Bu həftə Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirildi. Ölkə üçün faydalı tədbir idi və 3 gün davam etdi. Lakin bu Forum “Texnofest” kimi şölənə, bayrama çevrilə bilmədi.
Əslində həmin günlərdə bütün ölkə bu tədbirdən danışmalı, Bakıya qonaq gəlmiş xaricdəki alimlərimiz hamının diqqət mərkəzində olmalıydı. Böyükdən kiçiyə hər kəs üç gün ərzində, necə deyərlər, elm havasına girməliydi, elmi yeniliklərlə nəfəs almalıydı. Ancaq çox təəssüf ki, sözügedən Forum kütləvi ajiotaj doğurmadı, populyar ictimai hadisəyə çevrilmədi, sosial şəbəkələrdə “trend”ə düşmədi.
Bunun səbəbi nədir?
Elm sahəsinin spesifik və biraz da qapalı sahə olmasıdırmı əsas səbəb?
Yox, elm sahəsi hər nə qədər spesifik sahə olsa da, lakin dünyada bir çox elmi qurumların və ayrı-ayrı alimlərin fəaliyyəti tez-tez gündəmi zəbt edir. Misal üçün, ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) heliofizika və astrofizika elmləri kimi çox spesifik sahələr üzrə dərin tədqiqatlardan tutmuş avtomatlaşdırılmış sistemlərinə qədər bütün fəaliyyətləri ilə və 18 min nəfərdən artıq əməkdaşı ilə daim dünya mediasının diqqət mərkəzindədir.
Həmçinin cürbəcür robotlar, insan beyni üçün çiplər, elektroavtomobillər, alternativ enerji yaradan günəş panelləri, enerji saxlama batareyaları istehsal edən yüksək texnologiyalar şirkəti “Tesla Motors” şirkətinin və ya Falcon 9, Falcon Heavy, Starlink, Dragon, Starship kimi kosmos missiyalı raketlər istehsal edən, maye yanacaqla işləyən kosmik raketi kosmosa göndərən “SpaceX” şirkətinin də, Amerika Kimya Cəmiyyəti (American Chemical Society), Amerika Elmin İnkişafına dəstək Assosiasiyası (American Association for the Advancement of Science - AAAS) kimi nüfuzlu elmi qurumların da, ən son elmi texnologiyalara əsaslanaraq PUA-lar istehsal edən Türkiyənin “BAYKAR Technology” şirkətinin də, innovativ elmi çalışmaları ilə dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalına çevrilən TEKNOFEST-in də xəbərlərini hər daim 7-dən 70-ə hamı xüsusi maraqla izləyir.
Deməli, problemin qaynağı, səbəbi elmin spesifikliyində, qapalılığında deyil.
Elm və təhsil naziri Emin Əmrullayev Forumdakı çıxışında qeyd etdi ki, hazırda Azərbaycanda elmin vəziyyəti ürəkaçan deyil.
Nazirin çıxışından əsas məqamları, özətləri gəlin bir daha nəzərdən keçirək:
“Elm haqqında müzakirə aparmaq elmlə məşğul olmaqdan daha asandır. Müzakirələr hərəkətə keçmirsə, biz inkişaf görə bilmərik. Biz elmlə bağlı rəqəmlərə baxdıqda vəziyyətin nə yerdə olduğunu bilərik. Rəqəmlər heç də ürəkaçan deyil. Elmin inkişafı üçün onilliklər lazımdır. Azərbaycanda elmlə bağlı ən böyük problemlərdən biri elmin ciddi bir tranformasiyadan keçməsidir. Azərbaycan 30 il ərzində kifayət qədər təlatümlü vəziyyətdən keçib. Vacib məqamlardan biri ölçüləbilən məqsəd müəyyən edilməsidir. Müasir elmi tədqiqatlar çox böyük maliyyə tələb edir. Amma biz daha uyğun sahələrdə nailiyyət əldə edə bilərik. Kifayət qədər çox ictimai müzakirə var. Amma onların içərisində elm çox azdır. Elmin səviyyəsi elmmetrik formatda ölçülə bilən məqalələr, sitatların sayı ilə müəyyən edilir. Bu, varsa, mənə görə elm var, bu, yoxdursa, çoxlu hay-küylü fikirlər varsa, onda sadəcə hay-küy var, elm yoxdur. Hay-küydən elmə gedən yolda nümunələr istəyirik. Nümunələr olduqca vacibdir. Bu hay-küylü fikirlərdən elmə gedən yollarda nümunələrə ehtiyac var. Elmlə məşğul olan insanları biz tanımırıq, görmürük. Hay-küydən elmə gedən yolda nümunələr istəyirik. Doğru elmlə məşğul olan alimlərin adını ancaq jurnallarda görürük. Həmin alimlərlə müzakirələrimdə bəzən suallar verirəm ki, niyə siz sosial mediada çox aktiv deyilsiniz, deyirlər ki, “buna vaxt yoxdur. Çünki biz tədqiqatla məşğuluq və həmin vaxtı tədqiqata sərf eləsək, daha yaxşı olar”. Xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycanda olan dövrdə məktəblərə gedib şagirdlərlə söhbət etməsinin böyük faydası ola bilər. Hesab edirəm ki, qısa müddətli mühazirələrlə yaxşı nəticə əldə etmək olmaz. Elmi əməkdaşlıq da çox mühümdür. Gənc doktorantların bir və ya iki illik xaricdə yaşayan azərbaycanlı alimlərin çalışdıqları laboratoriyalarda tədqiqatlara cəlb olunmasında fayda var”.
