Teleaparıcıdan etiraz: "Övlad bizim şəxsi əşyamız və ya mülkümüz deyil" - Video
Videonu Aç
23.06.2023

"Övlad bizim şəxsi əşyamız və ya mülkümüz deyil. Valideyn statusu bizi övlada təhsil vermək, sağlam və xoşbəxt böyüməsinə şərait yaratmaq, onu heç kimdən asılı etməyəcək həyat səviyyəsinə yaxınlaşdırmaq kimi öhdəliklərə məsul edir və bütün bunları edərkən valideyn heç bir şəkildə təmənna güdmür və güdməməlidir".

Visiontv.az xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva sosial şəbəkədə yazıb.

O, paylaşdığı videoda qızların 13-14-15-16 yaşda nigaha daxil olmasına kəskin şəkildə etiraz edib.

Aparıcı valideynləri övladlarına daim dəstək olmağa və onlara təhsil verməyə çağırıb: 

"Sənin üçün gecələr yatmadım", "Sənin üçün N qədər pul xərclədim", "Sənə görə özümü ikinci plana keçirdim", - kimi fikirlərə köklənib, "Öl desəm öləcəksən, qal desəm qalacaqsan", - xülyasına düşməyək. Onların seçim etmək hüququ var! Biz onları istiqamətləndirmək üçünük! Onların nə uşaqlığını, nə də gəncliyini əlindən ala bilmərik! Qızları yetkinlik yaşına çatmamış ərə verib, onları təhsildən, özünüdərkdən, özünütəsdiqdən məhrum etməyin! Onların hələ formalaşmamış orqanizmini faciəvi sonluğa düçar etməyin! 14-15 yaşında qız uşaqdır! O, təhsil almalıdır, inkişaf etməlidir, özünü tapmalıdır!"