Ötən həftənin sonunda İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin bilavasitə nəzarəti altında fəaliyyət göstərən rəsmi “Keyhan” qəzetində dərc olunan kiçik bir yazı ölkədə və xaricdə böyük qalmaqal yaratdı.
İran-ABŞ münasibətlərinin hərbi toqquşma həddinə çatdığı və Tehranın “ya müzakirə, ya da müharibə” seçimi qarşısında qaldığı bir məqamda hakimiyyətə bağlı mətbuat orqanında ABŞ prezidenti Donald Trampı öldürmək çağırışının səslənməsi aranı əməlli-başlı qarışdırdı. Bu da təsadüfi deyil, çünki sözügedən yazıda ABŞ prezidentinin ünvanına təhqiramiz və alçaldıcı ifadələrə yer verilərək deyilib: “Soruşdu: “Bu Donald Tramp nə eləyir? O kimdir ki, gündə bir neçə ölkəni təhdid edir? Hərbi hücumla, sanksiya ilə, tarifləri artırmaqla hədələyir. Hətta Amerikanın Kanada, Avropa ölkələri, Yaponiya kimi müttəfiqlərinin üzərinə də qılınc çəkib!” Dedim: “Çox böyük qələt edib. Elə bu günlərdə Qasım Süleymaninin intiqamını almaq üçün onun boş başına bir neçə güllə çaxmaq lazımdır ki, cəhənnəmə vasil olsun!”
Məsələyə ABŞ-dan reaksiya özünü çox gözlətməyib. Amerika mühafizəkarlarının və İran əleyhdarlarının əsas media orqanlarından olan “Fox News” aprelin 5-də axşam bununla əlaqədar “İranda dövlətin nəzarətində olan qəzet Trampın “boş başına” güllə vurmağa çağırır” başlıqlı reportaj yayıb.
visiontv.az