Cəmiyyəti içəridən parçalamaq cəhdi: Cəmil Həsənli kəşfiyyatçılıq edir?
15.10.2024

Cəmil Həsənlinin son dövrlər mediaya açıqlamasından belə bəlli olur ki, onun əsas hədəfi sadəcə Mir Cəfər Bağırov deyil, həm də o dövrün ziyalılarının bu məsələyə dair müzakirələrdə mövqelərini ictimailəşdirmək, öz aləmində onları nüfuzdan salmaqdır. Beləliklə də Azərbaycan ictimaiyyətini, xüsusən də bu məsələlərdən məlumatı olmayan gənc nəsli çaşdırmaqdır. C.Həsənlinin yeni iddiaları, ötən əsrdə baş verən proseslərə dair səsləndirdiyi fikirlərlə bağlı Medianews.az-ın suallarını tədqiqatçı-alim Adıgözəl Məmmədov cavablandırır.

– Adıgözəl müəllim, C.Həsənli M.C.Bağırovla yanaşı, onunla eyni dövrdə, yaxud sonrakı illərdə ictimai-siyasi fəaliyyət göstərən Azərbaycan ziyalılarını da hədəfə alıb. Sizcə burada məqsəd nədir?

– Cəmil Həsənli M.C.Bağırov mövzusu ətrafında var-gəl etdikdən sonra Azərbaycanın ədəbi-ictimai tarixində xüsusi yeri olan Mir Cəlal Paşayevi, Cəfər Xəndanı, Mikayıl Rəfilini, Əli Vəliyevi və digərlərini də hədəfə alır. O, mövzudan xəbəri olmayan insanlarda yanlış təsəvvür yaratmağa  çalışır. Hesab edirəm ki, bu, cəmiyyəti içəridən parçalamağa cəhddir, ideoloji kəşfiyyat xarakterli əməliyyatdır və sistemli şəkildə həyata keçirilir. Çünki, bu təbliğat dövrün şərtlərini, mühitini,   şəraitini və o illərdəki ictimai-siyasi təbliğat formasiyasını nəzərə almadan, qərəzli şəkildə həyata keçirilir. O illərdə Azərbaycanın bir dövlət kimi hansı statusda olması, aparılan ideoloji konsepsiya nəzərə alınmadan, obrazlı desək, bu günün gözü ilə o dövrdəki ziyalılarımızı qamçılamağa cəhd  edir. Buna görə də Sizin saytda yayımlanan əvvəlki müsahibələrimdə olduğu kimi, indi də suallarınıza verəcəyim cavablarla daşları bir-bir yerinə qoymaqda maraqlıyam. İstərdim ki, birlikdə o dövrdəki mühitin içini açaq, müəyyən reallıqları Azərbaycan ictimaiyyətinə, ziyalılığına və gəncliyinə tam formada çatdıraq.

– Yeri gəlmişkən, Sizin Cəmil Həsənliyə verdiyiniz cavablar qarşı tərəfdən cavablandırılmadı. Hiss olunur ki, o, öz söylədiklərini əsaslandıra bilmədiyi üçün artıq yeni bir mövzunu gündəmə gətirdi, ictimai dövriyyəyə çıxardı. M.C.Bağırovun rəhbərliyinin son illərində “Dədə Qorqud” dastanının bir çox Azərbaycan ziyalıları tərəfindən tənqid edilməsi mövzusu buna bir misaldır. Lakin bu məsələyə münasibət bildirməzdən öncə, M.C.Bağırovun Turançı, yoxsa Böyük Azərbaycan tərəfdarı olmasına aydınlıq gətirmənizi istərdim.

