Tikantəpənin Yulğun Ağac kəndinin sakinləri yerli olmayan mədənçilərə qarşı etiraz eyləmi keçirib
03.08.2025

Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Təkab) mahalının Yulqun Ağac kəndinin sakinləri otlaq sahələri dağıdıb, onların yaşayış və həyatlarını birbaşa təhlükə altına salan dağıdıcı mədən fəaliyyətlərinə son qoyulması tələbi ilə etiraz eyləmi keçiriblər.

Uzun müddət heyvandarlıq və əkinçiliklə məşğul olan bu ərazinin sakinləri deyirlər ki, kəndin ətrafındakı gur otlaqlar və təbii sərvətlər mədənçilər, ümumiyyətlə, İsfahanlılar tərəfindən faydalı qazıntıların çıxarılması bəhanəsi ilə dağıdılır.

Ətraf mühit fəalları bu tədbirlərin ekoloji nəticələri barədə də xəbərdarlıq ediblər və tənzimləyici qurumların dərhal müdaxiləsini və zərərli layihələrin dayandırılmasını istəyiblər. İctimai tələblərə baxmayaraq, rəsmi orqanlar indiyə kimi məsələyə heç bir reaksiya verməyib.

Eyləm zamanı Yulğun Ağac sakinləri bu mədənçilərin lisenziyalarının ləğv edilməsini, onların təbii və ənənəvi yaşayış sərvətlərinin qorunub saxlanmasını tələb ediblər.

Qeyd edək ki, tarixi Yulğun Ağac kəndi Tikantəpə şəhəri yaranana qədər Afşar bölgəsinin mərkəzi olub və bu kənddə Afşar bölgəsinin hakimi Süleyman Xan Afşar yaşayıb. Bu böyük və qədim Azərbaycan kəndində mədəni irs rəsmilərinin səhlənkarlığı ucbatından dağıdılan onlarla tarixi abidə var, bu azmış kimi kənd təsərrüfatı torpaqları və bağları da İsfahan mədənçiləri tərəfindən talan edilir.

İsfahan mədənçilərinin dağıdıcı fəaliyyətləri nəticəsində indiyədək Azərbaycanın Yulğun Ağac kəndindən 500 ailə mühacirət etməyə məcbur olub. 2021-cü ilin iyulunda Qərbi Azərbaycan Radio və Televiziya Agentliyi yazırdı: “Bu kənddə 1979-ci ildə 720 ailə var idisə, indi bu kənddə cəmi 220 ailə qalıb”.

Xatırladaq ki, son illər Yulğun Ağac kəndinin sakinləri kəndin mədənlərinin talan edilməsinə, bağların, təsərrüfatların, otlaqların, təbii sərvətlərin dağıdılmasına, rayondakı tarixi abidələrin mədənçilər tərəfindən dağıdılmasına qarşı dəfələrlə etiraz aksiyaları keçiriblər.

visiontv.az