Fateh Sultan Mehmed haqqındakı serialın son bölümündə Sara xatunu göstərmələri və Fatehlə görüşü olduqca həm gözəl işlənib, həm də dialoqları çox gözəl yazılıb. Türk törəsi ilə qarşılanması, Oğuzun ənənəsinə sadiq qalınması izləyən tamaşaçını da heyran edir əlbəttə. Və ən əsası ilk diplomat qadın və dövlət anası olan Sara xatunun adına layiq təqdim olunması xoş oldu. İndi isə keçək mövzuya.
Uzun Həsənin 1457-ci ildə Ərzincan və Ərzurumda Qaraqoyunlular üzərində qələbəsi təkcə hərbi uğur deyil, həm də Ağqoyunlular üçün siyasi dönüş nöqtəsi oldu. Onun sonrakı Gürcüstana yürüşü, Tiflisə qədər bölgəyə hakim olması və gürcü kralı Baqrata vergi tətbiq etməsi şərqdə sabitliyi nümayiş etdirdi. Siyasi legitimliyini və beynəlxalq təsirini artırmaq istəyən Uzun Həsən, ulu babası Kutlu bəy kimi, anası Sara xatunun tövsiyyəsi ilə diplomatik nikaha girdi və Trebizondlu (Trabzon) imperator 4-cü İohann Komnenosun qızı Despina (Teodora) ilə evləndi. Bu nigah təkcə sülalələrarası ittifaq deyil, həm də Bizans aristokratiyası ilə nüfuzlu bir əlaqə demək idi. Fatih Sultan Mehmed ilə Uzun Həsən arasında ilk münaqişə 1461-ci ildə, Osmanlı Sultanının Trabzon yürüşü zamanı baş verdi.
Anası Sara Xatun və Çemişgezek bəyi Həsəni sülh üçün Osmanlı düşərgəsinə göndərməyə məcbur oldu. O, Osmanlı sultanına səfir kimi göndərdiyi anasının yürüşün sonuna qədər Fatehin yanında qalmasını qəbul etməyə və arvadının doğma şəhəri və müttəfiqi Trabzonun Osmanlıların əlinə keçməsini uzaqdan izləməyə məcbur oldu. Fateh Mehmed ilə Uzun Həsən arasındakı mübarizənin ilk mərhələsi 1461-ci ildə Trabzond İmperiyasının dağılması ilə Fatehin xeyrinə başa çatdı. Bu səbəbdən Avropa ilə ittifaq arayışı başladı. Venesiyanın da Uzun Həsənlə ittifaqa sadiq qalmaqdan və onu Osmanlı Sultanına qarşı qızışdırmaqdan başqa çarəsi qalmadı. 1464-cü ildən bəri Ağqoyunlu sarayında Venesiyanın nümayəndəsi olan Lazaro Quirini vətəninə qayıtmaq qərarına gəldikdə, Uzun Həsən elçisi Miratı onun adından Venesiyaya elçi göndərməyi münasib hesab etdi. Venesiya Doju Kristoforo Moro ilə birlikdə Papa 2- ci Pavelə ünvanlanmış məktubu daşıyan Mirat, Lazaro Quirini ilə birlikdə 1471-ci ilin fevral ayında Venesiyaya gəldi.
Avropalıların Böyük Türk adlandırdığı və Ağqoyunlu səfiri Katip Mehmedin böyük bir ağac adlandırdığı Fateh Mehmedin adını və nüfuzunu tamamilə məhv etmək məqsədi daşıyan Venesiya-Uzun Həsən ittifaqı 1464-1472-ci illər arasında qismən uğur qazandı. Lakin Otlukbeli döyüşündən sonra zəifləməyə başladı və Uzun Həsənin ölümü ilə tarixə düşdü. İttifaq Səfəvi dövründə Uzun Həsənin nəvəsi Şah İsmayıl ilə təkrar canlanaraq böyük Abbas dövrünə qədər davam etdi.
Pərvi Əliyev
visiontv.az