– M.C.Bağırov Turançı olmayıb. O, kommunist olsa da Böyük Azərbaycançı olub. Bunu konkret misallarla göstərə bilərik. M.C.Bağırov Cənubi Azərbaycana ezam olunan qrupun üzvləri ilə görüşlərin birində deyirdi ki, “Biz birinci dəstədə 500 nəfəri göndəririk. Amma ay yarımdan sonra kiçik birliklər göndərməklə bu rəqəmi 3000-ə çatdıracağıq. Bilirsiniz ki, bizim Qızıl Ordumuz qısa müddətdə Şimali İranın böyük ərazisini tutmuşdur. Bu ərazilər tarixən Cənubi Azərbaycan torpaqlarıdır. İranın ən böyük şəhərləri – Qəzvin, Urmiya, Miyanə, Marağa, Təbriz, Ərdəbil, Salmas, Xoy, Ənzəli və başqaları bizim əcdadlarımızın vətəni olub. Əgər həqiqəti bilmək istəyirsiniznsə, Tehran da qədim Azərbaycan şəhəridir. Bunu da əlavə etmək istərdim ki, Qızıl Ordu orada olduğu halda, biz yüzlərlə insanın gözümüzün qabağında aclıqdan ölməsinə razı ola bilmərik. Əgər içimizdə bir damla belə Azərbaycan qanı qalıbsa, onda biz bir zamanlar zorla parçalanmış xalqın-torpaqlarımızn birləşməsinə nail olmalıyıq… Bunun üçün gücümüz və bacarığımız var… Güney Azərbaycanın zəhmətkeş xalqına kömək etməliyik, nə qədər çətin olsa da. Vəzifə, vicdan, namus, sədaqət bizi buna çağırır… Ona görə də biz liderimiz, yoldaş Stalinə məktubla müraciət edərək, Güney Azərbaycan zəhmətkeşlərinə yardım etməsini xahiş etdik… Bu işə cəmi 4-5 gün əvvəl  başlamışıq. Məni Moskvaya çağırıb, nə istədiyimi soruşdular. Cavab verdim ki, Güney Azərbaycandakı qardaşlarımıza kömək etmək istəyirik, buna icazə verməlisiniz. Moskvadakı yoldaşlar bizə bunu etməyə icazə verdilər. Güney Azərbaycana yardım elə şəkildə aparılmalıdır ki, nə şah hökuməti, nə də ingilislər bizi İranın daxili işlərinə qarışmaqda ittiham etməsinlər. Sizin vəzifəniz çox məsuliyyətli və şərəflidir. Bu işin öhdəsindən gəlsəniz, parçalanmış xalqın, Azərbaycan xalqının əzəli və əbədi arzusunu həyata keçirmiş olacaqsınız. Bölünmüş ürəkləri, sevgiləri, hissləri birləşdirəcəksiniz Bu, şərəf məsələsidir!” M.C.Bağırov sonuncu cümləsində “Türkməncay” ilə bölünmüş xalqımızı nəzərdə tuturdu. Beləliklə, o dövrdə Böyük Azərbaycan layihəsinin əməli icrasına start verilir. M.C.Bağırovun Turançı deyil, Böyük Azərbaycançı olmasını onun digər məktubundan da görürük! Sovet İttifaqı Hərbi Baş Kəşfiyyat İdarəsinin 14 sentyabr 1942-ci il tarixli arayışından öyrənirik ki, Türkiyə də İranda baş verən bu proseslərə laqeyd deyildi. Kürd məsələsi ilə bağlı ingilislərlə türklər arasında müəyyən gərginlik yaşanırdı. Türklər Cənubi Azərbaycanda təbliğat işlərini xeyli gücləndir, Azərbaycanın hər yerində intensiv kəşfiyyat işləri aparmağa başlayırlar. Azərbaycanda öz təsirlərini gücləndirmək üçün azərbaycanlılarla kürdlər arasında ziddiyyətlərdən istifadə edərək bəyan edirdilər ki, Azərbaycan əhalisini kürdlərin soyğunçuluğundan yalnız Türkiyə xilas edə bilər. Bu istiqamətdə M.C. Bağırovun Əziz Əliyevə təlimatları belə idi ki, “İndi bir çoxları Güney azərbaycanlılarına sahib çıxmağa başlayıblar, bunlardan da biri  Osmanlı türkləridir. Yəqin ki, onlara belə bir əmr gəlib və onlar Güney azərbaycanlılara qohum olduqlarını təbliğ etməyə başlayıblar. Onlar indiyə qədər harada olublar? Onların yolunu kim kəsmişdi? İş o yerə çatıb ki, Tehranla Ankara arasında mübahisə başlayıb. Sanki beş milyonluq Azərbaycan xalqı kimsəsiz qalıb. Məqsədlərimiz bizə aydındır, yolumuz aydındır… Biz sovet azərbaycanlıları deyə bilərik ki, artıq biz məqsədimizə nail olmuşuq… qədim dövlətçiliyə, min illik tarixə malik olan insanlar,  azərbaycanlılardır”. Eyni zamanda sovet hərbi kəşfiyyatının  nümayəndəsi yazırdı ki, “Güman etmək olar, türklər müharibədən sonra Azərbaycanın Türkiyəyə birləşdirilməsi üçün zəmin hazırlayırlar. Lakin türklər, məsələn, Makinsk bölgəsində kürdlərə  daha çox diqqət yetirir. Cəlali qəbiləsinin başçılarından biri olan Ömər xanı güclü şəkildə dəstəkləyirlər. Şahpur bölgəsinin kürd liderlərindən biri Kotasda türklərlə sıx bağlıdır”.

