Yeni tariximizin şərəf və ləyaqət səhifəsi
16.10.2023

Həyat yolları ucu-bucağı görünməyən, girişi ilə çıxışı arasında keçilməz maneələrlə dolu nəhəng labirintlərə bənzəyir. Bəzən getdiyin yolun geniş və rahat olduğunu zənn etsən də, sonda elə bir səddlə qarşılaşırsan ki, onu dəf etməyə nə güçün, nə də vaxtın çatır. Çəkdiyin zəhmət və sərf etdiyin zaman da hədər gedir. Bəzən isə enişli-yoxuşlu dar çığırla, səbr və inamla hərəkət edərək çıxış yolunu tapmaq mümkün olur. Bu fəlsəfənin anlamı ondadır ki, çətinlikləri öncədən görərək onları addım-addım yenmək və düzgün yol seçə bilmək üçün həyat labirintinin fövqündə duraraq ona daha uzaqdan baxmağı və son nəticəni hesablamağı bacarmaq lazımdır. Siyasi dildə bu, strategiya ilə taktikanın vəhdəti deməkdir. Bu düşüncələrimi oxucularla bölüşərkən gözlərim önündə ilk növbədə bu günlərdə anadan olmasının100 illik yubileyini böyük təntənə ilə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin möhtəşəm portreti canlanır.Çünki onun bənzərsiz həyat yolu və siyasi fəaliyyəti, tükənməz irsi, həqiqətən də, hər kəs üçün böyük məktəb və misilsiz örnəkdir.

Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji və iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil və güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş siyasət nəhəngidir. Müstəqil respublikamızın yeni intibah mərhələsinin banisi və xalqın xilaskarı kimi mənəvi titullar qazanmış Ümummilli Lider tarix yaradan və onun fövqündə duran, dövlət idarəçiliyi və siyasi təlimlər elmini bitkin nəzəriyyələri və böyük həyat təcrübəsi ilə zənginləşdirən nadir şəxsiyyət, sözünün çəkisi və sanbalı ilə kütləni inandıraraq arxasınca aparmağı bacaran, yüksək siyasi təfəkkürə və fəhmə malik xarizmatik lider kimi adını bəşər tarixinə qizil hərflərlə yazdırıb.

Təsadüfi deyil ki, bütün həyatı və fəaliyyəti boyu xalqa xidmət missiyasını öz üzərinə götürən Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi hər iki dövr – sovetlər dönəmindəki 1969-1981-ci və dövlət müstəqilliyimizin bərpasından sonrakı 1993-2003-cü illər Azərbaycanın yeni tarixinə sabitlik və inkişaf dövrü kimi yazılıb. Azərbaycanı dövlət müstəqilliyinin bərpasının ilk illərində yaşadığı xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas edərək böyük inam və qətiyyətlə bugünkü reallıqlara yol açan da məhz Ulu Öndər Heydər Əliyev olmuşdur.

Lakin Azərbaycan xalqının gələcək rifahının təmin edilməsi və dövlətçiliyin qorunması və inkişaf etdirilməsi kontekstində, dövlətin idarə edilməısində şəxsiyyətin rolu baxımından Ümummili Liderimizin son dərəcə böyük əhəmiyyət verdiyi önəmli məsələlərdən biri ölkənin gələcək taleyi üçün həlledici amil olan siyasi varislik prinsipi olmuşdur. Müasirlərimiz 20 il bundan öncə ölkə daxilində baş verən hadisələri yaxşı xatırlayırlar: 2003-cü ilin ortalarından başlayaraq ölkə rəhbərinin sağlamlıq durumu ilə bağlı ölkənin ictimai həyatında bir narahatlıq hiss olunurdu. Bu, Azərbaycandakı sosial, siyasi və psixoloji şəraitin formalaşmasına öz təsirini göstərirdi. Oktyabr ayına təyin olunmuş növbəti prezident seçkiləri ərəfəsində yaranmış belə mürəkkəb ictimai-siyasi vəziyyət ictimaiyyətdə böyük nigarançılıqla müşayiət olunurdu.

