Fars körfəzində dənizçilik böhranı: 1200 gəmi boğazı keçə bilmir
24.06.2026

Fars körfəzində yük gəmilərinin kütləvi şəkildə toplanması Hörmüz boğazı vasitəsilə hərəkətin ləng bərpa olunması ilə əlaqədardır.

Visiontv.az-ın məlumatına görə, "Allianz" sığorta şirkətinin hesablamaları göstərir ki, hazırda ümumi dəyəri təqribən 125 milyard dollar olan mallar və xammal daşıyan 1200-dən artıq gəmi boğazdan keçə bilmir.

Dəniz sığortası üzrə aparıcı ekspert Yustus Haynrix bildirib ki, vəziyyət normallaşacağı təqdirdə belə, gəmiçilikdə yaranmış tıxacların tam aradan qaldırılması üçün bir neçə həftə tələb olunacaq.

"Gəmiçilik bu münaqişənin girovuna çevrilib", - deyə o vurğulayıb.

Ötən həftə  ABŞ və İran arasında əldə olunmuş çərçivə razılaşmasına baxmayaraq, gəmiçilik şirkətləri üçün təhlükə səviyyəsi hələ də yüksək olaraq qalır.

Haynrixin sözlərinə görə, beynəlxalq dənizçilik təşkilatları və gəmi sahibləri hələlik heyət və gəmilər üçün yaranan təhdidlərin real səviyyəsini obyektiv şəkildə qiymətləndirə bilmirlər.

Ekspert xatırladıb ki, qlobal neft və mayeləşdirilmiş təbii qaz ticarətinin 20-25%-i məhz Hörmüz boğazından keçir və bu amil yaranmış vəziyyəti dünya enerji bazarları üçün xüsusilə həssas edir.

Bundan əlavə, o, İran tərəfindən Fars körfəzi və  Hörmüz boğazına nəzarət etmək məqsədilə yeni qurumun yaradılmasına diqqət çəkib. Gözlənilir ki, həmin qurum tranzit gəmilərin sığorta təminatının yoxlanılması və sertifikatlaşdırılması məsələləri ilə məşğul olacaq.

visiontv.az