– O illərdə Cənubi Azərbaycanda həyata keçirilən “Böyük Azərbaycan” layihəsi sadəcə İranı narahat edirdi?

– “Böyük Azərbaycan” layihəsi sadəcə İran irticasını deyil, həm də regionda aktivləşən bir çox qüvvələri narahat edirdi. Ona görə də Cənubi Azərbaycanda siyasi hərəkat zamanı M.C.Bağırovun mövqeyi Kremldə əyləşənlərə yaxşı bəlli idi. Onun Stalinə göndərdiyi Böyük Azərbaycan layihəsi ilə bağlı  məktublarını mən bu mövzu ilə bağlı çoxsaylı kitablarımda vermişəm (“M.C.Bağırov Siyasi portret” ,”Böyük Azərbaycan Naminə Bağır Seyidzadə” , “Böyük Azərbaycan Naminə Əziz Əliyev”)  M.C.Bağırov hər dəfə Moskvaya səfəri zamanı söhbətlərində, eləcə də “Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında” kitabında Cənubi Azərbaycanı məsələsini qaldırırdı. O, 1945-ci ildə başa çatdıra bilmədiyi Cənubi Azərbaycandakı siyasi prosesləri yenidən bərpa etdirmək istəyirdi. Sözsüz ki, erməni-daşnak siyasi klanı buna laqeyd qala bilməzdi. Onlar hər vasitə ilə Bağırovu Stalinin gözündən salmaq üçün müxtəlif kartlardan istifadə etməyə çalışırdılar. Bu kartlardan da biri, Azərbaycanda “Dədə Qorqud” dastanının təbliğ olunması idi. Əslində bu dastanın təbliğatı da Bağırovun icazəsi ilə aparılmışdı, ən azı o buna mane olmurdu.

– Kreml divarları arxasında Bağırovla bağlı narahatlıq sadəcə “Dədə Qorqud” dastanına görə idi?

