Yolun sonu: Nikola hazırlanan may sürprizinin "ssenari"si Kremldə yazılıb?
Yolun sonu: Nikola hazırlanan may sürprizinin "ssenari"si Kremldə yazılıb?
04.05.2022 Bəybala Mirzəyev Tərəfindən

Baxın, 4 il bundan öncə may ayında Nikol Paşinyan hansı "ssenari" ilə "məxməri" inqilab edib hakimiyyətə gəlmişdisə, indi də millətçi-faşist yönümlü və bir tərəfi də Rusiyaya bağlı olan erməni müxalifəti eyni üsulla - meydan hərəkatının köməyi ilə Paşinyanı devirib hakimiyyəti ələ keçirməyi planlaşdırır.

Və bu arada erməni deputatlardan ikisi - Vahan Aleksanyan və Hovik Ağazaryan bir-birinin ardınca sensasiyalı açıqlama ilə çıxış edib İrəvandakı təxribatların arxasında Rusiyanın durduğunu və yaxın günlərdə Paşinyanın fiziki məhvinə hazırlıq görüldüyünü bəyan edir.

Bu bəyanatlar Ermənistanı qaynar qazan kimi çalxalayacaq bəyanatlardır. Hazırda Nikol Paşinyanın həyatı və hakimiyyəti üçün həqiqətən də çox ciddi, real təhlükə yaranıb.

Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Vahan Aleksanyan bildirib ki, “İrəvanda kütləvi aksiyaların başlanması birbaşa idarə olunan bir aksiyadır. Bu aksiyaların arxasında duran maraqlı qüvvələr var.

Sitat: “Ermənistan -Türkiyə və Ermənistan – Azərbaycan yaxınlaşmasını istəməyən xarici qüvvələr İrəvanı qarışdırmaq üçün külli miqdarda vəsait ayırıblar. Azərbaycanla bağlanacaq sülh müqaviləsindən qıcılanacaq ilk ölkə sözsüz ki, Rusiyadır. Əminliklə deyirəm ki, İravandakı çaxnaşma və təxribatın arxasında Rusiya xüsusi xidmət orqanları durur. Onların əsas fikri Paşinyan hökumətini devirmək və Rusiya meyilli şəxsi hakimiyyətə gətirməkdir. İrəvanın qərbə açılımı Rusiyanın xoşuna gəlmir. Amma bizi heç kim yolumuzdan döndərə bilməyəcək".

Vahan Aleksanyanın bu açıqlaması ilə bərabər, “Vətəndaş Müqaviləsi” fraksiyasının digər deputatı Hovik Ağazaryanın açıqlaması da Rusiyanı ifşa etməyə yetərlidir.

“İrəvandakı mitinqlər idarə edilir. Bunu kim edir, bu bizim xüsusi xidmət orqanlarına bəllidir. Bu mitinq planın bir hissəsidir. İkinci palan isə Paşinyanın fiziki məhvidir. Paşinyanın  məhv edilməsi qərarı xarici qüvvələr tərəfindən verilib. ”, – deyə Hovik Ağazaryan qeyd edib.

Qarabağın işğaldan azad edilməsi ilə barışmayan, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını istəməyən, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını rədd edən birləşmiş müxalifət (Robert Köçəryan-Serj Sərkisyan "cütlüy"ünün və Artur Vanetsyanın rəhbərlik etdiyi müxalifət) Paşinyan iqtidarına qarşı sonuncu (həlledici) hücuma keçib. Bu, Paşinyanın özü üçün də son sınaq hesab olunur.

Paşinyan radikal müxalifətin əzmini bu dəfə də qıra bilsə, öz hakimiyyətinin uzunömürlülüyünü təmin edə biləcək və Ermənistanı millətçi-faşist dövlətdən normal dövlətə çevirmək üçün tam kart-blanş qazanacaq. Bu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasınıln da yolunu açacaq.

Lakin bütün bunlar Kremlə qətiyyən sərf eləmir. Ukraynada uduzduğunu görən Putin Cənubi Qafqazdakı mövqelərini itirmək, Ermənistan və Azərbaycana təsir-təzyiq imkanlarını əldən vermək istəmir. Paşinyanın fiziki cəhətdən aradan götürülməsi planı da məhz buradan qaynaqlanır.

Şər yuvası olan Kremlin məkrli planları bitmək bilmir.

Bəybala Mirzəyev

Visiontv.az