Avroparlamentin sabiq vitse-prezidenti: "Azərbaycandan öyrənəcəyimiz dərslər var"
12.03.2026

"Bu forum həqiqətən çox önəmlidir və kritik bir dövrdə keçirilir. Hazırda Azərbaycan geosiyasi məsələlərin mərkəzindədir, həm də dünyada böyük təsirə malik olan bir konfliktin qonşuluğundadır".

Bu sözləri  XIII Qlobal  Bakı Forumunda iştirak edən Parlament  Qadınlarının Qlobal  Forumunun prezidenti, Avropa  Parlamentinin sabiq vitse-prezidenti Silvana Koch-Mehrin deyib.

O,  Azərbaycanın həm enerji istehsal edən ölkələrdən biri kimi, həm də keçid enerjisi sahəsində mühüm rol oynadığını bildirib:

"Beləliklə, bizim həm də  Azərbaycan kimi mühüm bir sülh sazişi imzalamış ölkədən öyrənəcəyimiz dərslər var. Bütün bunları nəzərə alsaq, forumun belə bir zamanda Bakıda keçirilməsi çox vacibdir".

"Onu da qeyd etməliyəm ki, İran və digər ölkələr arasındakı konfliktin daha da gərginləşməsi nəticəsində yaranacaq təsirlər çox böyükdür. Məsələn, artıq  Vyetnamda insanlardan enerjiyə qənaət etmək üçün lift əvəzinə pilləkənlərdən istifadə etmələri tələb olunur. Avropada isə sənayeləşmiş bir qitə olaraq enerji axınlarının davam etməsi həyati əhəmiyyət daşıyır. Əks təqdirdə həll yolları tapılmayana qədər həm qaçılmaz, həm də gözlənilməz nəticələr böyük fəsadlara yol aça bilər", - deyə sabiq vitse-prezident əlavə edib.

visiontv.az