– Xeyr! Bir çox “səbəblər” var idi. Moskva üçün qıcıq yaradan məqam keçən əsrin 50-ci illərindən başlayaraq, rəhbər vəzifələrdə azərbaycanlaşdırma siyasətinin  daha əhatəli  həyata keçirilməsi idi. Məhz bu dövrdə Bağır Seyidzadə Kinematoqrafiya naziri kimi, Azərbaycanın tanınmış alimlərindən biri, geologiyanıin inosemerlər sahəsi üzrə ilk Azərbaycan alimi Musa Əliyev Elmlər Akademiyasının  Prezidenti seçilməsi kimi, Vəli Axundovu Səhiyyə nazirinin müavini kimi, həmçinin digərləri də irəli çəkilirdilər. İcraedici strukturlarla yanaşı, eyni zamanda qanunverici və nəzarətedici orqanların yüksək vəzifələrinə də  gənc azərbaycanlılar irəli çəkilirdi. Amma siyasi rəhbərlikdə gəncləşmə və bir çox hallarda azərbaycanlaşdırma siyasəti çox ciddi qısqanclıqla qarşılanırdı. Yəni, faktiki olaraq Azərbaycan rəhbərliyinə qarşı kommunist qiyafəsində gizlənmiş daşnak erməni siyasi elitasının total hücumu başlamışdı. Anonim məktublar daha çox Moskvaya ünvanlanırdı. Moskvada da bəzi qüvvələr bu anonimlərdən istifadə edib M.C.Bağırovu vurmağa çalışırdılar. Elmlər Akademiyasının ilk prezidenti, Azərbaycanın tanınmış cərrahı, Azərbaycan Tibb Universitetinin kafedra müdiri Mirəsədulla Mirqasımov idi. Mirəsədulla Mirqasımovdan kütləvi şəkildə məktublar Moskvaya yazılırdı ki, necə olur ki, siyasi əhəmiyyətli strateji bir müəssisə kommunist partiyasının mənsubu olmayan bir şəxsə etibar edilir. Sovet cəmiyyətinə zidd olan bəy nəslinin nümayəndəsi Elmlər Akademiyasının prezidenti seçilir. Mir Cəfər Bağırovu ittiham atəşinə tutmuşdular ki, Azərbaycan rəhbəri buna necə imkan yaradır? Vəziyyət o həddə gəlib çatmışdı ki, artıq Azərbaycan rəhbərliyində təmsil olunan seyidlərin siyahısı verilirdi. Məsələn, Mərkəzi Komitənin ikinci katibi Mirhəsən Seyidov, MK-nin katibi Mirteymur Yaqubov, Elmlər Akademiyasının prezidenti Mirəsədulla Mirqasımov, sonradan yeni təyin olunmuş kinematoqrafiya naziri Bağır Seyidzadənin seyidliyə bağlılığı bu qüvvələri lap hövsələdən çıxartdı. Moskvaya yazırdılar ki, Mir Cəfər Bağırov  sovet cəmiyyətinə, sovet əxlaqına, bolşevik ideyalarına zidd bir seyidlər hakimiyyəti qurub. Hətta Mir Cəfər Bağırovu o ittiham altında da buraxırdılar ki, guya Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində  seyid qruplaşması formalaşıb. M.C.Bağırov o dövrün aparıcı ziyalılarına, o cümlədən akademik Heydər Hüseynova, Həmid Araslıya, Əbdüləzəl Dəmirçizadəyə, Məmməhüseyn Təhmasibə və sairə hörmətlə yanaşıb, bir çox hallarda onları mükafatlandırıb. 1948-ci ildə M.C.Bağırovun təqdimatına əsasən, H.Hüseynov, Y.Mirbabayev, A.Orucov “Rus-Azərbaycan lüğəti”nin tərtibatına görə Stalin mükafatına layiq görülüblər. O, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının müstəqil Elmlər Akademiyası kimi formalaşdırılmasına dair Moskva ilə danışıqların aparılmasını da H.Hüseynova tapşırıb.

– Akademik H.Hüseynovun özünə qəsd etməsinə görə, bəzən M.C.Bağırovu da təqsirkar bilirlər. Əgər akademik H.Hüseynovun mükafatlandırılmasında, irəli çəkilməsində M.C.Bağırovun rolu varsa, sonradan niyə ona qarşı mövqe tutsun ki?

