Türkmənçay müqaviləsinə aparan yol: Bu gün Türkmənçay faciəsindən 195 il ötür!
Türkmənçay müqaviləsinə aparan yol:  Bu gün Türkmənçay faciəsindən 195 il ötür!
10.02.2023 Adıgözəl Məmmədov Tərəfindən

10 fevral Türkmənçay müqaviləsinin imzalandığı gündür. İstedadlı tədqiqatçımız Adıgözəl Məmmədovun tariximizin bu gizli məhcullarına gün işığı tutan “BÖYÜK AZƏRBAYCAN NAMİNƏ BAĞIR SEYİDZADƏ” kitabı bu yaxınlarda oxucuların  ixtiyarına veriləcək. Kitab  Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, diplomat, jurnalist, tərcüməçi  Bağır Mirqasım oğlu Seyidzadənin həyat yolundan bəhs edir.Bağır Seyidzadə keçən əsrin 40-cı illərində Cənubi Azərbaycanda diplomatik fəaliyyətdə olmuş və xalqımızın milli birliyi naminə çox mühüm işlər görmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölünmüş Azərbaycanla  bağlı səsləndirdiyi fikirləri və "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" deməsi bir daha onu  göstərir ki, bu mövzu hələ də öz aktuallığını itirməmişdir. Ancaq biz bu bölünməyə birdən-birə gəlmədik. Gəlin,  bu faciəvi tariximizə  Adıgözəl Məmmədovun müəllifi olduğu bu yeni kitabının vasitəsi qısaca  ekskursiya edək.


Səfəvilərin süqutündan sonra  hakimiyyəti ələ almış Azərbaycan xalqının böyük oğlu, Qərb tarixçilərinin “Şərqin Napoleonu” adlandırdıqları Nadir şah Əfşar 1735-ci ildə bir güllə belə atmadan ruslarla Gəncə muqaviləsini  bağladı. Dərbəndin 200 km-dən  üzü cənuba tərəf bütün torpaqlar Əfşarların ixtiyarına keçdi. Nadir şah Osmanlı ilə Rusiya arasındakı  ziddiyyətlərdən məharətlə istifadə edərək diplomatik manevrlərlə 1735-ci il iyunun 8-də Gəncədən Osmanlı qarnizonunu çıxardı. Nadir  şah sonra döyüş istiqamətini Şirvan və Dağıstana yönəltdi. Noyabrın 21-də Nadir şahın qoşunları Dərbəndə yaxınlaşdı.
Nadir Dərbəndi azad etdikdən sonra 1736-cı ilin martında Muğana gəldi, Kür və Araz çaylarının qovuşduğu yerdə Cavad şəhərində (müəllifin böyüyüb-başa catdığı indiki Cavad kəndi – A.M.) özünü yeni Türk Əfşarlar imperiyasının  banisi elan edərək tacqoyma mərasimi və xalq qurultayı keçirdi.
1736-cı ilin sentyabrında Əfşarlar dövləti ilə Osmanlı dövləti arasında müqavilə imzalandı. Müqaviləyə görə, Cənubi Qafqazdakı Azərbaycan torpaqları  Əfşarlara qaytarıldı.
Çox maraqlıdır ki, Azərbaycanımızın böyük oğlu  Ağa Məhəmməd Şah Qacar da illər sonra Muğanda və Kür-Araz çayının qovuşduğu yerdə, yenə də həmin Cavad şəhərində tacqoyma mərasimi və xalq qurultayı keçirir. Qacarları Azərbaycan tarixinə aid etməməkdə israr edənlərə yenidən xatırlatmağa ehtiyac duyuram. Qacarlar dövlətinin banisi, görkəmli dövlət xadimi və sərkərdə Ağa Məhəmməd şah Qacar (1742-1797) ağır mübarizədən sonra 1796-cı ildə indiki İran ərazisindəki feodal hərc-mərcliyinə son qoyub taxta çıxdığı zaman tacqoyma mərasimini eyni ilə Nadir şah kimi Azərbaycanın Cavad şəhərində həyata keçirmişdi. Nadirin qələbələrinə hörmət rəmzi kimi Ağa Məhəmməd şah onun tacını başına qoymaqdan imtina etmişdi. Çünki Nadirdən fərqli olaraq, Qacar  Azərbaycanı təmamilə birləşdirə bilməmiş, Nadirin hakim olduğu torpaqları isə  öz iradəsinə tabe etdirməmişdi. Yəni o, özünü hələ ki Nadirin tacını başına qoymağa layiq bir hökmdar kimi görmürdü.  Bununla o, bir tərəfdən öz qüdrətli sələfinin böyüklüyünü etiraf və təsdiq edir, digər tərəfdən də gələcək hədəfinin Nadirin yaratdığı böyük imperiyanın parçalanmış torpaqlarını geri qaytarmaq kimi mühüm məqsədlərinin olduğuna işarə verirdi.