Təbii ki, bu seçkilərdə YAP-nın vahid namizədi kimi Heydər Əliyevin qələbəsinə heç kimin, hətta onun opponentlərinin də şübhəsi yox idi. Lakin əks təqdirdə seçkiöncəsi baş verən bu prosesləri fürsət bilən radikal müxalifətin və onlara havadarlıq edən bədxahların ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş niyyətləri açıqca hiss olunurdu. Hadisələrin sonrakı axarının siyasi meydanda neqativ proseslərlə davam etməyəcəyinə zəmanət vermək mümkün deyildi. Belə şəraitdə Ulu Öndər Heydər Əliyev güclü siyasi iradə nümunəsi kimi xalqın xoşbəxt taleyini müəyyənləşdirəcək qəti və müdrik qərarını verdi. O, 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciətində cənab İlham Əliyevi özünün siyasi varisi elan edərək öz namizədliyini onun xeyrinə geri götürdü. “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu tarix Heydər Əliyevin tükənməz irsinin uğurlu davamının başlanğıcı idi. Andiçmə mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev öz qələbəsini xalqın Heydər Əliyev ideyalarına bağlılığı ilə əlaqələndirərək ölkədə bu siyasətin davam etdirəcəyini bəyan etdi: "...Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır...” Başqa sözlə, 2003-cü il prezident seçkilərinin nəticələri bir tərəfdən xalqın Heydər Əliyevin siyasi kursuna sədaqətin, digər tərəfdən isə İlham Əliyevin şəxsi keyfiyyətlərinə inamının və etimadının ifadəsinə çevrildi.

Ulu Öndərin sonuncu vəsiyyəti Azərbaycan xalqının gələcək taleyi üçün Heydər Əliyev ideologiyasının müasir çağırışlar fonunda yeni şəraitdə və yeni keyfiyyətdə davamının təmin edilməsi üçün güclü və sarsılmaz mənbə rolunu oynadı. Prezident seçkilərində namizədliyi müstəqil seçki qrupu tərəfindən irəli sürülmüş Yeni Azərbaycan Partiyası (YAP) sədrinin birinci müavini cənab İlham Əliyevin 2003-cü il 15 oktyabr Prezident seçkilərində çoxsaylı rəqiblərini böyük fərqlə geridə qoyaraq inamlı qələbə qazanması siyasi məntiqə əsaslanan tarixi qanunauyğunluq idi. Və son 20 ildə yaşanan tarix də bunu sübut etdi.

Bütün fəaliyyətində yalnız xalqa arxalanan cənab İlham Əliyevin həyat kitabı yalnız uğur səhifələrindən ibarətdir. Baxmayaraq ki, Azərbaycanın və onun xalqının taleyinə görə məsuliyyət İlham Əliyevin üzərinə gənc yaşlarında düşmüşdü, zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu 20 illik missiyanın öhdəsindən heyrətamiz dərəcədə uğurla gəldi. Adı tariximizə islahatçı lider kimi düşmüş Prezidentimizin son 20 illik həyat yolu, həqiqətən də, çox məsuliyyətli zaman kəsiyini əhatə edir. İstər sosial-iqtisadi və siyasi baxımdan, istərsə də idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından bu illər ərzində Azərbaycan dünyada lider mövqeyini inamla qoruyub saxlayıb. Çox qısa müddətdə ölkəmiz modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoyub.

Dünyanın siyasi arenasında mütərəqqi düşüncəli, yenilikçi və islahatçı lider kimi tanınan Prezident İlham Əliyev ölkənin yeni inkişaf konsepsiyasının müəllifidir. 1994-cü ildə “Əsrin müqaviləsini”nin imzalanması ilə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının uğurlu davamı, bir çox neft ölkələrindən fərqli oaraq “qara qızıl”ın insan kapitalına çevrilməsi, bu sahədə şəffaflığın təmin olunması, ölkə iqtisadiyyatının, o cümlədən neft gəlirlərinin optimal şəkildə, mütərəqqi və səmərəli üsullarla idarə edilməsi, müasir və yeni çağırışların tələblərinə uyğun ordu quruculuğu həyata keçirilən islahatların ən vacib tərkib hissələrindəndir. İslahatlar boyunca bütün istiqamətlərdə və həyatın bütün sahələrini əhatə edən gedən tarixi proseslər ilk növbədə insan amilinin önə çəkilməsi ilə müşayiət olunmuşdur, genişmiqyaslı dövlət proqramları müstəqilliyimizin əsaslarını möhkəmləndirən amil kimi ölkəmizin dinamik inkişafının təməl rolunu oynamışdır. Son 20 il ərzində respublikamızda bir-birinin ardınca bütün fəaliyyət sahələrini əhatə edən sistem xarakterli fundamental və genişmiqyaslı dövlət proqramları uğurla icra olunub. Bu islahatlar çərçivəsində ölkənin idarəetmə sistemində müasirləşmə, infrastruktur yenilənməsi, yeni standartlara uyğunlaşma prosesləri yüksələn xətlə inkişaf edib.