– Görkəmli alim və ilk akademiklərimizdən biri olan Heydər Hüseynov əsasən Mirzə Kazım bəyin yaradıcılığına müraciət edərək onu tədqiq edirdi. Xüsusən də Azərbaycanda birləşdirici simvol kimi Şirvanşah İbrahim Dərbəndinin təbliğ olunduğu dövrdə o, Mirzə Kazım Bəyin Şirvanşahlar tarixi ilə bağlı araşdırmalarına və tərcümələrinə müraciət etmişdi və ondan yararlanaraq, yeni “Böyük Azərbaycan” konsepsiyanın formalaşmasında iştirak etmişdi. Onu da qeyd etmək istəyirəm ki, M.C.Bağırov ilk öncə Şah İsmayılı birləşdirici simvol kimi seçmişdi, amma sonrada bu xətdən imtina etdi. Həqiqətən də dünən və bu gün bir çox azərbaycanəsilli ruhanilər səfəfizmi “şiə həmrəyliyi” kontekstində göstərir, əslində isə dini şüarlarla irançılıq təbliğatı aparırlar. S.C.Pişəvəri hərəkatı zamanı da bu ruhanilər  azərbycanlılarla farsların şiə olduğun qeyd edərək, İran dövlətinə sədaqətli olmağa və kafirlərin məkrli planlarına uymamağa səsləyirdilər. Sonrakı dövrlərdə də biz dəfələrlə şahidi olduq ki, bu sözdə olan “şiə həmrəyliyi” Azərbaycan milli dövlətçiliyinin əleyhinə olan, rüşeym halında onu boğan və özülünün altına qoyulmuş lağımdır. Bunu biz illər sonra – 1979-cu ildə böyük din alimi təbrizli Əli Şəriətinin də timsalında gördük. Ona görə də M.C.Bağırovun təklifi ilə Böyük Azərbaycan layihəsinin simvolu kimi Səfəvi Şah İsmayıl Xətai deyil, Şirvanşah İbrahim Dərbəndi seçilir və Azərbaycanın  məşhur  şairi Nəsimi təbliğ olunurdu. Yəni, əgər bir neçə il öncə alimlərimizin bu mövzu ilə bağlı araşdırmaları və ya tərcümələri müsbət qarşılanırdısa, 50 -ci illərdən  sonra  ölkədə tamam başqa ab-hava yarandı. Artıq Şirvanşah İbrahim Dərbəndi deyil, XVIII əsrdə Quba xanı olmuş Fətəli xan təbliğ olunurdu. Fətəli xanın birdən-birə təbliğ olunmasının da səbəbi var idi. Belə ki, Fətəli xan Azərbaycan xanlıqlarını birləşdirmək siyasətini yeritsə də, xarici siyasətdə Rusiya imperiyası ilə yaxınlığına görə dövrünün digər xanlarından seçilmişdi. Ona görə də Həzi Abdullayevin 1948-ci ildə çapdan çıxmış “Fətəli xanın Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəsi və onun xarici siyasəti” adlı kitabı M.C.Bağırov tərəfindən yüksək qiymətləndirilmiş, kitabın Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında müzakirəsində şəxsən özü iştirak etmişdi. Məsələn, M.C.Bağırov 1950-ci ildə “Müridizm və Şamil hərəkatının xüsusiyyətləri barədə” kitabında yazırdı: “Heydər Hüseynov Şamil hərəkatını azadlıq və mütərəqqi addım kimi qiymətləndirir. Bu qiymət marksist nöqteyi-nəzərdən və siyasi baxımdan səhv, tarixi həqiqətlərə və tarixi materializmə ziddir. Müridizm İslamda daha savaşqan və irticaçı cərəyan olmuşdur və xalq kütlələrinə qarşı zülm aləti kimi istifadə olunmuşdur. İşğalçı türk ordusuna, ingilis müstəmləkəçilərinin maraqlarına qulluq etmişdir. O, Dağıstanı Rusiyadan ayırmağa çalışmış, Qafqaz xalqları arasında rus xalqına qarşı nifrət hissi oyatmışdır. Ona görə də Şamil hərəkatı sırf mürtəce xarakter daşımış, inqilabi hərəkatın maraqları ilə ziddiyyət təşkil etmiş, Dağıstanda zəhmətkeş qüvvələrin sinfi özünüdərk prosesinə ləngidici təsir göstərmişdir”. Sözsüz ki, bu fikirlər insanlarda Bağırov tərəfindən irəli sürülən  arqumentin imperiya konyukturasına kökləndiyi təsəvvürünü yaradır. Çox güman ki, Bağırov özü də bu sözləri yazarkən haqsız olduğunu bilirdi.

– Səhv etmirəmsə, M.C.Bağırovun da Dağıstanı Azərbaycana birləşdirmək planı olub. Elə deyilmi?

