Trampın demək olar ki, bütün dünya ölkələrinə qarşı gömrük rüsumları tətbiq etdiyi bir şəraitdə, Rusiyanın bu siyahıda olmaması diqqət çəkir.
Ağ Ev rəsmiləri bu istisnanı Rusiyadan ABŞ-a idxalın cəmi 3 milyard dollar olması ilə izah etməyə çalışırlar. Amma bu həqiqətən belədir? Və doğrudanmı, yalnız pinqvinlərin yaşadığı bir adaya belə rüsum tətbiq edilən bir dövrdə, Rusiyaya qarşı rüsum tətbiq etməmək məntiqlidir? Görünür ki, məntiqlidir – “hansı məntiqə?” sualının cavabı isə ağıla birbaşa “Tramp-Putin cütlüyünün məntiqi”ni gətirir.
Gəlin bir məsələni xatırlayaq. 2022-ci il – Rusiyaya qarşı qlobal sanksiyalar tətbiq olunur və Rusiya bu sanksiyalardan yayınma yolları axtarmağa başlayır. Sadə dildə desək, “A” ölkəsindən Rusiyaya bəzi məhsulların satışı qadağandır. “B” ölkəsi həmin məhsulu “A” ölkəsindən alır və Rusiyaya ötürür. Təbii ki, bu prosesin daha incə detalları var, amma ümumi məzmun bundan ibarət idi.
İndi isə bu günə baxaq.
Təsəvvür edin: Çin və ya başqa bir ölkədə istehsal olunmuş məhsulun satışından 100 dollar qazanmaq üçün onu ABŞ-da təxminən 150 dollara (şərti rəqəm) satmaq lazımdır. Lakin əgər həmin məhsul əvvəlcə Rusiyaya, daha sonra isə Rusiyadan ABŞ-a göndərilsə – tətbiq olunan rüsum 0% olacaq.
Sizcə bu, hansı ölkənin iqtisadiyyatının dirçəlməsinə hesablanıb?
Kamran Cəfərov
visiontv.az