Ölkə başçısına etimad əmsalının və beynəlxalq reytinqının daim yüksəlməsinin və onun müsbət imicinin səbəbi adi gözlə görünə biləcək qədər aydındır: regionda və dünyada bir çox mənfi proseslərin yaşanmasına baxmayaraq, Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl səyləri nəticəsində Azərbaycanda xalqın əmin-amanlığı və rifahı naminə sözlə əməlin vəhdətindən doğan bütün zəruri addımlar atılıb, bütün istiqamətlərdə davamlı və dayanıqlı inkişaf meyilləri qorunub saxlanılıb. Xatırlayırsınızsa, neft gəlirlərinin kəskin şəkildə azaldığı, dünyanın qlobal maliyyə böhranı ilə üzləşdiyi vaxtlarda belə, ölkəmizdə sosial proqramların hamısı uğurla sonadək icra edilib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli energetika və nəqliyyat layihələri həyata vəsiqə alıb, ölkəmiz azsaylı kosmik dövlətlər sırasına daxil olub.

Enerji siyasətinin düşünülmüş şəkildə, dəqiqliklə idarə olunması Azərbaycanın həm də beynəlxalq birliyin tamhüquqlu üzvü, vacib aktoru və etibarlı tərəfdaş olaraq Cənubi Qafqaz bölgəsində lider dövlət kimi qəbul edilməsini, beynəlxalq arenada yüksək nüfuz sahibi olmasını şərtləndirən əsas amillərdəndir. Lakin Azərbaycanın bugünkü misilsiz inkişafı təkcə zəngin təbii sərvətlər və bərəkətli torpaqlar hesabına mümkün olmayıb. Söhbət, ilk növbədə, liderin həlledici rolundan gedir. Praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, yüksək idarəçilik və humanistlik - bütün bunlar Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Azərbaycanın inkişafı, milli maraqlarımızın yüksək səviyyədə qorunması və təmin edilməsi dövlətimizin başçısının yorulmaz səyləri sayəsində mümkün olub.

Müstəqil ölkə olaraq Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, daim artan nüfuzu məhz onun yorulmaz fəaliyyətinin nəticəsidir. Ölkəmiz qısa müddət ərzində beynəlxalq səviyyədə vacib aktora çevrilərək mütərəqqi təşəbbüslərlə çıxış edir. 21-ci əsrin əvvəllərindən başlayaraq dünyada baş verən siyasi burulğanlar, iqtisadi kollapslar, beynəlxalq güclərin maraqlarının toqquşduğu yeni dünya düzəninin formalaşması fonunda Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan sabitlik adası kimi cəlbedici məkana çevrilmişdir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox nüfuzlu mövqeyə malik olan, bütün beynəlxalq platformalarda yüksək tribunalara çıxış əldə etmiş ölkəmiz 2019-cu ildən 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına uğurla sədrlik edir, Paytaxt Bakı və azad Şuşa bir çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi şəhərlər kimi planetin bütün coğrafiyasında tanınır. Qürurvericidir ki, respublikamız Şərqlə Qərbin üstün dəyərlərinin uğurlu sintezinə malik ölkə kimi dünya çapında ən yüksək səviyyədə qərarlaşıb.

