Səbəbkar cənab Prezidentdir!
Səbəbkar cənab Prezidentdir!
24.12.2021 Alqış Musayev Tərəfindən

Tanıyıb bilən hər kəs məni İlham Əliyevin ardıcıl və prinsipial tərəfdarı bilir.

Bütün həssas dönəmlərdə öz siyasi mövqeyimdən bir millimetr belə geri çəkilmədim.

Və mən bundan hədsiz qürur duyuram.

Amma.

Bu yerdə xüsusi qeyd etmək istəyirəm ki, İlham Əliyevin tərəfdarı olmağımın səbəbkarı məndən daha çox Cənab Prezidentin özüdür.

Səbəblər hansılardır?

1. İlham Əliyev milli liderdir.

Ölkəsinin maraqlarını kimsəyə güzəştə getməz!

Özünün dediyi kimi, istənilən qüvvəylə, hətta qeyri-bərabər imkanlarla döyüşməyə hazırdır.

2. Mübarizəsində, ictimai-siyasi baxışlarında ardıcıldır.

2018-ci ildə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev yazmışdı ki, İlham Əliyev 15 ildir eyni şeyləri deyir.

Onda mən cavab yazmışdim:

Bu, əsl liderlik keyfiyyətidir.

İlham Əliyevdən fərqli olaraq onun müxalifləri iki gündən bir özlərini təkzib edirlər.

15 ildə bir-birinə zidd olan yüzlərlə “fikir” söyləyiblər...

3. İlham Əliyev Azərbaycan dövlətçiliyinə sahib çıxmış bir hakimiyyətin siyasi varisidir.

Heydər Əliyevin Azərbaycan naminə apardığı mücadilənin davamıdır.

Bu mübarizədə, bu davada İlham Əliyev haqlıdır.

Haqlı olduğu qədər də güclüdür.

4. Onun qeyri-adi siyasi fəhmi var.

“Nəyi nə zaman və necə etməyi mən bilirəm” deyimi adi bəlağət deyil, praktikada dəfələrlə bəraət qazanmış bir qənaətdir.

5. Prezidentin Heydər Əliyevdən əxz etdiyi ən ümdə keyfiyyət hansıdır sualına belə cavab vermişdim:

Təmkin!

Təmkin siyasi liderin keyfiyyət nişanıdır.

Təbii ki, İlham Əliyevin təmkini adi məişət səbri deyil, strateji məzmun daşıyır.

Strateji təmkin odur ki, sən ölkənin daxilində və ətrafında gedən prosesləri zərgər dəqiqliyi ilə təhlil edib uzlaşdıra bilir, əlverişli geosiyasi vəziyyətin yetişməsini gözləməyi bacarırsan. Strateji təmkin bəzən günlərlə, aylarla deyil, illərlə, on illərlə gözləməyi tələb edir.

Bu yerdə mən müqayisə olaraq yox, fakt kimi bir tarixi hadisəni oxucuların diqqətinə çatdırmaq istərdim. Bu gün Türk Dünyasının mənəvi-siyasi mərkəzlərindən biri sayılan İstanbul Fateh Mehmetin topuyla, tüfəngiylə bərabər, həm də daha çox strateji təmkini hesabına fəth edilib. Yəqin, bilirsiniz ki, onun bir vəziri vardı - Xəlil Paşa. Xəlil Paşa özündənrazı, maddi cəhətdən zəngin bir adam idi. Mehmeti də sevmirdi. Hesab edirdi ki, o özü daha təcrübəlidir və dövləti idarə etməyə layiqdir. Tarixdən bəllidir ki, Xəlil Paşa Mehmetin hakimiyyətə gəlməsini də əngəlləməyə çalışırdı. Xəlil Paşa Mehmetin atası II Muradın da vəziri olmuşdu. II Murad xəstə olarkən oğlu Mehmeti taxta çıxarmışdı. Amma Xəlil Paşa əlindəki imkanlardan istifadə edib buna mane ola bildi. II Murad məcbur olub yenidən taxta qayıtmışdı.

