Azərbaycan Milli Hərəkatının fəal üzvü Abbas Lisani, bugün - 19 Məhərrəm 1403-cü il tarixində İranın məhkəmə sistemi vasitəsilə elektron bildiriş aldı. Bu bildirişdə Abbas Lisani, Ərdəbil İnqilab Məhkəməsinin icra şöbəsinə çağırılıb.
Bildirişə əsasən, tanınmış türk fəalın işinə dair qərar belədir: "Sizin işinizlə bağlı, 10 gün ərzində pul cəriməsini ödəmək üçün bu şöbəyə müraciət etməyiniz vacibdir. Müəyyən edilmiş müddət ərzində müraciət etdiyiniz təqdirdə 20 faiz cərimə endirimi tətbiq edilə bilər."
Abbas Lisaninin bu çağırışa səbəbinin, onun Yəzd şəhərində məcburi yaşayış cəzasına tabe olmamağı ilə bağlı olduğu ehtimal edilir. İranın Cəza Qanununun 24-cü maddəsinə əsasən, məhkum cəzanın tətbiqi müddətində hökmə əməl etməzsə, məhkəmə hökmü icra edən hakimin təklifi ilə ilk dəfə üçün əlavə cəza müddətini üçdə bir nisbətində uzada bilər. Təkrar hal baş verərsə, qalan cəza müddəti həbs və ya yeddi və ya səkkizinci dərəcəli pul cəriməsi ilə əvəz edilə bilər.
Abbas Lisani daha öncə Yəzd şəhərində məcburi yaşayış cəzası ilə bağlı açıqlama verərək demişdi: "Əgər imkanım olsa belə, heç bir zalım hökmə könüllü olaraq tabe olmayacağam." Onun yaxınlarının sözlərinə görə, Lisani cərimənin məbləğindən asılı olmayaraq bu hökmə də tabe olmayacaq, hətta bu həbs cəzasına çevrilsə belə.
Abbas Lisani 2 İsfənd 1401-ci ildə, dörd il iki aylıq həbsdən sonra və geniş əfvin elan edilməsindən sonra sərbəst buraxılmışdı. Ərdəbil həbsxanasının 7-ci (təhlükəsizlik) bölməsindən azad edilərək, iki il müddətində Yəzd şəhərində məcburi yaşayış cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələrinin müşayiəti ilə oraya göndərilmişdi. Lakin Yəzdə çatdıqdan və azad edildikdən sonra ailəsi ilə əlaqə saxlayaraq məcburi yaşayış cəzasına əməl etməyəcəyini açıqlamış və milli fəalların istiqarşılanması ilə Ərdəbilə, öz evinə qayıtmışdı.
12 İsfənd 1401-ci il tarixində, Abbas Lisani evində toplaşan onlarla yazar, şair və türk siyasi fəallara müraciət edərək, geniş əfv fərmanına toxunaraq bildirmişdi: "Bu əfv deyildi. Bu, xalqın iradəsi qarşısında geri çəkilmə idi."
visiontv.az