Avropalı bir sıra jurnalistlər və siyasətçilər son zamanlar fişinq hücumlarına məruz qalırlar. “Le Monde” qəzeti yazır ki, hücumları təşkil edən hakerlərin arxasında Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) dayanır.
Noyabrın 17-də bu qəzetin 3 jurnalisti “Signal” messenceri vasitəsilə bənzər formada Rusiya-Ukrayna müharibəsinə həsr olunan videokonfransa dəvət mesajı alıblar. Mesajın kontaktdakı şəxslərdən biri tərəfindən guya göndərildiyi görünsə də o yekunda fişinq səhifələrinə aparıb. Qəzet yazır ki, buradan qeydiyyatdan keçdikləri halda jurnalistlərin bütün məlumatlar hakerlərin əlinə keçmiş olardı.
Bənzər iddia ilə noyabrın 18-də öz X səhifəsində Kremllə bağlı bir sıra araşdırmaların müəllifi olan Xristo Qrozev çıxış edib. O, guya almaniyalı həmkarından mesaj aldığını, amma əslində bu mesajın onu fişinq səhifələrinə apardığını söyləyib. Qrozevin postuna şərh bildirən almaniyalı journalist Bastian Obermayer də bənzər mesaj aldığını qeyd edib.
Noyabrın 19-da isə bənzər cəhdlə bağlı fransalı deputat Erik Botorel məlumat verib.
“Le Monde” yazır ki, bu mesajlar FSB-nin xüsusi təyinatlı idarəsindən gələ bilər. Qəzet hücumların oktyabrın ortalarından başladığını, daha çox Fransadakı vətəndaş cəmiyyəti, parlament üzvləri və Avropadakı digər jurnalistləri hədəf aldığını yazıb. “Le Monde”nin mənbəsi hətta kibertəhlükəsizliklə məşğul olan şirkətlərdən birinin rəhbərinin hesablarının ələ keçirildiyini vurğulayıb.
“Google”un aparıcı analitiki Con Haltkvist hesab edir ki, hücum arxasında “Frontier Blizzard” və “Sentry Bear” kimi məşhurlaşmış UNC5792 haker qrupu dayana bilər:
“Onlar daha çox Rusiyanın işləri ilə məşğul olan jurnalistlər və siyasətçiləri hədəfə alırlar. Bunun üçün isə “Signal”ı istifadə edirlər”.
visiontv.az