İkinci Murad vəfat edəndə Xəlil Paşa Osmanlıda vəziyyəti gərginləşdirib hakimiyyəti ələ keçirmək istəyirdi. Elə bu məqsədlə də İkinci Muradın ölüm xəbərini Mehmetə çatdırmaq üçün qasidi atla yox, qatırla göndərmişdi ki, gənc Mehmetin paytaxta dönüşü yubansın, nəticədə Xəlil Paşa vəziyyəti öz xeyrinə dəyişə bilsin.

Onun bu niyyəti baş tutmadı, Mehmet taxta çıxdı. Hamı gözləyirdi ki, Mehmet Xəlil Paşanı dərhal cəzalandıracaq. Ancaq gözləntilərin əksinə olaraq, Mehmet Xəlil Paşanın səlahiyyətlərini bir az da artırdı. Baş vəzir, indiki dildə desək, Osmanlı administrasiyasının rəhbəri təyin etdi.

Mehmetə o da məlum idi ki, Xəlil Paşa altdan-altdan Bizansa işləyir, Bizans hökumətindən mütəmadi olaraq hədiyyə adıyla rüşvət qəbul edir. Mehmet təmkinlə gözlədi, nəhayət, İstanbul fəth olunan günün axşamı Xəlil Paşanı edam etdirdi...
Belə ki, bəzən “İstanbulun fəthi” naminə bəzi xəyanətlərə dözüb, xəyanətkarları da yola vermək lazım olur...
6. İlham Əliyev fövqəladə dözüm sahibidir.

Əli, vicdanı qanlı, uşaq qatili Sarkisyanla, Köçəryanla üzləşəndə belə soyuqqanlılığını qoruyub saxlayır.
Heç bir daxili duyğusunu büruzə vermədən dövləti, xalqı, məmləkəti adına gərəkən işi görür.
7. 18 il ərzində əlahiddə dəyanət nümayiş etdirib və etdirir.

Yeri gəlirsə, supergüclərə “bu mənim dövlətimin maraqlarına uyğun deyil”,- deyə yox deməyi bacarır, vaxt qazanır daha əlverişli mühitin yetişməsinə qədər...

8. Demokratik dəyərlərə münasibətdə çevik və sərrastdır.

“Biz hamını yaxşı tanıyırıq, heç kim mükəmməl deyil!”.

9. Məqsədyönlüdür.

Seçdiyi hədəfin üzərinə qətiyyətlə addımlayır.

Gecikmədən və tələsmədən.

10. Təvazökardır.

Gerçəkdən bir çox hallarda gördüyü işləri reklam etdirmədən xalqı və dövləti üçün lazım olan addımları atır.

Davranışında, tərzində heç bir təşəxxüs, təkəbbür əlaməti yoxdur.

11. İncə yumor hissi var.

Az sözlə geniş və faydalı bir mənzərə yaradır.

Məsələn, müsahibələrinin birində deyir ki, Turqut Özal rəhmətə getmişdi. Dəfn törənində iştirak etmək üçün gedən Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev VİP solununda əyləşmişdi. Bu zaman Azərbaycan prezidenti Əbülfəz Elçibəy salona daxil oldu. Heydər Əliyev ayağa qalxıb onu salamlayarkən Əbülfəz bəy “Qalxmayın, əyləşin, Heydər bəy” dedi . Atam isə “Mən Azərbaycan prezidentinin qarşısında dayanmışam” ,- deyə cavab verdi. Halbuki o vaxt Əbülfəz Elçibəyin vəzifəyə təyin etdiyi adamlar əlləri cibində saymazyana dayanmışdılar.

Bu, “Heydər Əliyev Milli Məclisin iclaslarına gələndə mən ayağa qalxmırdım” deyib, öyünən “dərrakə” sahiblərini ifşa edən, düşüncələr arasındakı fərqi böyük ölçülərlə göstərən unikal bir mətndir.