Bu gün cənab zamanın tələblərinə üzvi şəkildə uyğunlaşan Azərbaycan dünyaya yeni nəsil müstəqil dövlət modelinin ən uğurlu nümunəsini təqdim etməyə nail olub. Hər kəs - həm daxildə, həm də kənardan müşahidə edənlər ölkə həyatının bütün sahələri yenilənərək tanınmaz dərəcədə dəyişdiyinin şahididirlər. Bu yeniləşmə xalqın rifah halının davamlı olaraq yüksəlməsi, mövcud problemlərin böyük qisminin həlli ilə müşayiət olunub, dövləti və xalqı Heydər Əliyev ideyaları ətrafında vahid platformada birləşdirib.

Bütün bu uğurlar cənab İlham Əliyevin 20 illik prezidentlik dövrünün qiymətli məhsuludur. 2003-cü ildə andiçmə mərasimindən sonra ölkə rəhbəri kimi kimi ilk müsahibəsində jurnalistlərin suallarını cavablandırarkən “Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm”, - söyləyən dövlətimizin başçısı bütün fəaliyyəti boyu öz sözünü möhkəm tutdu. “Nəyi nə vaxt və necə etməyi” dəqiqliklə ölçə bilən, “sözü də imzası qədər dəyərli” olan və xalqın inamından güc alan Prezident İlham Əliyevin siyasi əqidəsinin mahiyyətini onun öz sözləri ilə belə ifadə etmək olar: “Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.

Azərbaycan Prezidentinin praqmatik düşüncə üzərindən nümayiş etdirdiyi güclü iradə və qətiyyətli diplomatik addımlarla müşayiət olunan daxili və xarici siyasət taleyüklü məsələlərdə həlledici amil rolunu oynamışdır. Ulu Öndərin başladığı quruculuq və beynəlxalq birliyə inteqrasiya kursu son 20 il ərzində Prezidenti İlham Əliyev tərəfindən yeni keyfiyyətdə davam etdirilib. İlk gündən özünü “xalqın birinci xidmətçisi” elan etmiş dövlətimizin başçısı ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi kəsimlərini əhatə edən və milli birlik və həmrəyliyə əsaslanan yeni siyasi konfiqurasiyanı ortaya qoymuşdur. Ölkənin ictimai-siyasi həyatına yeni nəfəs gətirən bu siyasi-hüquqi, institusional islahatlar son dövrlər daha mükəmməl əsaslara söykənməkdədir. 2020-ci il növbədənkənar parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların sərbəst şəkildə, demokratik dəyərlər üzərindən iştirakına münbit şəraitin yaradılması islahatlara mühüm töhfə kimi Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşmasını şərtləndirmişdir.

Bu illər ərzində ictimaiyyətin bütün təbəqələrinin inkişafı və onların inteqrasiyası üçün yetərincə münbit şərait yaradılması baxımından da əlamətdar bir dövr olmuşdur. Burada mən xüsusilə son 20 ildə Azərbaycanda qadın hərəkatının cəmiyyətin inkişafındakı artan rolunu qeyd etmək istərdim. Zamanında Ulu Öndər Heydər Əliyev müdrik dövlət rəhbəri, fenomenal idarəçi olaraq respublikaya rəhbərliyi dövründə milli maraq və mənafelər çərçivəsində qadınlarla bağlı dövlət siyasətini təmin etmiş, onun hüquqi əsaslarını yaratmışdır. Məhz bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 1998-ci ildə müvafiq Fərmanla Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu təşəbbüsü ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti baxımından yeni çağırışlar fonunda daha da inkişaf etdirən Prezident İlham Əliyev 2006-cı ildə təşkilatın bazasında onun səlahiyyət dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsini ehtiva edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılması barədə Fərman imzalamışdır. Göründüyü kimi, Heydər Əliyevin bu sahədəki varislik prinsipinə ölkə rəhbərliyi tərəfindən son dərəcə diqqət və qayğı ilə yanaşılır. Bu gün Azərbaycan qadınının şərəfli adının daim uca tutulduğu Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinə təminat verən də məhz bu mövqedir. Bu baxımdan, müasir dövrdə ölkəmizin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva Azərbaycanda qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə göstərdiyi yorulmaz ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan qadınlarına böyük bir örnəkdir.

