Tehran proksi qüvvələrini yenidən silahlandırmağa başlayıb
19.07.2025

12 günlük İran-İsrail qarşıdurmasından sonra İran öz proksi qüvvələrini yenidən təchiz etmək üçün səy göstərir.

Bu haqda “The Wall Street Journal” məlumat paylaşıb.

Məlumata görə, İran ABŞ və İsrailin hücumlarından sonra Yəməndəki husilərin silah ehtiyatlarını sürətlə doldurur.

Başqa tərəfdən, Tehran son vaxtlar Hizbullaha silahları Suriyadan kiçik avtomobillərlə göndərir, bu tədarüklər əvvəllər yük maşınları vasitəsilə həyata keçirilirdi.

İranın Yəmən üsyançılarına göndərdiyi silah və başqa hərbi avadanlıqların böyük bir hissəsi yaxın günlərdə Yəmən hökumətinin əlinə keçib.

Belə ki, Yəmənin qanuni hökumətinin Sahil Mühafizə Xidməti Qırmızı dəniz sahillərində İrandan husilərə göndərilən böyük bir raket, PUA hissələri və hərbi avadanlıq partiyasını ələ keçirib. 

Bu yükün tərkibində təxminən 750 tonluq kruiz raketləri, gəmiəleyhinə və zenit raketləri, döyüş başlıqları və PUA mühərrikləri olub.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, bu, indiyədək Yəmən tərəfindən ələ keçirilmiş İrana məxsus ən böyük konvensional silah göndərişidir.

visiontv.az