– Bəli olub. Dağıstanı Azərbaycana birləşdirmək təşəbbüsü ilə çıxış etdiyinə görə M.C.Bağırovu hətta ittiham da edirdilər. Əziz Əliyevdən sonra Dağıstana rəhbərlik etmiş Abdurrahman Daniyalov bu barədə öz xatirələrində qeyd edirdi ki, “Bir dəfə, 1943-cü ildə anti-Hitler koalisiyasının dövlət başçılarının Tehran konfransından sonra M.C.Bağırov bizə İ.V.Stalinlə görüş zamanı ona Dağıstanın yaşadığı çətinliklərdən və bu respublikanın Azərbaycana birləşdirilməsi və ya birləşdirilməsi ideyasını söylədiyini dedi. Bağırov dedi ki, İ.V.Stalin soruşur: “Dağıstanlılar belə bir təklifə necə reaksiya verəcəklər?” M.C.Bağırov belə cavab verib: “Məncə, pis deyil”. Söhbət orada bitdi. M.C.Bağırova dedim ki, yoldaşlar ilə bunu məsləhətləşmək lazımdır. Azərbaycan rəhbərliyinin bu niyyətləri ilə bağlı şayiələr xalq arasında, xüsusən dağıstanəsilli və qeyri-dağıstanəsilli partiya fəallarının böyük bir qrupunun Bakıdan Dağıstana rəhbər vəzifələrə göndərilməsindən sonra sürətlə yayıldı. Bir müddət sonra  DMSSR Ali Soveti Rəyasət Heyətinin sədri Adil-Gerey Taxtarov RSFSR Xalq Səhiyyə Komissarının Dağıstana gəlişi münasibətilə öz mənzilində nahar verirdi. Qonaqlar arasında digər yoldaşlardan başqa Leninqrad dalğıc məktəbinin rəhbəri kontr-admiral Skrqanov da var idi (məktəb Mahaçqalaya evakuasiya edilmişdi). Qələbə üçün tostlar deyildi, içdilər, yedilər, əyləndilər. Birdən  Skrqanov mənə ad və ata adı ilə müraciət etdi və dedi: “Sən özünü cənuba deyil, şimala – Moskvaya yönəlt”. Bu qeyd məni Dağıstanın Azərbaycana verilməsinin mənası və siyasi nəticələri haqqında ciddi düşünməyə vadar etdi və belə bir təklifə mənfi münasibətimi təsdiqlədi. Axı M.C.Bağırov yəqin ki, İ.V.Stalinlə söhbətinin məzmununu və Dağıstanı Azərbaycanın tərkibində görmək istəyini Əziz Əliyevə də çatdırmışdı. M.C.Bağırov Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin və Zaqafqaziya Cəbhəsi Hərbi Şurasının üzvü kimi təkcə Azərbaycanda deyil, Zaqafqaziya və Dağıstanda da böyük səlahiyyətlərə malik olan bir şəxs idi. Bundan əlavə, biz M.C.Bağırovu böyük, mötəbər bir yoldaş kimi 1937-1938-ci illərin tufanından sağ çıxmış tək-tük Qafqaz liderlərindən biri kimi tanımışıq. Üstəlik, onun cəbhə xəttinə çevrilmiş Dağıstanla bağlı niyyətini də səmimi olaraq yaxşı qəbul edirdik, ona böyük hörmət var idi. Bir dəfə Moskvada Ali Sovetin sessiyasından sonra axşam saatlarında Əziz Əliyev mənə və DMSSR Ali Soveti Rəyasət Heyətinin sədri Adil-Gerey Taxtarova dedi ki, M.C.Bağırov  bizi Moskvadakı evinə qonaq çağırır. Biz Əziz Əliyevin  təklifi ilə M.C.Bağırovun mənzilinə getdik. Onun kefi çox kök idi və dərhal belə bir şey dedi: “Mən Stalinin bağında onunla  nahar etdim. Dağıstanın Azərbaycana verilməsi məsələsi prinsipial olaraq həll olunub. Bunun üçün Stalinə bir qeyd yazın”. Biz  bir-birimizə baxdıq. Əziz Əliyev dedi ki, “Mir Cəfər Abbasoviç, sabah düşünüb bir qərar verərik”. Htelə qayıdandan sonra Əziz Əliyevə dedim ki, M.C.Bağırovun yanında deyirsiniz ki, qərar verərik, axı nə qərar verəcəyik ki, vilayət partiya komitəsinin plenumunun qərarı olmadan biz belə bir qeyd yaza bilmərik və razılaşdıq ki, o, bu barədə M.C.Bağırova desin. Bunun hansı formada çatdırıldığını bilmirəm, amma bundan sonra Bağırov mənə qarşı qəzəb və nifrət bəslədi, bunu sonrakı hadisələr də təsdiqlədi. Bağırov bizə zahirən bərabər münasibət bəsləyirdi. Lakin müharibənin sonrakı illərində bir daha Dağıstanda görünmədi”. Bütün bu qeyd edilənlər o dövrdəki prosesləri aydınlatmaq baxımından müstəsna əhəmiyyət daşıyır, gerçək mənzərəni gözlərimiz önündə canlandırır.

