Azərbaycan dini dövlət deyil, milli dövlətdir
Azərbaycan dini dövlət deyil, milli dövlətdir
05.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

Son günlər Türkiyədə bəzi dindar çevrələrin Azərbaycanla bağlı sərgilədiyi etiraz dalğası əslində iki ölkə arasındakı dinə baxış fərqini ortaya qoyur.

Azərbaycan nə İslam dövlətidir, nə də ölkəni dindarlar idarə edir. Bu hətta Konstitusiyanın 18-ci maddəsində də təsbit olunan hüquqi faktdır. Azərbaycan dünyəvi dövlətdir. Dövlət dindən ayrıdır, məktəb dindən ayrıdır. Bu model Türkiyədəki dünyəvilikdən daha sərtdir.

Səbəb fikrimcə coğrafiya və kimlikdədir. Azərbaycan Yaxın Şərqdə yox, Qafqazda yerləşir. Qafqazda din heç vaxt Səudiyyədə və ya İranda, hətta Türkiyədəki kimi olmayıb. Burda Türk sufiliyi, Əhli-Beyt sevgisi və milli kimlik bərabər addımlayıb. Bizdə din məsciddə qalıb, evdə, toyda, hətta yasda belə milli adət üstün olub. Çünki Azərbaycan türkünün tarix boyu kimliyi din üzərində yox, millət üzərində qurulub. Azərbaycan Xalq Cümhuriyyətindənbu günə qədər mübarizə "müsəlman olmaq" üçün deyil, "azərbaycan türkü olaraq qalmaq" üçün aparılıb. Ona görə də bu coğrafiyada İŞİD, Müsəlman Birliyi, Hüseyniyyun, Nurçuluq kimi radikal dini cərəyanlar sosial baza tapa bilmədi. Dövlət də sərt nəzarət etdi, bəli razıyam, amma etiraf edək ki, cəmiyyət də qəbul etmədi. Amma

Türkiyədə din siyasətin bir parçasıdır. Siyasi partiyaların dini bazası var, təriqətlər seçkiyə təsir edir. Bizdə isə belə şeylər yoxdur. Bizdə dindar var, amma təriqətçi kütlə yoxdur.

Ona görə də Türkiyədəki bəzi qardaşlarımız Azərbaycana öz pəncərələrindən baxanda səhv edirlər. Azərbaycanda qız məktəbə hicabla buraxılmayanda bunu İslama hücum kimi görürlər. Halbuki bu, Azərbaycanda 1930-cu ildən bəri mövcud olan dünyəvi təhsil modelidir. Dünən Prezident İlham Əliyev YAP qurultayında dedi: "Bizim ideoloji məkanımız yad ünsürlərdən azad olmalıdır".

Fikrimcə bu yad ünsür bəzən Qərbdən gələn "azadlıq", bəzən də şərqdən gələn radikal dindarlıqdır.

Bu istiqamətdə bir təhlükəni də deyim. Türkiyədəki dini elita bir həqiqəti anlamalıdır. Azərbaycanda süni şəkildə radikal İslamın ayaq açması avtomatik olaraq İranın əlini gücləndirir. Azərbaycan əhalisinin mütləq çoxluğu şiə məzhəbinə mənsubdur. Amma İran şiəliyi ilə bizim şiəliyimiz arasında dağlar qədər fərq var. Bizdə şiəlik ayətullah vilayətini qəbul etmir. Bu baxımdan dinin radikal qanadına bir az yol tanınsa İran bu bölgəni Suriya, İraq, Yəmən, Livan kimi xaraba qoyacaq. Yəni Azərbaycanda dünyəviliyi zəiflətmək, Türkiyənin yox, İranın regionda nüfuzunu artırması deməkdir.

Ankara bunu görməlidir. Azərbaycanı sevmək, onu Ərəbistana və ya İran tipli bir dövlətə çevirməyə çalışmaq deyil. Azərbaycanı olduğu kimi dünyəvi, türk kimlikli, Qafqaz müsəlmanı kimi qəbul etməkdir.

Əslində bizim modelimiz məncə daha uğurludur. Məscidimiz də var, kilsəmiz də, sinaqoqumuz da. Amma dövləti hamı üçün ortaq olan milli kimlik idarə edir, din yox.

Şöhrət El-Dəniz

visiontv.az