2017-ci ilə kimi İranın xarici ölkələrə xalça ixracatı illik 426 milyon dollar olduğu halda bu hazırda 40 milyon dollara düşüb və bu həmin dövr ərzində İranın xalça ixracatının 10 dəfədən çox azaldığını göstərir.
Bu sözləri İran Ticarət Palatasının Xalça Komissiyasının sədri Mürtəza Hacı Ağamiri deyib.
"Bu gün dünya xalça bazarı Hindistanın nəzarəti altındadır və hindlilər dünya xalça ixracının 44%-ni qəbul edən Amerikanı ələ keçirməyə nail olublar",- o deyib.
Ağamiri İran xalçalarının dünya bazarlarına çıxarıla bilməməsinin əsas səbəbi kimi beynəlxalq sanksiyaları və ölkədə bu sahə ilə bağlı qəbul edilən yanlış siyasətləri göstərib.
Ticarət Palatasının Xalça Komissiyasının sədri bunun ölkədə iki milyon insanın işini itirməsi ilə nəticəlndiyini bildirib.
O, İranın dünya xalça bazarındakı bəzi rəqibləri kimi Türkiyə və Əfqanıstanın da adını çəkib və deyib ki, əfqan xalçaları qaçaqmalçılıq yolu ilə İrana gətirilir və bazarda keyfiyyət və qiymətdən aşağı satılır.
Bundan əvvəl də İran Ticarət Palatasının üzvü Əhəd Əzimzadə inqilabdan əvvəl İran xalçalarının ixracının istehsalın 67%-ni təşkil etdiyini bildirmiş və inqilabdan sonra bu tendensiyanın aşağı düşdüyünü bildirmişdi. .
"Hökumət İran xalçalarının ixracı prosesini iflic edib”,- deyə Əzimzadə hakimiyyətin yanlış siyasətlərini yüzminlərlə insanın işini əlindən aldığını söyləyib.
Qeyd edək ki, xalça sənayesinin iflası bu sahənin ən əsas istehsal yeri olan Güney Azərbaycan bölgələrindəki ixracatçıları və işçilərinə ikiqat mənfi təsir göstərib.
2015-ci ildə Ümumdünya Əl İşləri Şurasının təsdiqi ilə Təbriz müxtəlif göstəricilərə görə “Dünya Xalçaçılıq şəhəri” adına layiq görülsə də, hazırda burada vəziyyət acınacaqlıdır.
İxracın azalması ilə yanaşı xam malın qiymətlərinin kəskin artması və azərbaycanlı xalça istehsalçılarının ölkə üzrə sığorta paylarının az olması bu sahə fəallarının əsas problemləri sayılır.
visiontv.az