– Bir qədər əvvəlki sualda “Dədə Qorqud” dastanı ilə bağlı məqama aydınlıq gətirmənizi istəyirdim. Faktlar ard-arda düzlüdü və biz mövzudan bir xeyli kənarlaşdıq. Cəmil Həsənli müsahibəsində “Dədə Qorqud” dastanına toxunub və M.C.Bağırov tərəfindən onun təbliğinə qadağa qoyulmasından danışıb. Böyük Azərbaycan tərəfdarı olan bir şəxs bu dastanın təbliğini niyə qadağan etsin ki?

– Bir tarixi hadisəyə münasibət bildirmək üçün o dövrdə paralel baş verən hadisələr barədə də məlumatlı olmalıyıq. İkinci Dünya müharibəsindən sonra, 1945-ci ilin sentyabrında ABŞ qoşunları Cənubi Koreyaya girmişdi. SSRİ, ABŞ və Böyük Britaniyanın xarici işlər nazirlərinin Moskva müşavirəsinin (1945, dekabr) qərarına əsasən, Koreya müvəqqəti olaraq, 38-ci paraleldən Şimala Sovet, Cənuba ABŞ zonalarına bölündü. Sovet zonasında Şimali Koreya Xalq Demokratik Respublikası, cənubda isə Cənubi Koreya Respublikası yaradıldı. 1949-cu il oktyabrın 12-də KXDR ilə birinci diplomatik münasibətləri SSRİ yaratdı, iqtisadi-mədəni əməkdaşlıq haqqında müqavilə imzalandı. Lakin artıq atom silahını əldə etmiş SSRİ 1945-ci il Moskva müşavirəsində razılaşdırılmış bəndləri pozaraq, Şimali Koreyada yeni dövlət quruluşunun formalaşmasına şərait yaratdı. Bu da beynəlxalq ictimaiyyət, xüsusilə də, ABŞ tərəfindən kəskin etirazla qarşılandı. ABŞ SSRİ-nin bu addımına qarşı Birləşmiş Millətlər Təşkilatında xüsusi qətnamə qəbul etdirdi. 1950-ci il iyunun 25-də 16 dövlətin silahlı qüvvələri BMT-nin sülhməramlı qoşunları adı altında Cənubi Koreyadan Şimali Koreyaya doğru hücuma başladı. Bu qoşunların say tərkibinə görə, ABŞ-dan sonra ikinci sırada Türkiyə hərbi qüvvələri idi. Artıq Koreya cəbhəsində sovet əsgəri ilə BMT sülhməramlıları adı altında türk əsgəri üz-üzə gəlmişdi. Bax belə ictimai-siyasi kolleziyalar içərisində Stalin paroniyasına rəvac verməmək üçün hesab edilirdi ki, “Dədə Qorqud” un təbliği dayanmalıdır. Azərbaycan xalqı bu coğrafiyada 11-ci əsrdən deyil daha qədimdən mövcuddur xətti daha çox inkişaf etdirilirdi. Azərbaycan xalqının daha qədim xalq olduğunu göstərmək üçün antropoloq alimimiz Rəbiyyə Qasımovanın tədqiqatlarına xüsusi önəm verilməyə başlanıldı. Düşmənlərimiz bizə: “Siz köçəri xalqsınız, buraya Səlcuqlar dönəmində gəlmisiniz”, “Bu coğrafiyaya gəlmiş, Malazgirdən sonra Anadoluya getmisiniz”, – deyirlər. Axı Azərbaycanın hətta İslamiyyətə qədər də zəngin və qədim tarixi keçmişi olub. Yəni, Azərbaycan coğrafiyasında fərqli adlar altında olsa belə, dövlətlər olub və biz həmin o fərqli adlar daşıyan xalqların həm etnogenetik, həm də antropoloji cizgilərinin daşıyıcılarıyıq. Rəbiyyə xanım üzə çıxardı ki, Azərbaycan tarixinin 5 min illik yaşı var. Deməli, Mingəçevir su-elektrik stansiyası tikiləndə, Mir Cəfər Bağırova məruzə edirlər ki, orada çox qədim küplərdə, antropoloji materiallar tapılıb. Təklif olunub ki, dəryaçanın altında qalmasın deyə, həmin materiallar oradan götürülsün. O zaman Rəbbiyə xanım bu işlərlə məşğul olub və onun tədqiqatları rus antropoloji jurnallarında dərc edilib. Aydın olub ki, bunların beş min illik tarixi var.