Burada bir məqamada xüsusi diqqət yetirmək lazımdır ki, tacqoyma mərasiminin məhz Azərbaycan türklərinin məskunlaşdığı torpaqlarda, Muğanda (Cavad bəylərbərliyinin ərazisində) keçirilməsidir. Azərbaycanımızın dilbər güşələrindən olan tarixi Cavad bəylərbəyliyi, xüsusən, mülayim  qışı, coğrafi şəraiti tarixən  bütün imperiyaların diqqətini cəlb etmiş, nəticədə böyük hərbi yürüşlərin qışlağına,  eyni zamanda da qanlı döyüşlər meydanına çevrilmişdir.
9-cu əsrdə Ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövlətləri meydana gəlir. Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Kəsranilər kimi nisbətən iri dövlətlərlə yanaşı, Naxçıvan şahlıq və  Muğan şahlıq kimi kiçik və zəif feodal dövlətləri də yaranır. Bu barədə məlumatlara 9-cu əsr ərəb mənbələrində- İbn Xorddat Behin “Ölkələr və yollar”əsərində  rast gəlinir.
9-ci əsrin 60-cı illərində Ərəb mənşəli  Şeybani qəbiləsinə mənsub olan Heysəm İbn Xalid  Cavad özünü Şirvanın müstəqil hakimi elan etmiş və mərkəzi hökumətlə əlaqəni kəsmişdi. Şirvanşahlar dövlətinin paytaxtına isə özünün adını verərək Cavad adlandırır. 600 ildən artıq müstəqil mövcud olan Şirvanşahlar dövləti 16-cı əsrdə Səfəvilərin  tərkibinə daxil olur.
Tarixi yaddaşımızın ağ səhifələrindən biri də Şirvanşahlarla bağlıdır. Şirvanşahlar dövlətinin tədqiqat çətinliyi, onun qədimliyilə yanaşı, həm də onun tarixində tamamilə fərqli mədəniyyətlərin və sülalələrin çulğalaşması ilə bağlıdır. Digər tərəfdən, rus yazarı Vladimir Fyodoroviç Minorskinin ingilis dilində olan uydurma Şirvanşahlar tarixi kitabında, bu ərazilərdə ermənilərin olmasını qeyd etməsi Şirvanşahlar tariximizə vurulmuş  ən böyük zərbədir. Təsadüfü deyil ki, V. F. Minorskinin bu yalanla dolu Şirvan tarixini tez bir vaxtda erməni tarixçisi Q.Q.Mikaelyan rus dilinə tərcümə edərək, sovet tarixşünaslığında dövriyyəyə buraxdı.
Eyni zamanda da, son zamanlar qədim Şirvan-Azərbaycan dövlətçilik tarixini öz tarixi keçmişi kimi göstərmək istəyən qonşularımızın (İran və gürcü) iddialarına son qoymaq üçün bu kitabda verilən müəyyən arxiv sənədləri xüsusi əhəmiyyət daşıyır. Cənubi Azərbaycanda milli hərakat zamanı Böyük Azərbaycanın birləşdirici simvolu kimi Şirvanşah İbrahim Dərbəndlinin təbliği təsadüfi deyildi (bununla bağlı   arxiv sənədi kitabın  “Cənubi Azərbaycan, Maku –Təbriz, Bağır Seyidzadə”   bölümündə verilmişdir -A.M.).
16-cı əsrin əvvəllərində Azərbaycanda Səfəvi dövlətinin yaranması böyük sosial-iqtisadi irəliləyişə səbəb olur. Məhz həmin dövrdə siyasi-ictimai ürfaniyyət mərkəzi Cavad şəhəri seçilir.
