İnternetsiz yaşamın artıq mümkün olmadığı dövrdə uşaqların bundan istifadəsinə nəzarət etmək həm də zərurətə çevrilib. İnternetin faydaları ilə bərabər fəsadları da məlumdur, xüsusən də azyaşlılar üçün. Uşaqlar yaşlarına uyğun olmayan saytlara daxil olur, yetkinlik yaşına çatmadan sosial şəbəkələrdən istifadə edirlər, özləri haqqında məlumatlar, fotolar paylaşır, tanımadıqları insanlarla internetdə ünsiyyət qururlar.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən informasiya – kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasovun sözlərinə görə, valideynlərin övladlarının internetdən istifadəsinə nəzarət etməsi çox önəmlidir:
“10 ildən artıqdır ki, ailə qoruma proqramları mövcuddur. Bunlar həm ayrıca tətbiqlər şəklində, həm də “Microsoft”un, “Android”in və digər böyük sistemlərin tərkibində var. İnsanlar bilməlidirlər ki, hazırda bir çox sosial şəbəkələr müxtəlif təkliflər təqdim edir. Burada təhlükəli ssenarilər də var. Məsələn “mavi balina” oyunu var idi, mediada intiharlara səbəb olduğu xəbərləri yayılmışdı”.
Ekspert qeyd edib ki, sosial şəbəkələrin azyaşlılar üçün bir sıra məhdudiyyətləri var:
“Sosial şəbəkələrdə müəyyən yaşa qədər mesajlaşma bölməsi açıq olmur. Düzgün qeydiyyat aparılıbsa, yeniyetmə 15-16 yaşına qədər söhbət bölməsindən istifadə edə bilmir. Valideyn övladının burada qeydiyyatdan keçməsinə nəzarət etməlidir. Uşaqlar qeyri-etik, pornoqrafik saytlara daxil olurlar. Buna ciddi nəzarət edilməlidir. Həmçinin uşaqlar kibergigiyena qaydalarından da xəbərdar olmalıdır ki, daha sonra təhlükə ilə üzbəüz qalmasınlar, nəyinsə qurbanı olmasınlar”.
E.Abbasov bildirib ki, bu gün qlobal təhlükələr demək olar ki, ancaq internet və sosial şəbəkələr üzərindən yayılır:
“Əvvəllər təhlükəli trendlər yazılı reklamlar vasitəsilə yayılırdısa, indi bu, internet, xüsusən də sosial şəbəkələrdə baş verir. Valideynlər övladlarını mənəvi və psixoloji sağlam böyütmək üçün mütləq onların internet resurslarından istifadəsinə xüsusi diqqət ayırmalıdırlar. Ailə qoruma proqramları ilə telefonlara, kompüter və planşetlərə nəzarət mümkündür. Həmçinin onlarla maarifləndirici söhbətlər aparılmalıdır”.
Visiontv.az