Bir alimi vurmaq
29.03.2025

Onu 27 yaşında vurdular.

Çanaqqalada, Gelibolu yarımadasında, Türkiyədə.

Osmanlı ordusunun snayperi karabinin optik nişangahında vuracağı gəncin necə böyük bir zəka sahibi olduğunu bilmirdi. Bilsəydi, tətiyi çəkərdimi? Heç şübhəsiz ki, çəkərdi. Çünki cəng gedirdi, tərəddüd belə etməzdi.

1915-ci ilin isti yay günü idi. Birinci Dünya savaşı davam edirdi...

Henri Mozli (1887-1915) görkəmli ingilis fizikidir, rentgen spektroskoplasının əsasını qoyub, 25 yaşında fizikanın bir qanununa onun adı verilib.

Əfsanəvi İton Kollecini bitirib, daha sonra Mançester və Oksford universitetlərində təhsil alıb. Dahi ingilis fiziki E.Rezerfordun tələbəsi olan Mozli bəzi kimyəvi elementlərin yaydığı rentgen şüaları dalğalarının uzunluğu ilə elementlərin atom nömrələri arasındakı əlaqəni kəşf edib, elementlərin xüsusiyyətlərinin atom ağırlıqlarına deyil, atom nömrələrinə görə bağlı olduğunu göstərib. Mendeleyevin 1869-cu ildə natamam olaraq təklif etdiyi elementlərin cədvəli onun tərəfindən elmi zəminə oturdulub (bu səbəbdən də rus kontentində Mozli haqda çox az məlumat var). H.Mozlinin kəşfi kimyəvi elementlər cədvəlinin bünövrəsini təşkil etdi.

Birinci Dünya müharibəsinin başlaması ilə Mozli könüllü olaraq ingilis Kral ordusuna yazılır. Rabitəçi olaraq kapitan rütbəsində cəbhəyə gedir. Müttəfiq dövlətlər 18 mart 1915-ci il tarixində Çanaqqala savaşında türk birlikləri ilə savaşda ağır məğlubiyyətə uğrayırlar, ingilislər qalan qüvvələri ilə sonuncu hərbi avantüraya baş vurur. Mozlinin olduğu hərbi birləşmə Sarıbayır hərəkatında Anafartalar qrup komandanı albay Mustafa Kamal (gələcəyin Atatürkü) və onun əsgərləri ilə qarşı-qarşıya gəlir...

Henri Mozli 10 avqust 1915-də vurulur. Məzarı da vurulduğu yerdə – Çanaqqaladadır.

Elm tarixçilərinə görə, Mozli savaşda həlak olmasaydı, atom və nüvə fizikalarının inkişafında misilsiz işlər görəcəkdi. Ayzek Azimov (İsaak Asimov) onun ölümü haqqında belə yazıb:

“Mozli ölməsəydi, daha hansı kəşflər edə biləcəyi baxımından... onun ölümü bəşəriyyət üçün müharibədəki ən böyük yeganə itki idi”.

Çox sarsıdıcı və dərin cümlədir məncə...

İbrahim Nəbioğlu

visiontv.az 



Gündəlik

slide 7 to 10 of 8