Abdulla xan hicri 956-cı ildə (1549-1550) Cavad bəylərbəyi vəzifəsinə təyin olunmuş və hicri 974-cü ildən vəfat edənədək (1566-1567), 17 il ərzində həmin vəzifəni tutmuşdu. Abdulla xan Ustaclının həyat yoldaşı Fatimə sultan öz doğmaca bibisi qızı, yəni Şah İsmayıl Xətainin qızı və I Təhmasibin bacısı idi. Fatimə sultanın bir tərəfdən ulu babası Ağqoyunlu hökmdarı Uzun Həsən, bir tərəfdən isə  Səfəviyyə təriqətinin banisi Şeyx Səfiyəddinə bağlı idi. İki qədim Azərbaycan dövlətçiliyinin ana sütunları milli dövlətçiliyimizin özülü olan Ustaclılar tayfasının timsalında birləşirdi. Bu möhtəşəm ailənin üç uşağı: Həmzəli xan, Şahəli Mirzə, Xan Məhəmməd adlı oğulları vardı. Abdulla xan Ustaclı öz böyük oğlu Həmzə xanı Şirvanşahlar nəslindən olan  Banugül ilə evləndirmişdi. I Şah Təhmasibin həm də bibisi oğlu olan Abdulla xan çox mahir diplomat idi.  Abdulla xan Ustaclının  qonağı olmuş Moskva kompaniyasının agenti A.Cenkinson Cavad şəhərini Kürlə Arazın birləşdiyi yerdə salınmış,  bənzəri olmayan mirvari  məkan adlandırır.
O, Abdulla xan Ustaclının müxtəlif meyvə ağacları ilə dolu bağından və Şərq memarlığının incisi saydığı Cavad malikanələrindən əhatəli yazmışdır. Əcnəbi qonağı nahar yeməyinin çeşidi heyrətləndirmiş, о, hətta yeməklərin sayını hesablamağı qərara almışdı. A.Cenkinson yazır: «Nahar vaxtı gəlib çatdıqda döşəməyə süfrələr salındı və müxtəlif yeməklər gətirildi, yeməklər çeşidinə görə sıra ilə düzülmüşdü. Mən apardığım sayıma görə 140 növ yemək verilmişdi. Onları süfrə ilə yığışdırdıqdan sonra yeni süfrələr salınıb meyvələrdən başqa qonaqlıq yeməklərindən ibarət 150 növ bulud gətirdilər, beləliklə, iki dəfəyə 290 yemək növü verilmişdi».
Rus akademiki P.Q.Butkov tərəfindən verilən məlumat son dərəcə maraqlıdır. O yazır ki, Cavad torpaqları Kürün sahilində, Arazın Kürə töküldüyü yerin yaxınlığında yerləşir. Bu vilayətin bol taxılı, mal-qarası, çoxlu tut bağı və böyük ipəkçilik emalatxanaları var.
Səfəvi Şahı I Təhmasib Abdulla xan Ustaclıya   Əmir Əl-Üməra (Əmirlər əmiri) vəzifə titulunu vermişdi.Əmir Əl-Üməra vəzifəsini daşıyan şəxs eyni zamanda səfəvi qoşununun hərbi baş komandanı sayılırdı. Hətta o dövrdə, yəni 1555-ci ildə Osmanlı Türkiyəsi ilə bağlanmış sülhün daimiliyinə inanmayan Şah I Təhmasib Rusiya ilə yaxınlaşmağa başlayır. Ümumiyyətlə, Ustaclı nəslinin nümayəndələri Səfəvi hökmdarlarının yaxın ətraflarında olmuş, müəyyən zamanlarda isə faktiki olaraq dövləti idarə etməkdə Səfəvi hökmdarlarına məsləhət və istiqamətlər vermişlər. Bütün bunlar onu göstərir ki, istər Nadir şah Əfşarın,istərsə də Ağa Məhəmməd şah Qacarın öz siyasi hakimiyyətinin bərqərar olması ilə bağlı  Xalq qurultayını  məhz bu şəhərdə çağırmaları heç də təsadüfi deyilmiş. Onların tacqoyma mərasimini farsların yaşadığı Şirazda, İsfahanda, Məşhəddə də təşkil etməmələri, nisbətən kiçik, Azərbaycan türklərinin yaşadıqları Cavad şəhərində keçirmələri, özlərini hansı xalqın nümayəndəsi olaraq gördüklərinin məncə, ən inkaredilməz tarixi dəlillərindən biridir. Yəqin hər kəs mənimlə razılaşar ki, Azərbaycan milli dövlətçiliyinin genoloji yaddaşının çulğalaşdığı bu məkanda, hakimiyyətə gəlmiş yeni liderlərin legitimliyinin tanınması baxımından da bu şəhərdə xalq qurultayının  keçirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Bu, eyni zamanda yeni liderlərin Azərbaycan dövlətçiliyinin Ağqoyunlu-Səfəvi-Şirvanşahlar siyasi elitasının varisləri tərəfindən həm də tanınması demək idi.