– Əgər yanılmıramsa, Siz televiziya verilişlərinin birində də bu barədə söhbət açmışdınız. O zaman belə bir tədqiqatın Qərbi Azərbaycanın Göyçə mahalında, Göyçə gölü ətrafında aparıldığını bildirmişdiniz…

– Orada rus tədqiqatçıları çalışıblar. Rus tədqiqatçıları arxeoloji materiallar tapıblar və sonradan aydın olub ki, bunların nəinki ermənilərlə, hətta digər qonşu xalqlarla da heç bir əlaqəsi yoxdur. Faktiki biz aftoxon xalq olaraq, o keçmiş əcdadlarımızın genetik kodunu daşıyırıq. Azərbaycan elə bir coğrafiyada yerləşir ki, burada miqrasiyalar çulğalaşır. Bəli, Azərbaycan Avrasiyanın miqrasiya mərkəzidir. Məsələn, Xilafət dönəmində ərəblərin, yaxud da sonradan elə Səlcuqların, Teymurilərin, Hülakilərin hamısının qaynayıb-qarışdığı yerdir və bunların hərəsindən bir cizgi daşıyırıq. Amma bu bizə əsas vermir deyək ki, biz buraya XI əsrdə gəlmişik. Azərbaycan xalqının xristianlıq dönəmi də var, totem dönəmi də. Bax, biz öz tariximizə bu rakursdan, bu prizmadan yanaşmalıyıq. Bu da axırda öz məcmusunu nədə tapır? Əlbəttə ki, Azərbaycançılıqda. Strateji məqsəd isə Böyük Azərbaycançılıq olmalıdır. Ona görə də “Dədə Qorqud dastanı” məsələsi heç də Cəmil Həsənlinin təsvir etdiyi kimi deyil.

– Adıgözəl müəllim, sonda təşəkkür edirik ki, müsahibimiz oldunuz, tarixi keçmişimizdə baş verən bir çox hadisələrə aydınlıq gətirdiniz.

–  Siz sağ olun ki, müraciət etdiniz. Mənim üçün həmişə  xoşdur. Bu mövzu mənim tədqiqat obyektlərimdən biri olub. Amma sonda bir məsləyə toxunmadan mövzunu bağlamaq istəmirəm. Cəmil Həsənlinin tənqid atəşinə tutduğu digər məqam son günlər Mir Cəfər Bağırovla bağlı “Xəzər TV”-də efirə gedən filmdir. Mən təəccüb edirəm ki, bu filmdə çıxış edən bizim tarixçilərimiz niyə görə Cəmil Həsənliyə öz didiklərini sübut etmək üçün cavab vermirlər, susurlar. Bax bu bir təəccüblü məqamdır. Filmdə səsləndirilən fikirlərini ən azı əsaslandırmaq üçün niyə durub bu barədə indi  də fikir söyləmirlər. Bu, çox təəssüfedici haldır. Üzr istəyirəm, publikaya danışmaq olar, amma bu məqamda bəs niyə ortada yoxdurlar? O filmin həm yaradıcılarının, həm də xüsusən Cəmil Həsənlinin tənqid etdiyi fikirləri səsləndirən  müəlliflərinin susması mənim üçün açığı bir müəmmadır. Bu məsələnin bir tərəfidir. İkinci bir tərəfdən mənim də üzv olduğum Azərbaycan Yazıçılar Birliyinin çox saylı üzvləri var və təəssüf ki, onlar da susurlar. Əgər məsələ bizim  yazıçılarımızdan, orqanımız olan ədəbiyyat qəzetində gedən hər hansı çıxışlardan, yazılardan gedirsə, niyə görə bunlardan da  biri durub Cəmil Həsənliyə cavab vermir. Ona görə də bu məni həm çox təəssüfləndirir, həm də düşünməyədə vadar edir.

Visiontv.az