12. Tələbkardır. Xüsusilə də özünə qarşı.

Böyük türkoloq-alim, mərhum Tofiq Hacıyev mənimlə söhbətində dedi ki, fikir vermişəm “yevrovijion” (“eurovision”) sözünü Azərbaycan dilində ən dəqiq və düzgün tələb edən İlham Əliyevdir - Avroviziya.

Bu münasibət Prezidentin dilimizə sayğısını göstərməklə bərabər, Prezidentin həmişə öyrənməyə meyilli olmasından xəbər verir.
Bu da əsl liderlik keyfiyyətidir!

13. Həmişə formada olmağa üstünlük verir.

Hərbi hissələrin birində açılış zamanı ağırlıq daşlarını qaldıraraq deyir ki, həmişə formada olmaq vacibdir. Əlbəttə ki, Prezident təkcə fiziki göstəriciləri nəzərdə tutmurdu.

Ümumiyyətlə, siyasətçi-lider öz formasına ciddi və müntəzəm nəzarət etməlidir.

Prezidentin 60 yaşı tamam olur.

60 yaş zəngin təcrübə, üstəlik, intellekt, siyasi bilgilər deməkdir.

Amma bunlara rəğmən, İlham Əliyev daim təkmilləşməyə meyillidir.

14. Ona məxsus mətnlərdə təsadüfi ifadə, artıq söz, kənar cümlə yoxdur.

Hər söz bir xarakter, hər cümlə bir istiqamətdir.

Ümumiyyətlə, liderin, siyasətçinin dili xüsusi tədqiqat mövzusudur.

1998-ci ildə ANS-in müxbiri fiziki təzyiqə məruz qalmışdı.

Ziyalıların Prezidentə müraciətinə qoyduğu dərkənarda Heydər Əliyev yazmışdı: “Bu hadisə məni hiddətləndirdi. Təcili araşdırıb mənə məruzə edin”.

Hiddətlənmək sözü xarakterdən irəli gələn bir seçimdir.

Təbii ki, Əbülfəz Elçibəy olsaydı, “bu hadisə məni məyus etdi” yazacaqdı...

15. İlham Əliyev həm də ali müəllimdir.

Ustad dərsləri verir.

O, dövlətçilik əxlaqının hələ oturuşmadığı, xarakterinin kövrək olduğu bir cəmiyyətlə işbirliyində olduğunun fərqindədir.

Ona görə də öyrədir, təlqin edir, düz yol göstərir, səhv yoldan çəkindirir.

Və yeri gələndə bağışlayır.

Çünki demokratik anlamda bağışlamaq ən ağır cəza və ən müdrik tərbiyə üsuludur.

Bəzən orta statistik göstəricili azərbaycanlının ilk baxışdan dərk edə bilmədiyi səhnələrlə rastlaşırıq.

Prezident zamanında Ulu Öndərimizə və şəxsən onun özünə qarşı böyük haqsızlıqlar etmiş şəxslərlə eyni məkanı bölüşür, tədbirlərə dəvət edir, onlarla birlikdə foto çəkdirir və sair.

O sübut edir ki, hər bir azərbaycanlının Prezidentidir. Onu sevənlərin də, ona müxalif olanların da, ona haqsızlıqlar edənlərin də.

İlham Əliyev belə hallarda müdrik Ağsaqqal, əsl Dövlət BABA kimi davranır.

16. Heç vaxt hissə qapılmır.

Özünün dediyi kimi, bir ölkə, bir xalq, bir dövlət qarşısında məsuliyyət daşıdığı üçün emosiyaları, hissləri həmişə qapı arxasında saxlayır.

18. İlham Əliyevin görünən işləri var.

Tikir, qurur, Ordu yaradır, döyüşür, vuruşur!

Qarabağı azad edir!

Şuşanı yenidən yaradır!

Məscidləri bərpa edir, divar hörür!

