ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycan Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı öz baxışlarını açıqladı.
Ümid etmək istərdim ki, qardaş dövlətlərin başçıları Azərbaycan Prezidentinin TDT-nin qlobal güc mərkəzinə çevrilməsi üçün böyük potensialının olması haqda fikirlərini bölüşməklə yanaşı bunun reallaşdırılması yönündə onun kimi səylərini əsirgəməyəcək, yaranmış fürsəti düzgün dəyərləndirməkdə ləngiməyəcəklər: Təşkilat etnik köklərə əsaslanır. Bir çox təşkilatları tanıyırıq. Onlarla müqayisə etmək istəmirəm. Lakin Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə, ümumi dəyərlərə əsaslanmasıdır. Biz həmin dəyərlərlə bölüşürük. Yenə də müqayisə etməmək çətindir. Üzrlü hesab edin, lakin bunu edəcəyəm. Əgər Avropa İttifaqına baxsanız, tamamilə fərqli dəyərləri olan ölkələri görəcəksiniz. Həmin ölkələrin xalqları bir-birindən tam şəkildə fərqlənir. Əgər Cənubu və Şimalı götürsək və bəzi ölkələrdə siyasi hadisələrə baxsaq görərik ki, onlar bir-birindən tam fərqlənir. Hazırda biz Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə xeyli narazılıqlar görürük. Belə bir hal Türk Dövlətləri Təşkilatında varmı? Yox. Bizdə yoxdur. Bu, bizi unikal edir. Bəs onda nə çatışmır? Bizim güclü beynəlxalq fəaliyyətimiz. Bu, kifayət deyil və biz daha çox çıxış etməli, daha fəal olmalı və qlobal məsələlərdə öz sözümüzü deməliyik. Bu halda yenə də coğrafiya, əhali nəzərə alınmalıdır. Hələ hərbi imkanları buraya əlavə etsək, hər şey aydın olar. Yaxşı məlumdur ki, Türkiyə Ordusu Avropada ən güclü ordudur. Azərbaycan da öz hərbi imkanlarını nümayiş etdirdi. Beləliklə, bunları əlavə etsək, biz həqiqətən qlobal səviyyədə beynəlxalq fəaliyyətin mərkəzinə çevrilə bilərik. Xüsusən də bəzi təşkilatları, daxili mübahisələri, inamsızlığı və qarşılıqlı etimadın çatışmamasını görəndə hər bir şey aydın olur. Mən Avropa İttifaqını xatırlatdım. Mən, həmçinin NATO-nu qeyd edə bilərəm. Hamımız bilirik ki, hazırda NATO-nun bəzi üzv ölkələri 5-ci maddə haqqında düşünür. Bunun nəzərə alınacağı ehtimalına gəldikdə, NATO daxilində müəyyən inamsızlıq var və bu, qlobal səviyyədə hələ ən güclü beynəlxalq təşkilatlardan biridir. Buna görə biz daha fəal olmalıyıq. Bəlkə uyğun söz deyil, lakin biz boşluğu doldurmalıyıq, ən azı Avrasiyanın nəhəng sahəsində qərarların qəbul edilməsi mərkəzinə çevrilməliyik".
Millət vəkili Sahib Alıyev
visiontv.az