Bu  proseslər həm də o dövrdə baş verirdi ki, dünyada artıq yeni müstəmləkəçilik dövrü başlamışdı. Yeni müstəmləkələr uğrunda gedən mübarizə beynəlxalq siyasətin əsas məsələsinə çevrilmişdi. Bütün bu hadisələr burnunun ucundan kənarı görməyən şəxsi mənfəətpəristlikləri ilə Azərbaycan  dövlətçiliyinı  öz iddialarına qurban verən , tələm – tələsik özlərini müstəqil xan elan edənlərin   dövründə baş verirdi.Unudurdular ki, nəhəng ölkə Hindistan – XVII əsrdə Böyük Moğollar adlanan müsəlman sultanları tərəfindən birləşdirilmişdi. XVIII əsrin əvvəlində bu birlik Azərbaycanda olduğu kimi parçalandı və tezliklə Böyük Moğollar imperiyası avropalı işğalçıların hədəfinə  çevrildi. Avropa ölkələri arasında ticarət və müstəmləkə torpaqları uğrunda gedən mübarizə 1789-cu ilin sonlarına qədər beynəlxalq siyasətin əsas məsələsi olaraq qalırdı. Doğrudur, müəyyən məqamlarda Şəki xanı Hacı Çələbinin (1747-1755) və Quba hakimi Fətəli xanın (1758-1789) Azərbaycan xalqını birləşdirmək cəhdləri də olmuşdur. Belə ki, 18-ci əsrin ortalarında Abdulla xan Ustaclının varisi Cavad bəylərbəyi  Mirhəsən xan   Quba xanı Fətəli xanın Azərbaycan toprpaqlarının birləşdirilməsi siyasətində mühüm rol oynamışdı, o öz silahlı dəstələri ilə Quba xanı Fətəli xanın hərbi, siyasi tədbirlərində fəal iştirak edirdi. Belə ki, Mirhəsən xan Fətəli xanın Qarabağı və Cənubi Azərbaycan xanlıqlarını birləşdirmək cəhdi ilə əlaqədar olaraq 1784-cü ildə Qarabağ və Ərdəbil yürüşlərində iştirak etmişdi.
Lakin beynəlxalq situasiyanı analiz edə bilməyən, bu birləşməyə qarşı çıxan digər xanlarımız unudurdular ki, Fransa Rusiya ilə yaxınlaşmağa başlamışdı. O, Rusiyaya qarşı Osmanlı Türkiyəsini dəstəkləməkdən əl çəkdi və 1787-ci il ticarət müqaviləsi ilə Rusiyanın Qara dəniz sahillərindəki yeni limanlarında ticarətdən gələn bütün faydaya sahib oldu. Nəhayət, fransız tacirləri Osmanlı imperiyasından Qırmızı dənizə çıxış əldə etdi, Misirə və Hindistana gedən yollarda öz əməliyyatlarını genişləndirdi. Bu minvalla Fransa Yaxın Şərqdə ticarət sahəsində hegemonluğunu qoruyub saxlamağa müvəffəq olsa da, İngiltərə inadla bu vəziyyəti sarsıtmaqda davam edirdi.
Həmin dövrdə dünya siyasətində başlıca rolu iki ən güclü qüvvə – ingilis və rus diplomatiyası oynayırdı. Rusiya Osmanlı ilə 1735-1739-cu illər müharibəsində qalib gələrək Belqrad 1768-1774-cü illər müharibəsində isə Kiçik Qaynarca sülh müqaviləsi bağlayaraq Qara dəniz sahillərində və Şimali Qafqazda mövqelərini möhkəmləndirdi.
Əslində II Yekaterina  I Pyotrun siyasətini davam etdirirdi. İmperatriçanın fikrinə görə o hələ çox işlər gorülməli idi ki, beynəlxalq məsələlərdə Rusiyanın təsiri rəddedilməz olsun. İmperatriça yazırdı: “Xəzərlə Qara dənizi, o ikisini də Şimal dənizlərilə birləşdirib, Çinlə Şərqi Hindistanın ticarəti Türkistandan istiqamətləndirilməlidir. Bunun mənası,  imperiyanı əzəmətdə Asiya və Avropa imperiyaları arasından bir pillə də yuxarı yüksəltmək olardı”( O. Eliseyeva “II Yekaterina”, səh.46. Moskva Astrel .2008.).
Ona görə də  Yekaterinanın hakimiyyətinin əsas hissəsi  “türk probleminin” həllinə və “yunan layihəsi” adlandırılan məsələnin həyata keçirilməsinə yönəldilmişdi. Burada söhbət artıq Osmanlı imperiyasının torpaqları hesabına ərazi genişləndirmələrindən getmirdi, ümumiyyətlə,  türklərin tamamilə Avropadan qovulması və imperator Konstantin Pavloviçin  nəvəsini taxt-taca çıxarmaqla, Yunan imperiyasının bərpasına hesablanmışdı.
