi dominant güc kimi avtoritar sabitliyə daha zəmanət verə bilmədiyi üçün İran Cənubi Qafqazda fəallaşıb. İran düşməni Türkiyə və Azərbaycanın regionda daha çox nüfuz qazanmasına və Ermənistan ərazisindən keçməklə özünün şimal sərhədində ekstraterritorial dəhliz yaratmasına mane olmaq istəyir”.
Müəllif detallara vararaq yazır: “Ukraynadakı müharibə və hərtərəfli Qərb sanksiyaları ilə Rusiyanın Cənubi Qafqazdakı maraqları dəyişdi. Sanksiyalardan yan keçmək üçün Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə İran, Hindistan, Ermənistan, Gürcüstan və Türkiyə kimi ölkələrə aparan alternativ ticarət yollarına ehtiyacı var. “Gürcü Arzusu” partiyasının rəhbərlik etdiyi Tiflis hökuməti ölkəni Moskvaya qarşı hedcinq strategiyasına (maliyyə rıçaqları) doğru irəlilətdi və getdikcə avtoritarlaşır. Seçicilərin hərtərəfli manipulyasiyası ilə “Gürcü Arzusu” 2024-cü ilin oktyabrında dördüncü dəfə parlament seçkilərində qalib gəldi və Gürcüstanın Avropa Birliyinə və transatlantik inteqrasiyaya doğru yoluna son qoymaq istəyir. Bu, Rusiyaya Gürcüstan üzərində daha böyük təsir yaratmağa imkan verir, çünki avtoritarizm, korrupsiya və qeyri-rəsmi siyasət güclənir – bütün bunlar Rusiya təsirinin giriş nöqtələridir. Rusiya, Türkiyə və İran Qərbi Cənubi Qafqazdan kənarda saxlamaqla bağlı razılığa gəlib. Onlar regional problemlərin regional həll yollarını tapmaq üçün üç Qafqaz dövləti ilə 3+3 formatı yaratmağa çalışırlar. Yəni Aİ və ABŞ olmadan işlərini görmək istəyirlər”...
Məqalənin bu hissəsində tarixi etirafla üzləşirik: “Avropa Birliyi və bəzi üzv dövlətlər Ermənistana daha çox maliyyə və təhlükəsizlik dəstəyi verir və rəsmi Brüssel Azərbaycanla sərhədin Ermənistan tərəfində monitorinq missiyası yerləşdirib və viza rejiminin liberallaşdırılması ilə bağlı Ermənistanla danışıqlara başlayıb. Amma nə ABŞ, nə də Avropa Birliyi Ermənistana heç bir təhlükəsizlik zəmanəti verməyəcək. Bu da Ermənistanın bir müddət təhlükəyə açıq vəziyyətdə saxlayacaq”...
Dr. Stefan Meisterin bu fikri İlham Əliyevin Rusiya mediasına son müsahibəsində səsləndirdiyi fikirlərlə üst-üstə düşür. Azərbaycan prezidentinin sözünün canı o idi ki, Ermənistan ordan-burdan kmək gözləməsin. Onlar kömək edən olsaydılar II Qarabağ Müharinəsində və Antiterror əməliyyatı zamanı Ermənistan üçün bir iş görərdilər. Alman müəllif də təhlükə yarandığı məqamda Avropa Birliyi və ABŞ-ın Ermənistana arxa-dayaq durmayacağını etiraf edir...
Məqalənin sonluğu Cənubi Qafqazın gələcəyində hansı gücün hegemon olacağına aydınlıq gətirir: “ATƏT kimi (Minsk qrupu nəzərdə tutulur) çoxtərəfli institutlar artıq regionda rol oynamayacaq. Heç bir aktor regional təhlükəsizlik nizamına hakim ola bilməz və yeni regional nizama inam və konsensusun olmaması Cənubi Qafqazı bir müddət qeyri-sabitlik vəziyyətində saxlayacaq. Ukraynadakı müharibənin nəticəsi Cənubi Qafqazın gələcəyinə böyük təsir göstərəcək, çünki bu, gələcək Avropa təhlükəsizlik nizamının qaydalarını Rusiyanın, yoxsa Qərbin formalaşdıracağına qərar verəcək”...
Gördüyünüz kimi, Cənubi Qafqazda Qərblə Rusiya arasında “kim-kimi” savaşı gedir. Və bu savaşdan kim qalib çıxsa, o da Cənubi Qafqazı öz təsir dairəsinə daxil edəcək. Hər halda Dr. Stefan Meisterin son qənaəti belədir. Ancaq mən əminəm ki, Cənubi Qafqaz ölkələri həm Qərblə, həm də Rusiya ilə xoş münasibətdə olmağa çalışacaqlar. Kiçik ölkələrə hər hansı böyük ölkəyə və ya tərəfə arxa çevirmək məqbul deyil...
Elbəyi Həsənli
visiontv.az