Süni sahibkarlar real sahibkarlardan daha çox qazanır
Süni sahibkarlar real sahibkarlardan daha çox qazanır
16.10.2024 Elvin ABBASOV Tərəfindən

Azərbaycanda illərdir bir çox qurum və nazirliklərdə diqqətimi çəkən əsas problemlərdən biri də odur ki, inkişaf etmiş ölkələrdəki təcrübəni birbaşa ölkəmizdə tətbiq edirlər. Şəxsən bir çox nazirlik və alt qurumlarda qoşulduğum müzakirələrdə buna şahid olmuşam. Nəzərə almırlar ki, inkişaf etmiş ölkələrin vətəndaşlarının da o müstəviyə gəlib çıxıb. Buna görədə bir çox layihə ölkəmizdə uğursuz olur, Layihə xətrinə layihə olur.

Hər bir ölkənin sosial və iqtisadi vəziyyəti orada yaşayan insanların həyat standartına və rifahına təsir edir. İnkişaf etmiş ölkələrdə gördüyümüz qədəri ilə təhsil sistemi normal səviyyədə olur və əlbəttə ki, təhsil həyat standartına təsir edən əsas faktordur. Belə olan halda rəqəmsal səriştəlik də bütün yaş seqmentləri üzrə daha yüksək olur. Həmçinin bu, bizneslərə də öz töhfəsini verir.

Yüksəlişdə olan bütün ölkələrdə hər sahə üzrə "tədqiqat və inkişaf" mərkəzləri mövcuddur. Bu mərkəzlərdə toplanmış məlumatlar əsasında yeni modellər yaradılır. Təbii ki o ölkələrdə istənilən nəticə əldə olana kimi kifayət qədər böyük məbləğlər xərclənir.

Azərbaycanda isə böyük layihələrdə heç vaxt yerli real sahibkarlara və ya mütəxəssislərə inam olmayıb onlara şans yaradılmayıb, söhbət suni sahibkarlıqdan getmir. Hər zaman xarici şirkətlərə milyonlar xərclənərək onların verdiyi "statistika" üzərindən xarici modellər tətbiq olunur. Onlarda bizi yola verirlər.

Bir çox müzakirədə isə qeyd edilir ki, yerli şirkətlərin sözügedən işdə təcrübəsi yoxdur və ya azdır. Əgər deyildiyi kimi yerli şirkətlərin, mütəxəssislərin, ekspertlərin təcrübəsi azdır, o zaman sual yaranır ki niyə dövlət qurumları nəhəng İT şöbəsi yaradaraq yerli mütəxəssislər hesabına öz daxillərində sistemlər yaradır. Yerli şirkətlərdə işləyən mütəxəssislər onların şöbə və departamentlərindəki mütəxəssislərdən nə ilə fərqlənir? Dövlət qurumlarına işə girəndə kvalifikasiya birdən-birə necə artır? Dövlətdə işləyən azərbaycanlı mütəxəssislər ilə yerli şirkətlərdə işləyən mütəxəssislərin arasında görəsən nə kimi fərq var. Görünən odur ki, heç bir nazirlik kənara iş çıxmasını istəmir. Kənara çıxan işlər də bəllidir kimə necə çıxır. Bir neçə şirkətdən başqa bütün şirkətlər qan ağlıyır. Süni sahibkarlar real sahibkarlardan daha çox qazanır. Böyük layihələrdən isə əsas payı xarici şirkətlər götürür. Yerli şirkətləri, real sahibkarlığı dəstəkləyəcək heç bir addım atılmır. Real sahibkarlar ya batır ya da özlərinə yeni əlaqələr axtarırlar.

Təbii ki, burada istisnalar var. Necə deyərlər, xarab saat da gündə 2 dəfə düz göstərir.

İTK mütəxəssisi Elvin Abbasov

visiontv.az