Gürcüstan 1768-1774-cü illər rus-osmanlı müharibəsi zamanı Rusiyanın fəal müttəfiqi kimi çıxış edirdi. Elə bu dövrdə II İrakli II Yekaterinaya protektorluq haqqında müraciət etsə də, təklif cavabsız qalmışdı. Müharibədən sonra vəziyyət dəyişdi. Şərqə doğru irəliləyən Rusiya Gürcüstanda möhkəmlənməyə diqqəti artırdı. Ermənilərlə birgə gürcülər içərisində də Rusiya orientasiyası getdikcə güclənməyə başladı.  Rusiya Gürcüstanla danışıqları davam etdirməyə başladı. Qraf Potyomkin (1739-1791) protektoratlığın şərtləri barədə danışıqlar üçün İraklinin yanına emissarlar göndərdi. II İrakli də 1782-ci ilin dekabrında Peterburqa elçilik yola saldı. Müqavilə, şərtləri haqqında danışıqlar bitdikdən sonra 1783-cü il iyulun 24-də Georgievsk qalasında (1777-ci ildə salınmışdı) imzalandı. Burada Rusiyanı general P.S.Potyomkin, II İraklini isə İ.K.Muxran-Batoni və G.R.Çarçavadze təmsil edirdi. Müqavilə 13 əsas, 4 separat artikul, II İraklinin Rusiya təəbəliyinə keçərkən qəbul etməli olduğu andın mətni və gürcü çarlarının taxta çıxmaq qaydasını müəyyən edən xüsusi maddədən ibarət idi. II İrakli müqaviləni 1784-cü il yanvarın 24-də ratifikasiya etdi. I Pavel və I Aleksandrın manifestləri ilə isə Şərqi Gürcüstan (1639-cu il Səfəvi-Osmanlı arasında bağlanmış Qəsri-Şirin müqaviləsinə görə, Qərbi Gürcüstan Osmanlı dövlətinin, Şərqi Gürcüstan-Kartli və Kaxetiya çarlıqları Səfəvilərin hakimiyyətinə keçərək (Nadir şahın ölümündən sonra (1747) Azərbaycan xanlıqları kimi gürcü çarlıqları da özlərini müstəqil elan etmişdilər) Rusiyaya birləşdirildi.
Fransada inqilab başlayanda Rusiya və Avstriyanın 1788-ci ildə Osmanlı imperiyasına qarşı başladıqları müharibənin qızğın çağı idi. Avstriya ordusu darmadağın edilmişdi, lakin rus qoşunları uzun sürən mühasirədən sonra Oçakovu ələ keçirərək, böyük qələbə qazandılar. Ancaq mübarəzə hələ yekunlaşmamışdı.  Rusiya həmin vaxt şimalda İsveçlə də  müharibə  aparırdı. İngiltərə və Prussiya həm Osmanlı imperiyasına, həm də İsveçə hərtərəfli diplomatik dəstək göstərirdilər. Buna baxmayaraq, Fransa inqilabı çox tezliklə bütün beynəlxalq siyasətə öz həlledici təsirini göstərdi. İnqilab ölkələrə öz diqqətlərini uzun müddətə Şərqdən ayırıb, Avropaya yönəltməyə vadar etdi. Köhnə Avropanın tarazlığı artıq pozulmuşdu. Fransız inqilabı beynəlxalq münasibətlərin inkişafında yeni dövr açmışdı. Məhz bu dövrdə Azərbaycan xalqının qeyrətli oğlu Ağa Məhəmməd şah Qacar dağıdılmış, parçalanmış, yerli feodallar tərəfindən istismar olunan Azərbaycan torpaqlarının birləşdirilməsi istiqamətində fəaliyyətə başlayır. Yuxarıda qeyd etdiyimiz kimi, bu birləşmənin həyata keçirilməsi üçün münbit beynəlxalq mühit də yaranmışdı. Hiss olunur ki, Ağa Məhəmməd şah Qacar çox dərin təhlil qabiliyyətinə və beynəlxalq aləmdə baş verən proseslərdən düzgün qərar çıxartmaq zəkasına malik idi. Bu keyfiyyət təəssüf ki, o dövrki Azərbaycan xanlarının bir çoxunda yox idi. Ağa Məhəmməd şah Qacar Azərbaycan xalqının yaddaşında strateji düşüncəyə malik əsil dövlət adamı kimi qalmalıdır. Əfsuslar olsun ki, belə bir dövlət xadimini, dövlətçilik düşüncəsinin daşıyıcısını sovet dönəmində bizlərə düşmən obrazında təqdim edirdilər (Uzun illər arxivlərdə tədqiqat aparan yazıçı kimi mən belə hallarla çox rastlaşmışam və bir çox hallarda Azərbaycan xalqının böyük oğullarını bizlərə aciz, qatil, öz xalqına yad bir ünsür  kimi təqdim etmişlər-A.M.).
