“İran İŞİD-Xorasandan Azərbaycana qarşı istifadə edə bilər”
13.02.2026

“The National Interest” nəşri yazır ki, Bakıda son həbslər Tehranın Azərbaycana qarşı yeni taktika seçə biləcəyini göstərir. Məqaləyə görə, İran İŞİD-Xorasan (İŞİD-in Əfqanıstan qolu) üzvlərindən istifadə edərək Bakıya təzyiq göstərə bilər.

Bildirilir ki, İsrail səfirliyinə hücum planlaşdırmaqda şübhəli bilinən şəxslərin 2024-cü ildə Moskvadakı Crocus City Hall terroru ilə əlaqəli qrupla bağlantıları var və bu, İŞİD-Xorasan izini gücləndirir.

Nəşr qeyd edir ki, İran əvvəllər Azərbaycanı sabitsizləşdirmək üçün şiə yönlü qruplardan istifadə etməyə çalışsa da, son vaxtlar Pakistan-Əfqanıstan sərhədində təlim keçmiş və İŞİD-Xorasanla bağlı sünni ekstremistlər ön plana çıxır. Azərbaycan 2025-ci ildə belə şəxslərdən bəzilərini ekstradisiya edib.

Məqalədə vurğulanır ki, “zəifləmiş İran daha təhlükəli ola bilər” və Vaşinqtona Azərbaycanla təhlükəsizlik əməkdaşlığını genişləndirmək, sərhəd nəzarətini gücləndirmək tövsiyə olunur.

visiontv.az