“Rəqəmsal vətəndaş” konsepsiyası bir çox ölkələrdə inkişaf etdirilir. Çünki texnologiya dövründə yaşayırıq. Satış və xidmətlərdə bir çox texnologiya həlləri var. İndi ölkəmizdə də dövlət qurumları xidmətlərini rəqəmsal müstəviyə keçirir. “Rəqəmsal Hökumət”in quruculuğu istiqamətində xeyli işlər görülür. “Ağıllı şəhər” və “ağıllı kənd”lər qurulur, lakin ölkəmizdə rəqəmsallaşma sahəsində çoxşaxəli işlər görülsə də, “Rəqəmsal vətəndaş” barədə konsepsiya yoxdur, bu barədə heç fikir səsləndirən də olmayıb. Hər bir halda bu proses təkcə ölkəmizlə bağlı deyil. Gedişat göstərir ki, dünyada yeni bütöv bir nəsil - rəqəmsal nəsil yetişir.
Bunu “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri ekspert Elvin Abbasov deyib.
Ekspert bildirib ki, rəqəmsallığın inkişafı üçün, ilk növbədə, “Rəqəmsal savadlılıq” olmalıdır. Sonra “Rəqəmsal bacarıqlar” əldə edilməlidir ki, “Rəqəmsal vətəndaş” və “Rəqəmsal cəmiyyət” anlayışına keçə bilək. Nəhayət, “Rəqəmsal Hökumət” varsa, “Rəqəmsal vətəndaş” da olmalıdır. Rəqəmsal transformasiyanın mərhələlərini bu formada zəncirvarı düşünə bilərik. “Rəqəmsal savadlılıq” və “Rəqəmsal bacarıqlar” bir-birindən fərqlənir. Savadlılıq məlumatəsaslıdır, bacarıq isə daha çox peşə mənimsəmə müstəvisində əldə olunur. Başqa, sözlə, insanların rəqəmsal texnologiyalardan istifadə edərək məlumatları axtarmaq, yaratmaq, paylaşmaq və qiymətləndirmək bacarığıdır. Bu bacarıqlar müasir dünyada uğur qazanmaq üçün vacibdir. “Rəqəmsal savadlılığa” malik olan insanlar rəqəmsal alətlər haqqında məlumatlı olurlar. Lakin “Rəqəmsal bacarığı” olan insanlar isə bu alətləri effektiv istifadə edərək öz öyrənmə və inkişaf proseslərini idarə edirlər. “Rəqəmsal savadlılıq” həm fərdi, həm də kollektiv səviyyədə faydalıdır.
Fərdi səviyyədə rəqəmsal savadlı insanlar öz maraqlarına uyğun mühit yarada bilirlər, öz fikirlərini ifadə edirlər və digərləri ilə əlaqə qururlar. Kollektiv səviyyədə isə rəqəmsal savadlı insanlar komanda olaraq işləyirlər, müxtəlif mühazirələrə qatılır, elmi təfəkkürlərini inkişaf etdirirlər və bir çox sahələrdə problemləri həll edirlər. Rəqəmsal bacarıqların iş və təhsil sahələrində müxtəlif faydaları və üstünlükləri var. Məsələn, rəqəmsal bacarıqlara malik olan şəxslər, daha yaxşı karyera imkanlarına sahib ola bilərlər.
Elvin Abbasovun fikrincə, “Rəqəmsal vətəndaş”lıq rəqəmsal inkişafın yaşandığı bu dövrdə vətəndaşların hüquqlarını və imkanlarını təmin etmək məqsədilə tətbiq edilən bir konseptdir. “Rəqəmsal vətəndaş” onun hüquqlarını və vəzifələrini həyata keçirmək üçün istifadə etdiyi elektron xidmətlərin və elektron hökumətin keyfiyyətli şəkildə istifadə edən bir şəxsin adını, həmçinin cəmiyyətin bütün sahələrində iştirakını təmin edən qabiliyyətini ifadə edir. Həmçinin bu anlayış ölkə vətəndaşlarının rəqəmsal texnologiyaların istifadəsi ilə birlikdə dövlət tərəfindən təqdim edilmiş xidmətlər və imkanlarla vətəndaşlara daha yaxşı xidmət göstərməsini təmin edilməsi məqsədilə hazırlanmış bir proqramdır. Bu anlayışın əsas məqsədi dövlət və vətəndaşlar arasında daha münbit əlaqələr yaratmaqdır. Bir cümlə ilə ifadə etsək, “Rəqəmsal vətəndaş” informasiya texnologiyalarından istifadə edərək cəmiyyətdə, həyatın bütün sahələrində özünün həyat fəaliyyətini təşkil edir və tənzimləyir.
Ekspert qeyd edib ki, “Rəqəmsal vətəndaşlığın” əsas məqsədləri informasiya əlaqəsi və elektron xidmətlər, demokratik iştirak, məlumat təhlili və s. təşkil edir. Üstünlükləri əlçatanlıq, sürətlilik, dəqiqlik, effektivlik və s.-dən ibarətdir. “Rəqəmsal vətəndaşlığın” riskləri də mövcuddur, buna gizlilik, təhlükəsizlik və digər kimi risklər daxildir.
“Rəqəmsal cəmiyyət” anlayışı XXI əsrin başlanğıcında ortaya çıxan bir konseptdir. Bu anlayışa görə, rəqəmsal texnologiyaların inkişafı insanların həyatını dəyişdirir və cəmiyyətdə yeni bir mühit yaradır. Bu cəmiyyət informasiya texnologiyalarının geniş istifadə edildiyi bir həyat tərzi və informasiya təbliği sahəsini əhatə edir. İnternetin, smart cihazların, sosial media platformalarının cəmiyyətin həyatında böyük rol oynadığı bir dövrdür. Artıq insanlar internet vasitəsilə dünya çapında əlaqə qurur, məlumat əldə edə və hətta işləyə bilirlər. Smart cihazlar həyatımızın bir hissəsi halına gəlib və onları istifadə etmək həyatımızı asanlaşdırır. Sosial media platformaları, insanlara dünya ilə daha geniş bir şəkildə əlaqə yaratmağa və informasiya paylaşmağa imkan verir. Bu, insanların öz fikirlərini, düşüncələrini və həyatlarını başqalarına açmağını təmin edir. “Rəqəmsal cəmiyyət” informasiya texnologiyalarının inkişafı ilə davamlı olaraq dəyişir və inkişaf edir. Bu, insanların həyat tərzi, işləmə tərzi və əlaqələrini dəyişdirməklə birlikdə, yeni inkişafların və imkanların da yaradılmasına nail olur”, - deyə E.Abbasov fikrini yekunlaşdırıb.
AZƏRTAC