Amma zaman keçdikcə anlaşıldı ki, çar Rusiyası həm Osmanlını, həm də Azərbaycan dövlətlərini içəridən dağıtmaq üçün xeyli iş görmüşlər. Əslində “Gülüstan” və “Türkmənçay” faciəsini yaradan əsas səbəblərdən biri də elə bu idi və üstəgəl Qacarlar - Osmanlı ziddiyyətləri 1821-1823-cü illərdə müharibəyə çevrilmişdi. Müharibənin başlıca səbəbi tərəflər arasında sərhəd məsələsi olmuşdu. Əslində bu müharibənin reallaşması üçün isə xeyli bəhanə yığılmışdı və xüsəsən şiə ocaqlarının osmanlı xanədanları tərəfindən qorunmaması və dəfələrlə vəhabilər tərəfindən oranın talan olunması,  sultanın baş verənlər qarşısında acizliyi Fətəli şahı hiddətləndirmişdi. Əslində Osmanlı imperiyası daima Bağdad paşasına vəhabilərin kökünü kəsmək əmrini verirdi. Lakin 1802-ci ildə Səud ibn Əbd əl-Əzizin timsalında vəhabilərin Kərbəlada qazandıqları qələbə, yaşlanmış və gücünü itirmiş Bağdad paşası Böyük Süleyman üçün ağır məğlubiyyət oldu. İran şahı Fətəlinin şiələr üçün müqəddəs hesab edilən Kərbalanın paşa tərəfindən qoruna bilməməsi ilə bağlı daim onu məzəmmət etməsi və Kərbəlaya öz qoşunlarını göndərəcəyi ilə hədələməsi paşanın vəziyyətini daha da ağırlaşdırırdı. Мəkkə, Kərbəla və Nəcəf kimi müqəddəs yerlərə gedən zəvvarların şikayətləri, xüsusilə Fətəli şahın Мəkkəyə ziyarətə gedən hərəmlərindən birinin karvanında axtarışların aparılması, vəziyyəti daha da kəskinləşdirmişdi. Hələ, Osmanlı dövləti ilə Əfşarlar dövləti arasında bağlanan Kürdan müqaviləsinə (1746-cı il) görə, bu dövlətlər arasındakı münasibətləri, xüsusilə Osmanlı hakimiyyət orqanları bütün Əfşarlar dövlətinin zəvvarlarına kömək göstərməyi və onların Bağdad və Suriya vasitəsilə Мəkkə yolunda təhlükəsizliyini təmin etməyi üzərinə götürürdü. Müqaviləyə görə, Əfşarlar dövlətinin zəvvarları müqəddəs şəhərlərə (Kərbəla və Nəcəf) də gedə bilərdilər. Əfşarilərdə öz ərazisində  Osmanlının şiə və ələvi zəvvarlarına da eyni imtiyazları verirdi. Müqaviləni Osmanlı sultanı I Mahmudun (1730-1754) adından Bağdad və Bəsrə hakimi Əhməd paşa, Əfşarlılar dövlətindəki keçmiş səfir Nazif əfəndi və Nadir şah adından onun vəziri Həsən Əli xan imzalamışdılar. Eyni zamanda Osmanlı hakimiyyət orqanları müqəddəs Kərbəladakı və Nəcəfdəki şiə ocaqlarının qorunması öhdəliyini də öz üzərinə götürmüşdülər.
