Terrorçu Naci Şərifi Zindəşti Avropa Şurası tərəfindən sanksiyaya məruz qalıb
17.07.2025

Avropa Şurası kürd terror qruplaşmalarına bağlı Naci Şərifi Zindəşti də daxil olmaqla səkkiz şəxsə və İranda bir quruma “insan hüquqlarının pozulması” və “sərhəddən kənar repressiya” ittihamı ilə sanksiya tətbiq edib.

Şuranın bəyanatına görə, xaricdə İranın dövlət qurumları adından fəaliyyət göstərən sanksiyaya məruz qalan şəxslər və qurumlar özbaşına və məhkəməsiz edam və qətllərdə, İslam Respublikasının siyasət və hərəkətlərinə qarşı çıxan və ya tənqid edən şəxslərin zorla yoxa çıxarılmasında iştirak ediblər.

Avropa Şurası bildirib ki, İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi ilə əlaqəli olan və iranlı müxaliflərə və İran İslam Respublikasının siyasət və hərəkətlərini tənqid edənlərə qarşı sui-qəsd də daxil olmaqla, çoxsaylı əməllər həyata keçirmiş cinayətkar qrup olan Zindəşti şəbəkəsini sanksiya siyahısına daxil edib.

Siyahıya həmçinin şəbəkənin lideri və narkotik alverçisi Naci İbrahim Şərifi Zindəşti və onun Abdulvahab Kokak, Əli İsfəncani, Əli Kokak, Əkrəm Öztunç və Nihad Asan da daxil olmaqla bir neçə cinayət ortağı da daxildir. Bu şəxslər digərləri ilə birlikdə Türkiyədə Məsud Molavi və “Cam” telekanalının sahibi Səid Kərimian kimi iranlı müxaliflərin qətlində iştirak ediblər.

Qeyd edək ki, Naci Şərifi Zindəşti Türkiyədə İran İnqilabı Keşikçiləri Korpusu üçün həyata keçirdiyi bir neçə sui-qəsd və siyasi adam oğurluğuna görə axtarışa verilib, lakin İran rəsmiləri onu “Xəyr sevər” adlandıraraq dəfələrlə tərifləyiblər.

visiontv.az