İşğaldan azad etməklə kifayətlənməyib, həmin əraziləri qarış-qarış, addım-addım gəzir, ziyarət edir.

Bütün bunlar göz önündədir.

İlham Əliyevin görünməyən, düşüncə olaraq dərk edilməli olan xidmətləri daha böyük, daha möhtəşəmdir.

Bu, Azərbaycan dövlətçiliyi qarşısında, tarix qarşısında müstəqilliyin bərpasına, Şuşanın azad edilməsinə bərabər bir xidmətdir.

İlham Əliyev 18 ildə Azərbaycanın siyasi müstəqilliyini dövlət, Azərbaycan dövlətini dövlətli etməyi bacardı.
Biz Qarabağı ona görə azad edə bildik ki, dövlət ola bildik, dövlətli olduq!

İlham Əliyev Azərbaycan dövlətinin kultunu yaratdı.

92-ci ildən başlayan xaos bir çox təbəqədə Azərbaycan dövlətçiliyi haqqında aşağılayıcı fikirlər formalaşdırmışdı.

Dövlətlə təhdid dilində danışmaq, barmaqla “razborka” etmək kimi bu günümüzə də gəlib çatan fəsadların kökü həmin dövrlərə gedib çıxır.

Hələ indinin özündə də belələri var.

İlham Əliyev “dövlət vətəndaşa xidmət etməlidir, dövlət vətəndaşın yanında olmalıdır” deyir.

Eyni zamanda, dövlətlə vətəndaş arasındakı məsafənin ölçülərini dəqiqləşdirir.

Vətəndaş yanında olduğu qədər də dövlət əlçatmaz olmalıdır.

Heç kim dövlətə əl qaldıra bilməz.

Vətən bölünməz.

Şəhidlər ölməz.

Dövlət toxunulmaz.

19. Onun səfərləri, səfərlərin yeri və vaxtı da xüsusi məna daşıyır.

Milli Dirçəliş Gününü işğaldan azad edilmiş Xudafərin körpüsündə Mehriban Əliyeva ilə birlikdə qeyd edir.

Respublika Günündə Şuşaya səfər edir.

Zəngəzurun qapısı sayılan Zəngilanı diqqət mərkəzində saxlayır.

Nəyi harada deməyi ölçüb-biçir.

“Burada - Araz çayının kənarında deyirəm: Azərbaycan xalqına qarşı olan əsassız ittihamlar cavabsız qalmayacaq”.

Və cavabsız qalmır.

Qonşularımız tədricən ağıllanırlar.

İlham Əliyev təkcə “ağıllı kənd” yaratmır. Həm də “ağıllı qonşu” proyektini uğurla gerçəkləşdirir. Və tarix yazır.

20. İlham Əliyev ictimai-siyasi hitlərin müəllifidir.

Siyasi leksikonumuza “forpost” ifadəsini Prezident daxil edib.

Ermənistanın forpost adlandırılmasının altmənası var. Bu ifadə bölgədəki gərginlik, Qarabağ problemi haqqında dəqiq təsəvvür yaradır.

“Qarabağ Azərbaycandır” nidası bölgənin həyatını və tarixin gedişini dəyişən bir ifadədir.

Əziz sözü heç kimin dilində bu qədər möhtəşəm səslənməyib.

“Əziz Şuşa, sən azadsan!”

21. O, ölkəsinə ünvanlanan ittihamları cavabsız saxlamır.

Ancaq şəxsinə yönələn böhtaların üzərindən sükutla keçir.

İlham Əliyevin təmkini, sükutu istənilən müxalifyönlü bəlağətdən, pafosdan gur və ahəngdar səslənir.

O, təmkini ilə danışdırır, təmkini ilə susdurur.

Təmkini ilə məğlub edir.

Və bilir ki, ona olan bu “hücumlar” bircə cümləlik müqavimət imkanından belə məhrumdur.

“Bu cür çirkin söhbətlərin mənim və xalqım üçün heç bir mənası yoxdur”.