1802-ci ilin avqustunda Böyük Süleyman canını tapşırar-tapşırmaz, nəşi hələ soyumamış, siyasi miras uğrunda ingilis və fransızların da bilavasitə iştirak etdiyi ölüm-dirim mübarizəsi başladı. Qohumu kəhya (vali yanındakı köməkçi-katib) Əli rəqibləri üzərində qələbə qazanıb, paşanın yerini ələ keçirməyə nail oldu. O, hakimiyyətdə təqribən beş il qala bildi. Daxili çəkişmələr, xalq üsyanları və kürdlərin arasıkəsilməz hücumları paşalığı sarsıdırdı. 1807-ci ilin avqustunda Əli məsciddə doğrandı. Bir qədər sonra onun yerini Kiçik Süleyman tutdu və bu vəzifədə üç il qala bildi. Həmin illəri kürdlər və diriyəlilərlə müharibələrə həsr edən bu paşa da 1810-cu ilin oktyabrında öldürüldü. Sultanın bu regionda təsir imkanları demək olar ki, qalmamışdı və Kürdan müqaviləsinin şərtlərini tam icra edə bilmirdi (Cevdet Ahmed “Tarih-i vekaiya devlet-i aliye”, səh. 1-12. Istanbul. hicri 1271-1292. Cəvdət paşa Osmanlı İmperiyasının 1774-1825 illəri arasındaki tarixinin ən ciddi tədqiqatçısıdır –A.M.). Həmçinin Cəvdət paşaya görə, Ərzurum paşası 1820-ci ildə Qacarlar dövlətindən qaçan qəbiləyə himayədarlıq edirdi və Fətəli şahın tələbinə baxmayaraq, Sultan onu geri qaytarmaqdan imtina etmişdi. İngiltərə ilə bağlanmış 1814-cü il müqaviləsindən sonra hərbi qüvvələrini yenidən quran Qacarlar dövləti hərbi potensialını çox gücləndirmişdi. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan hökmdarlarının ingilislərlə bu əməkdaşlığı ilk deyildi. Həqiqətən də 200 il sonra ingilislər tərəfindən yenidən qurulmuş Fətəli şahın qoşunlarının ilk hücumları uğurlu oldu .Osmanlı dövlətinin Cənubi Azərbaycanla bitişik rayonları, Bəyazid, həmçinin Süleymaniyyə Fətəli şahın qoşunları tərəfindən tutuldu.
1822-ci ildə Kərkük, Mosul və digər şəhərlər də ələ keçirildi. Ancaq təəssüf ki, iki türk dövlətinin bir-birinə savaş açması, ən çox rusların işinə yaradı. Bu müharibə hər iki dövlət əsas qüvvələrini döyüş bölgəsinə cəlb etməsi, onların şimal sərhədlərini müdafiəsiz qoymuşdu. Bu faktor rusları cənuba doğru hərəkətə gətirdi. Regionda rusların güclənməsindən narahat olan İngiltərə müharibənin dayandırılması üşün aktiv fəaliyyətə başladı.O dövrdə, Şərq siyasəti ilə bağlı kəskin dönüş Böyük Britaniyanın yeni xarici işlər naziri Corc Kanninqin adı ilə bağlı idi (Mowat, R. B. History of European Diplomacy. 1815—1914. L. 1922.). Kanninq Osmanlı ilə Qacarlar dövlətinin ruslara qarşı qüvvələrinin birləşdirilməsinin tərəfdarı kimi çıxış edirdi. Amma 1823-cü il iyulun 28-də Qacarlar və Osmanlı dövlətləri arasında Ərzurumda sülh müqaviləsi bağlandı. Müqaviləni Fətəli şah və Abbas Mirzə adından Mirzə Məhəmməd Əli və Türkiyə sultanı Mahmud (1808-1839) adından Ərzurum qubernatoru və Osmanlı imperiyası Şərq vilayətlərinin valisi Rauf paşa imzaladı.
       Rusiya Fətəli şaha zorla “Gülüstan sülhünü” sırımışdı. “Gülüstan sülh”ünün şərtlərinə görə, Qacarlar dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdüd olan ölkələri Rusiya dövlətinə verdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi. Beləliklə, bütöv Azərbaycan iki yerə parçalandı, Abbasqulu ağa Bakıxanov isə həmin müqavilə imzalanan vaxt Rusiya dövlətinin nümayəndə heyətinin tərkibində tərcüməçi vəzifəsini yerinə yetirirdi...
Azərbaycanı bu faciəyə gətirib çıxaran digər səbəblərdən biri də Corc Kanninq oldu. Belə ki, Corc Kanninq iki türk dövlətinin yaxınlaşaraq güclərini birləşdirəciyindən qorxaraq Britaniya siyasətinin sükanını kəskin şəkildə yenidən döndərdi (Tempersley. H.W.V. The Foreign Policy of Canning (1822-1827). London 1925). O, heç kəsi xəbərdar etmədən İngiltərənin yunan və türkləri iki vuruşan tərəf olaraq tanıyacağını bəyan etdi. İndiyədək “qiyamçılar”, inqilabçılar, “quldurlar” adlandırılan yunanların tərəf kimi tanınmasından belə çıxırdı ki, İngiltərə yunanların üsyanını qanuni hesab edir və üsyançılar ilk olaraq hansı ərazidə möhkəmlənsələr, həmin ərazi İngiltərə tərəfindən müstəqil dövlət kimi tanınacaqdı.