Göründüyü kimi nazir bu çıxışında elmin inkişafına mane olan bir sıra problemlərin, amillərin mövcudluğunu vurğulayıb. Ancaq ölkədə elmi mühitin olmaması və elmin populyarlaşdırılması, təbliği sahəsində lazımi səviyyədə iş görülməməsi onun diqqətindən yayınıb.
Elə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu kimi mötəbər bir tədbirin ölkə gündəmini zəbt edə bilməməsi də elmin populyarlaşdırılması və təbliğinə lazımi diqqətin yetirilməməsindən qaynaqlanır.
Əslində bu Forumun keçirilməsi ərəfəsində media və sosial şəbəkələr üzərindən geniş təbliğat-piar işləri aparılmalıydı. Və nəticədə bu Forum cansıxıcı rəsmi tədbir formatından çıxıb bir bayram ab-havası qazanmalı, sözün əsl mənasında hadisəyə çevrilməliydi.
Bəli, postİnsan erasında hər şey piarın üzərində qurulduğu kimi elm də piara əsaslanmalıdır.
Və ən əsası isə, elmin populyarlaşdırılması şou-biznesin, əyləncənin, estetik əməliyyatların, kofemaniya və qarınqululuğun, şopinqomaniyanın, tükəticiliyin (istehlakçılığın) təbliğindən önə keçməlidir. Xüsusən də televiziyalar şou əhlinin yox, elm əhlinin təbliğini özləri üçün prioritet elan etməlidir. Müğənnilərin, transgenderlərin efiri zəbt etdiyi, tiktokerlərin bütə, kumirə çevrildiyi və alimlərdən hörmətli olduğu cəmiyyətlərdə elm birincilik qazana bilməz. Qabaqcıl ölkələr 4-cü Sənaye İnqilabının nailiyyətlərinin geniş tətbiqinə hədəflənib, bizdə isə Albert Eynşteyni sosial şəbəkələrdə lağ edənlər nəsli yetişib. Bu da elmə və elm adamlarına münasibətimizin göstəricisidir.
Biz qalib ölkənin alimlərinin müxtəlif elm və texnologiya sahələrində Vətənimizin strateji planlarının hazırlanması və həyata keçirilməsində yaxından iştirak etmələrini istəyiriksə, yubanmadan elmin populyarlaşdırılmasına başlamalı və ölkədə gerçək elmi mühit formalaşdırmalıyıq.
Əlbəttə, biz bunun ilkin müsbət nəticələrini dərhal deyil, 5-10 ildən sonra görməyə başlayacayıq. Belə ki, Azərbaycan zamanla neft-qaz ölkəsi imicindən getdikcə tədricən xilas olacaq və bütün dünyada innovativ startaplar, ən son elmi-texniki yeniliklər ölkəsi kimi tanınmağa başlayacaq. Və bu heç də əlçatmaz xəyal deyil. Bəli, bir gün bu ölkədə alimlər də kumirə çevriləcək. Mütləq çevriləcək.
P.S.
Əfsuslar olsun ki, bizim ölkəmizdə elmin piarına hələ də ciddi önəm verilmir. Bu işlə ümumiyyətlə, heç kim məşğul olmur. Bəzi postsovet ölkələri isə həm ölkə daxilində, əhali arasında elmin populyarlaşdırılması məqsədilə, həm də milli elmi nailiyyətlərin xaricdə təbliği üçün yerli və əcnəbi piar təşkilatlarına külli miqdarda maliyyə vəsaiti ayırırlar.
P.P.S.
21-ci əsr əvvəlki əsrlərdən daha amansızdır. Və bu əsrdə yalnız elmə, yeni texnologiyalara söykənən dövlətlər və millətlər ayaqda qala biləcək.
Bəybala Mirzəyev
visiontv.az