Zelenski ölkədə prezident seçkilərinin keçirilməsi şərtini açıqlayıb
13.10.2026

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə prezident seçkilərinin keçirilməsi şərtini açıqlayıb. O, Amerikanın "ABC News" telekanalına müsahibəsində bildirib ki, bunun üçün döyüşlər 60 gün müddətinə dayandırılmalıdır.

"Prezident Trampa və onun komandasına dəfələrlə demişəm: seçkilər yolu ilə hansısa dəyişiklik istəyirlərsə, (Rusiya prezidenti Vladimir) Putinə desinlər ki, bizə iki ay, yəni 60 günlük tam atəşkəs versin, biz də seçkiləri keçirək. Əlbəttə ki, xalqımızın, Ukrayna xalqının istənilən seçiminə hazırıq", –Zelenski "ABC" telekanalının aparıcısı Conatan Karla söyləyib.

Ukrayna prezidenti müharibə dövründə seçki keçirməyin qanunla qadağan olunduğunu da xatırladıb: "Amma əsas məsələ budur ki, bundan ötrü təhlükəsiz infrastruktur yaradılsın və insanlara səs vermək imkanı tanınsın. Nə vaxt, necə və kimə səs verəcəklərinə ukraynalılar özləri qərar verirlər".

Oktyabrın 10-da ABŞ prezidenti Donald Tramp Ukrayna prezidentliyi postunda yeni şəxsi görmək istədiyini deyib. Onun fikrincə, Zelenski Rusiya ilə müharibəni bitirmək üçün yetərincə səy göstərmir.

visiontv.az