Onu da qeyd etmək yerinə düşərdi ki, öz mövqeyini Qafqazda möhkəmlətmək istəyən Fətəli şahın ordusu 1826-cı ilin iyulunda Arazı кеçərək sentyabr ayınadək Talış, Şirvan, Şəki, Qarabağ əyalətləri və Yelizavetpol dairələrini azad etdi, lakin Osmanlıya qarşı başlamış Rusiya, Fransa və İngiltərə müharibəsinin davamı kimi 1827-ci il iyunun 26-da rus qoşunları Fətəli şahın ordusuna qarşı hücuma kecərək Naxçıvanı, iyulun 7-də Abbasabadı işğal etdilər. Amma İngiltərənin və Fransanın Rusiya ilə bir cəbhədə olması Moskvanı işğalı sürətləndirməyə sövq etdi. Cənubi Azərbaycan torpaqlarına daxil olan rus qoşunları hücumu genişləndirdilər. Oktyabr ayının 13-də Təbriz tutuldu. Noyabr ayının 6-da Dehqarqanda yenidən danışıqlar başlayır. Rusiya nümayəndə heyətinə Qafqaz ordusunun baş komandanı İ.F.Paskeviç, A.S.Qriboyedov, A.M.Obrezkov, A.K.Amburger N.D.Kiselyov və tərcüməçilər A.A.Bakıxanov və Q.M.Vlaqali daxil idi. Danışıqlarda Qacarlar dövlətini vəliəhd Abbas Mirzə, qaimməqam Fərrahi, bəylərbəyi Fətəlixan, katib Mirzə Məhəmməd Əli və fransız dili tərcüməçisi Mirzə Məsud təmsil edirdi. Təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar yanvarın 7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Buna görə də rus qoşunları hücumları bərpa etməklə təzyiqi gücləndirdilər. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil tutuldu. Bu hal sülh müqaviləsini bağlanmasını sürətləndirdi. 1828-ci il fevralın 9-dan 10-na keçən gecə düz saat 24:00-da, Mianə şəhərindən 33 km şimal-qərbdə olan Türkmənçay kəndində müqavilə imzalandı. Bu hadisə münasibətilə rus toplarından 101 yaylım atəşi açıldı (История дипломатии. М.-Л.: ОГИЗ, 1945. T.3, s.803.).
Beləliklə, Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycan torpaqları bütünlüklə Rusiya imperiyası tərəfindən işğal edildi. Türkmənçay müqaviləsi Rusiya tərəfindən 1828-ci ilin martında, Qacarlar tərəfindən isə iyul ayında ratifikasiya edildi. İran şahı Fətəli şahın ratifikasiya fərmanı rus ordusunun düşərgəsində İ.F.Paskeviçə təqdim edildi. Elə bu ərəfələrdə Rus generalı Dibiç Adrianopola (Ədirnə) daxil oldu. Rus ordusu İstanbulun iki addımlığında dayanmışdı. II Mahmud Dibiçə barışıq və sülh təklif etdi.
14 sentyabr 1829-cu ildə Adrianopolda Osmanlı türkləri onlara qarşı irəli sürülən şərtlərlə razılaşmağa məcbur oldular. Adrianopol sülh sazişinə görə, Osmanlı imperiyası demək olar ki, Kuban çayının mənsəbindən, müqəddəs Nikolay buxtasınadək olan Qara dəniz sahillərini, eləcə də demək olar, bütün Axəlkələk paşalığını itirdi. Ruslar öz ticarət gəmilərinin Dardanel və Bosfor boğazlarından sərbəst keçidi hüququ əldə etdilər (Миллер А.Ф. Мустафа-паша Байрактар. Оттоманская империя в начале ХIХ в. М.-Л., 1947.).Yunanıstana gəldikdə, o, müstəqil dövlət elan edildi, sultan ilə bu ölkəni yalnız ildə 11/2 milyon piastr ödəmək öhdəliyi bağlayırdı (həmin ödənişin isə Osmanlı imperiyasının bu şərtləri qəbul etməsindən beş il sonra başlanması nəzərdə tutulmuşdu). Yunan əhalisinə Avropada mövcud olan xristian sülalələrindən birinə mənsub şahzadələrdən hər hansını özlərinə hökmdar seçmə imkanı verilmişdi, lakin bu nə ingilis, nə rus, nə də fransız olmamalı idi.

visiontv.az