22. Bu həm də tale-qismət, tarixi təyinat məsələsidir.

O, lider olmaq, siyasətin generalı olmaq üçün doğulub.

Professor İsmixan Rəhimovun xatirələri maraq doğurur.

İlham Əliyevlə tanış olanda o, yeddinci sinifdə oxuyurdu.

“Mən uşaqlara müxtəlif adlar vermişdim.

Birinə həkim, digərinə mühəndis deyirdim.

İlham Əliyevə isə general, menecer, baş müdir ləqəbi vermişdim.

General menecer mənim ümidlərimi doğrultdu.

Məni sevindirdi”.

Mühafizəçi Aleksandr İvanov deyir:

“Mən İlham Əliyevlə 1978-ci ildə tanış oldum.

Mən onu əl atdığı işi həmişə sona çatdıran qeyri-adi qabiliyyətlər sahibi kimi tanıdım”.

ABŞ-ın sabiq dövlət katibi Corc Sults xatırlayır:

“Mənə Stenford universiteetində keçirilən konfransda iştirak etmək şərəfi nəsib olmuşdur. İlham Əliyev orada çıxış etdi və onun dünyada gedən prosesləri dərindən təhlili hamımızı heyran etdi”.

2002-ci ildə “Yeni Azərbaycan” qəzeti İlham Əliyevin ABŞ səfərinə həsr edilmiş xüsusi buraxılış çap etmişdi.

Dərgimiz Ulu Öndərin çox xoşuna gəlmişdi. Onda məndən soruşdu ki, sən onun (İlham Əliyevin) Cons Hopkins Universitetindəki çıxışına və suallara verdiyi cavablara qulaq asdın?

- Əlbəttə ki, bəli, qulaq asdım,- dedim.

Ulu Öndərimiz bir qədər düşünüb əlavə etdi:

- Oğlum olduğu üçün demirəm, amma etiraf edim ki, mən Heydər Əliyev o suallara o cür mükəmməl və o cür dəqiq cavablar verə bilməzdim...

Bu, bir atanın öz övladına verdiyi dəyər deyildi, bir ustad siyasətçinin, azman dövlət adamının İlham Əliyevin dəyanətinə verdiyi qiymət idi.

Doğrusu, mən o vaxt Ulu Öndərimizin elə deməyinə bir qədər təəccüblənmişdim.

İlham Əliyev bu gün bizim hamımızı sevindirir, bütün dünyanı təəccübləndirməkdə, heyran etməkdə davam edir.

23. İlham Əliyev Azərbaycan tarixində bir sıra ilklərin müəllifidir.

Bu gün kimsənin səsini azacıq da olsa, qaldırıb etiraz edə bilməyəcəyi bir həqiqət var.

2003-cü il prezident seçkiləri (15 OKTYABR) olmasaydı, 8 NOYABR Zəfər günü olmayacaqdı.

2003-cü ildə son bir neçə əsrdə istisna olaraq ilk dəfə Azərbaycanda siyasi hakimiyyətin varisliyi hüquq çərçivəsində, heç bir ərazi itkisinə məruz qalmadan gerçəkləşdirildi.

24. “Heydər Əliyev Allahın Azərbaycana lütfüdür” deyənlər haqlıdır.

Qədirşünas əksəriyyət belə düşünür.

Bu, emosiyalardan irəli gələn bir deyim, obrazlı ifadə deyil.

İlahi yozumu, sosial-siyasi bəraəti olan səlis bir məntiqdir.

Və qeyd-şərtsiz bu məntiqin arxasında milli mücadilə tariximizin   həlledici kəsimi - Heydər Əliyevin bioqrafiyası dayanır.
Təsadüfi deyil ki, Azərbaycan xalqının təsəvvüründə və inancında, sanki, Heydər Əliyev Azərbaycandan ayrılıb heç vaxt heç yerə getməyib.

Və O, heç yerə getmir.