Ulu Öndər Heydər Əliyevdən bizə ən dəyərli siyasi miraslardan biri də onun müstəqilliyinin yenicə bərpa olunduğu Azərbaycanın xilası üçün siyasi həmrəylik və birlik naminə yaratdığı Yeni Azərbaycan Partiyasıdır. İlk növbədə Heydər Əliyevin böyük nüfuzundan bəhrələnən bu təşkilat onun rəhbərliyi altında qısa müddət ərzində ümumxalq partiyasına çevrilə bilmişdi. 2003-cü ildən etibarən isə daha çevik, mütəhərrik və səmərəli siyasi fəaliyyətin təmin olunması məqsədi ilə ölkənin inkişaf strategiyasının ideoloji sütununa çevrilmiş YAP-nın idarəetmə mexanizmi yeni və daha mütərəqqi üslubda qurulmuş, onun mərkəzi orqanları keyfiyyətcə daha yüksək səviyyədə təşkil olunmuşdur. Bu proses partiyanın 2021-ci ildə keçirilmiş VII Qurultayından sonra daha geniş vüsət almışdır. Əminəm ki, bu fəaliyyət bundan sonra daha böyük ruh yüksəkliyi şəraitində davam edəcək və ölkə qarşısında duran yeni hədəflərin yenilməsində öz layiqli siyasi töhfəsini verəcəkdir. Bunun üçün kifayət qədər əsaslar və arqumentlər mövcuddur.

Bu arqumentlərin ən önəmlisi, düşünürəm, odur ki, bu gün biz müstəqil Azərbaycanımızın ərazi bütövlüyünün və xüsusilə də, cəmi 24 saat ərzində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində doğma Qarabağımızda konstitusiya quruluğunun tam və dönməz şəkildə təmin olunduğu xoşbəxt bir zamana şahidlik edir, ölkənin qürurlu vətəndaşı kimi bütün dünyada bu Qalib xalqa mənsubiyyətimizdən fəxarət hissi keçiririk. Bu unudulmaz şərəfli tarixi anları bizə yaşadan isə hər addımında xalqına arxalanan, ordusunun gücünə güvənən müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir! Onun bütün bu illər ərzində həyata keçirdiyi siyasi kursun əsas hədəfi də məhz dövlətimizin müstəqilliyinin etibarlı şəkildə qorunması və ən əsası isə, ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Odur ki, haqq olaraq Prezident İlham Əliyevin adı ən böyük Zəfər salnaməsini yazan yenilməz sərkərdə kimi Azərbaycanın şərəf və ləyaqət simvoluna çevrilib.

Tarixi Zəfərlə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev keçmiş münaqişənin dinc yolla həllinin alternativinin olmadığında israr edən beynəlxalq siyasi güclərin qarşısında öz müstəqil və əzəmətli sözünü dedi. Onun güclü siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, vətəninə və torpağına olan böyük məhəbbəti, qüdrətli ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, xalq-iqtidar-ordu birliyi ilə özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Bu gün ən müasir hərbi texnika ilə təchiz edilmiş, Türkiyə modeli əsasında NATO standartlarına uyğunlaşdırılmış, yüksək ixtisaslı peşəkar zabit heyətinə malik Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Qürurvericidir ki, Azərbaycan əsgərinin Vətən müharibəsində nümayiş etdirdiyi döyüş qabiliyyəti və cəsarət, Şuşa əməliyyatı dünyanın hərbi ekspertləri tərəfindən XXI əsrin döyüş nümunələri kimi öyrənilir.

Bu müqəddəs savaşla Azərbaycan dövləti Ermənistanın işğal siyasətinə layiqli cavab vermiş oldu, dünya erməniliyinin başlada biləcəyi xarici təhdid və təzyiqləri neytrallaşdırdı. Bütün dünya erməni faşizminin məhv edən Azərbaycan xalqını qürurlu xalq kimi tanıdı. Bu gün cənab İlham Əliyevin “Qarabağ – Azərbaycandır!” şüarı “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, – söyləmiş Ulu Öndərin Ulu Öndər Heydər Əliyevin ən ümdə vəsiyyətinə sədaqət andı kimi fəxarətlə səslənir.

