Yeni iddia: Azərbaycanlı ruhanilərin adından Xameneiə dəstək açıqlaması
09.02.2026

“Hawzah News” saytı Qum şəhərində dini təhsil alan azərbaycanlı tələbə və ruhanilərin İranın ali rəhbəri Əli Xameneiyə dəstək ifadə edən bəyanat yaydıqlarını iddia edir.

Bildirilir ki, bəyanatda İranın ali rəhbərinə qarşı edilən hər hansı təhqir pislənib və Xameneyinin mövqeyi müdafiə olunub.

Mənbənin iddiasına əsasən, bəyanatda imza atan şəxslər İslam İnqilabının ideallarına sadiq olduqlarını vurğulayıb, ali rəhbərin mövqeyini “müdrik və ədalətli” adlandırıblar. Eyni zamanda, Xameneyinin ünvanına yönələn tənqidi çıxışların və bəyanatların qəbulolunmaz olduğu bildirilib.

Həmin açıqlamada Xameneyinin dini statusu önə çəkilərək, onun “İmam Zamanın nümayəndəsi” kimi təqdim edildiyi və İslam birliyinin qorunmasının vacibliyinin vurğulandığı qeyd olunur. İran mediası bəyanatda “düşmənlərin planlarına qarşı ayıq-sayıq olmağa” çağırışların da yer aldığını yazır.

Saytın dərc etdiyi məlumata görə, bəyanat müəllifləri özlərini “Xameneyinin əsgərləri” adlandıraraq, ali rəhbəri dəstəkləməyin dini və şüurlu bir vəzifə olduğu kimi cəfəng fikri irəli sürüblər.

Qeyd edək ki, bu məlumatlar yalnız İran mediasının yaydığı cəfəngiyyata əsaslanır və bəyanatda adıçəkilən şəxslərin kimliyi, sayı və onların Azərbaycanı təmsil edib-etmədiyinə dair müstəqil mənbələrdən təsdiq yoxdur.

visiontv.az