"Azərbaycanda bu il (2024-2025) 105 ölkədən 11 minə yaxın tələbə təhsil alır".
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu "Elm və Ali Təhsilin" Beynəlmiləlləşməsi forumunda çıxışında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov deyib:
"Siyahıda TOP 10-luqda 4 min 338-i Türkiyə, 1213-ü Pakistan, 1103-Ü İran, 1044-ü Gürcüstan, 1002-si Rusiya, 417-si Hindistan, 219-u Suriya, 152-si Nigeriya, 122-si Çin, 112-si Qazaxıstandan gələn tələbələrdir".
O həmçinin bildirib ki, Azərbaycan vətəndaşlarının xaricdə təhsilini dəstəkləmək məqsədilə həyata keçirilən proqramlar çərçivəsində, bakalavr səviyyəsində 125, magistratura səviyyəsində isə 375 nəfər təqaüd qazanıb:
"Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinin 101 ali təhsil müəssisəsində ümumilikdə 981 azərbaycanlı tələbə təhsil alır. Azərbaycan vətəndaşları üçün dövlət hesabına xaricdə təhsil imkanları, həmçinin Hökumətlərarası Dövlət Təqaüd Proqramı (HDP) çərçivəsində də təklif edilir: "Hazırda HDP çərçivəsində 9 ölkə ilə əməkdaşlıq həyata keçirilir. Cari tədris ilində HDP çərçivəsində müraciət edənlərin sayı 1000-dən çox olmuşdur və onlardan 188 nəfər müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.
HDP çərçivəsində ən cəlbedici proqramlar Macarıstan və Çin ilə bağlıdır. Bununla yanaşı, cari tədris ilində Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında artan iqtisadi, siyasi və mədəni əməkdaşlıqlar çərçivəsində də layihələrdə canlanma müşahidə olunur. Belə ki, cari tədris ilində ilk dəfə 7 nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb".
Müjdat Həsənov deyib ki, hazırda 500-dən çox azərbaycanlı tələbə adıçəkilən ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsilini davam etdirir:
"HDP çərçivəsində xaricdə təhsil alan azərbaycanlılar əsasən iqtisadiyyat və idarəetmə, humanitar və sosial elmlər, texniki və texnoloji sahələr, təbiət elmləri və digər istiqamətlər üzrə ixtisaslaşır. Beynəlxalq mübadilə proqramlarında iştirak məsələsinə gəldikdə, hazırda 18 yerli ali təhsil müəssisəsi bu cür proqramlara fəal şəkildə qoşulub".