Xalqın düşüncə fazasında (və orbitində) O, yalnız həmişə haradansa qayıdır, haradansa gəlir.

Moskvadan Bakıya gəlir...

Naxçıvana gəlir...

Naxçıvandan Bakıya gəlir...

Həmişə də eyni qalib görkəmdə və statusda: lider kimi, xilaskar kimi, qurtuluşçu kimi...

Həmişə də dar macalda, xalqının çətin və ağır günlərində.

Onun 1969-cu ildə MK-nın birinci katibi seçilməsini də xalq özünəməxsusluqla qavrayır.

Ona həvalə olunan vəzifəni təyinat yox, Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi, milli liderin təqdimatı kimi dərk edir və dəyərləndirir. Və yanılmır.

Heydər Əliyev gəlir və sovet liderləri haqqında formalaşmış bütün stereotipləri alt-üst edır.

Liderlik anlayışına milli məzmun gətirir...

Dekabr ayında Heydər Əliyev Azərbaycanı iki dəfə tərk edib.

Daha möhtəşəm dönüşlərlə qayıtmaq üçün.

2 dekabr 1982-ci ildə Moskva onun şəxsiyyətinə böyük ehtiyac hiss edilib - SSRİ-nin rəhbərliyinə dəvət olunub.

1990-cı il iyulun 20-də Moskvadan Bakıya qayıdıb: Xilaskarlıq, Qurtuluşçuluq missiyasını yerinə yetirmək naminə.

2003-cü ilin may ayında səhhəti ilə əlaqədar Bakını tərk edib. Həmin ilin 12 dekabrında Bakıya qayıdıb, milli birliyin və milli diriliyin simvolu kimi!

Dekabr ayında Ulu Öndərimizin daha bir möhtəşəm qayıdışı var.

24 dekabr - İlham Əliyevin doğum tarixi Ulu Öndərimizin yeni bir missiya ilə yenidən qayıdış günüdür...

Azərbaycan xalqı bundan sonra da zaman-zaman Dahi Öndərimizin möhtəşəm qayıdışlarına şahidlik edəcək...

Siyasi yol, dövlətçilik marşrutu işlək olmalıdır - Heydər Əliyev yolu kimi! Heydər Əliyevin yolunun alternativi yoxdur...

Alternativi yoxdur, amma bu yol bir-birindən fərqli siyasi obrazlar, davamçılar, ardıcıllar təqdim edir Azərbaycan cəmiyyətinə və Azərbaycan tarixinə. İlham Əliyev, Mehriban Əliyeva kimi...

Prezident ölkənin birinci şəxsidir. Tarixdə də elə birinci olaraq qalacaq. Birinci şəxsin qarşısında həmişə 1 nömrəli vəzifələr dayanar...

Xalqın və tarixin Birinci şəxslərdən umacağı da məhz budur: Birinci və əsas məsələni çözmək... İlham Əliyev son bir neçə əsrdə Ondan gözlənilən bir nömrəli və müqəddəs vəzifəni yerinə yetirmiş Birinci və yeganə Azərbaycan Lideridir.

İlham Əliyev xalqımızın və tariximizin qarşısında dayanan və həlli müşkülə dönmüş bir problemi həll edib. O problem ki, böyük güclər onu həll etmək üçün yox, idarə etmək və regiona təsir imkanlarını öz əllərində saxlamaq üçün yaratmışdılar.

Hələ indi belə, hətta Qələbəmizin ildönümündə Şuşanın, Qarabağın işğaldan qurtuluşu yuxu kimi gəlir. Gerçək bir yuxu. Şuşa görmək istədiyimiz, amma yuxumuza belə gəlməyən şirin bir röya olaraq qalacaqdı. Qarabağı yuxuda belə görə bilməyəcəkdik.

Əgər İlham Əliyev olmasaydı...

İlham Əliyev olmasaydı, tarix heç vaxt, heç vaxt təkrarlanmayacaqdı...

Alqış Həsənoğlu

yeniazerbaycan.com