Müharibənin gedişində bir xalq və ölkə Lideri olaraq ekstremal vəziyyətlərdə Prezident İlham Əliyevin bir sıra dəyərli keyfiyyətləri özünü göstərdi. O, dərin biliyi, dəmir məntiqi, hər kəsi heyrətə gətirən bənzərsiz diplomatik gedişləri, təkzibolunmaz arqumentləri ilə informasiya cəbhəsini təkbaşına yararaq ermənipərəst medianın qarayaxma kampaniyasını zərərsizləşdirməyə nail oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev qarşısına çıxan bütün maneələri məharətlə dəf edərək dövlət müstəqilliyimizə və ərazi bütövlüyümüzə təhdid ola biləcək bütün amilləri kökündən məhv etdi, natamamlıq kompleksini aradan qaldırdı. Onun zəkası, əzəməti və qüdrəti qarşısında antiazərbaycan baxışları ilə ikili standartlardan çıxış edən beynəlxalq təşkillatlar və Ermənistanı himayə edən dövlətlər, beynəlxalq erməni mafiyası və həmçinin milli maraqlarımıza zidd mövqedə duran daxili ünsürlər bütün platformalarda məğlub duruma düşdülər.

Xüsusilə qeyd etmək istərdim ki, cənab İlham Əliyevin Zəfərə köklənmiş məqsədyönlü siyasəti həm də bütün dünya azərbaycanlılarının vahid ideya ətrafında daha sıx birləşməsi üçün zəmin yaratdı, “azərbaycançılıq” ideologiyasının yeni keyfiyyətdə təşəkkül tapmasına impuls verdi.

Beləliklə, Azərbaycan özünün son 200 illik tarixində ilk dəfə olaraq tarixi Zəfər kimi böyük nailiyyətə imza atmış oldu. Bu, Vətənə və dövlətə xidmətin, xalqa sədaqətin, siyasi varisliyin ən gözəl uğur nümunəsidir. Belə ki, əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etmişdisə, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkənin ərazi bütövlüyünü bərqərar etdi, tarixi ədaləti bərpa edərək xalqımızın başını ucaltdı, Azərbaycanın üçrəngli bayrağını ən yüksək zirvələrdə dalğalandırdı.

Bu gün biz bölgədə yaranmış postmüharibə dörünün yeni reallıqları ilə müşayiət olunan növbəti inkişaf mərhələsini yaşayırıq. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işləri gündən-günə daha geniş vüsət almaqdadır. Növbəti addım ən vacib məsələlərdən biri kimi məcburi köçkünlərin azad Qarabağa yerləşdirilməsi ilə yanaşı, 1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışının təmin edilməsidir. Ölkə Prezidentinin rəhbərliyi altında işlənib-hazırlanmış Qayıdış Konsepsiyası da məhz bu hədəflərə tuşlanıb. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və siyasi iradəsi ilə bu istiqamətdə həyata keçirilən gərgin və məhsuldar fəaliyyət onu deməyə əsas verir ki, dövlətimizin prioritetləri sırasında olan bu məsələ də zamanı gələndə öz həllini tapacaqdır.

Danılmaz həqiqətdir ki, bütün bu dövr ərzində haqqın-ədalətin tərəfində duran Azərbaycan bu gün də sülh tərəfdarı kimi bölgədə əmin-amanlığın təmin edilməsi üçün bütün mümkün vasitələrdən maksimum dərəcədə yararlanmağa çalışır. Son illər ərzində bölgəmizdə baş verən hadisələri qlobal müstəvidə təhlil etsək, əmin olarıq ki, Prezident İlham Əliyevin dönmədən həyata keçirdiyi siyasi kurs və xüsusilə, xarici siyasət nəinki Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqaz regionunun geosiyasi və tarixi inkişaf yolunun yeni mərhələsinin və istiqamətinin müəyyənləşməsində həlledici rola malikdir. Özünün sülh konsepsiyası ilə bölgənin yeni tarixini yazan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi doktrinasının reallaşması sayəsində bu gün artıq müharibədən sülhə, ədavətdən barışığa, əsassız iddialardan reallığa və ədalətə keçidin konturları formalaşmaqdadır.

Bahar Muradova

visiontv.az