İstedadlı tədqiqatçımız Adıgözəl Məmmədovun tariximizin bu gizli məhcullarına gün işığı tutan “BÖYÜK AZƏRBAYCAN NAMİNƏ BAĞIR SEYİDZADƏ” kitabı bu yaxınlarda oxucuların ixtiyarına veriləcək. Kitab Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, diplomat, jurnalist, tərcüməçi Bağır Mirqasım oğlu Seyidzadənin həyat yolundan bəhs edir. 1950-ci illər elə dövr idi ki, artıq bu zamandan başlayaraq Azərbaycanın rəhbər elitasında, xüsusilə siyasi cəhətdən yetkin gənclərə daha çox üstünlük verilirdi. Bununla da rəhbər vəzifələrdə azərbaycanlılaşdırma siyasəti həyata keçirilirdi.Kitabda bu mövzudan geniş bəhs edilir.
Yenicə Kinomatoqrfiya naziri təyin edilmiş Bağır Seyidzaənin qarşısına isə , illərdir nazirlikdə müavin vəzifəsini daşıyan Şahverdiyan çıxır. O, milli kadr kimi irəli çəkilən Bağır Seyidzadəyə qarşı çox xəbis bir plan işə saldı.Öz daşnak xislətli erməni əlaltılarının vasitəsilə ardı-arası kəsilmədən həm Moskvaya, həm də Azərbaycan Mərkəzi Komitəsinin ünvanına “donos” və hətta ermənilərin imzası ilə məktublar göndərilməsini təşkil edirdi. Moskvaya yazılan məktublarda Azərbaycan KP MK-nın ikinci katibi Mirhəsən Seyidov Bağır Seyidzadənin havadarı kimi göstərilirdi.
M.C.Bağırov bu söz-söhbətlərə son qoymaq üçün Mirhəsən Seyidovu Mərkəzi Komitədən Nazirlər Sovetinə müavin göndərir. Çox illər sonra Mirhəsən Seyidov Mərkəzi Komitənin ikinci katibliyindən üzaqlaşdırılmasın belə xatırlayırdı: “Gecə yarısından xeyli keçmişdi, Bağırov mənə zəng edib otağına dəvət etdi. Mən onun kabinetinə girəndə o məni qeyri-adi nəzakət və hərarətlə qarşıladı, sonra mətbəxdə işləyən xanım içəri girib bizə çay gətirdi. Bağırov ilk öncə Moskvaya edəcəyi səfərin və Stalinlə görüşünün əhəmiyyəti barədə bir-iki cümlə fikir mübadiləsi etdikdən sonra dedi: “Həsən , biz uzun illərdir bir yerdə işləyirik, bir-birimizi yarım sözdən başa düşürük, mənim rəhbərliyim dövründə Mərkəzi Komitədə səndən güclü ikinci katibimiz olmayıb. Bilirsən ki, Stalinlə görüşə böyük bir layihə ilə gedirik. Bu layihədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi təkcə kənd təsərrüfatını deyil, respublikanın bütün iqtisadiyyatını kəskin şəkildə yüksəldəcək və əsas yük Nazirlər Sovetinin çiyninə düşəcəkdir. Ona görə bu ağır yükü qaldırmaq üçün Nazirlər Sovetini hərtərəfli gücləndirmək lazımdır. Buna əsaslanaraq mən Stalindən Rusiya və Ukraynada olduğu kimi, bizdə də Nazirlər Sovetində sədrin birinci müavini vəzifəsinin təsis edilməsini xahiş etmək qənaətinə gəldim. Mən sizi bu vəzifəyə təsdiq etməyi xahiş etsəm , hesab edirəm ki, Stalin bizim xahişimizə hörmətlə yanaşacaq. Həm də o sizi yaxşı tanıyır, bunun haqqında nə düşünürsən?"- deyərək soruşdu. Sözün doğrusu Bağırovun gözlənilməz və ustalıqla etdiyi bu təklifinə müsbət cavab verməkdən başqa çarəm qalmamışdı: “Mən sizinlə tam razıyam yoldaş Bağırov, Siyasi Büronun və SSRİ Nazirlər Sovetinin qərar layihəsində nəzərdə tutulmuş bu ciddi problemlərin uğurla həyata keçirilməsi üçün Nazirlər Sovetini, gücləndirmək lazımdır. Əgər seçim mənim üzərimə düşsə, mən bu işə böyük məmnuniyyətlə gedəcəm və bunu partiyanın mənə göstərdiyi böyük etimad kimi qiymətləndirəcəm” - deyərək, cavab verdim. Mən çox yaxşı başa düşürdüm ki, mənim əleyhimə baş verənlərdən sonra Mərkəzi Komitənin ikinci katibi vəzifəsində olmağım, mümkün olmayacaq. Şikayət ediləcək bir şey yox idi və mənim tərcümeyi-halımla bağlı “tapılan” xırda faktlara (xüsusilə xaricdə yaşayan qohumlarımla bağlı faktın gizlədilməsinə görə-A.M.) görə Bağırov məni cəzalandırmır, digər bir vəzifə təklif edirdi. Bəli, bəzilərinin tələb etdiyi kimi məni məhv etmək üçün onun əlində hər cür səbəb var idi, amma o, bu sərt tədbirlərə getmədi və məni qorudu”.
Bir qədər sonra Moskvaya göndərilən və ardı-arası kəsilməyən məktublarda Mirhəsən Seyidovun əmisi oğlu Bağır Seyidzadənin də tərcümeyi-halı ilə bağlı “tapılan” xırda faktlar (xüsusilə xaricdə yaşayan qohumlarla bağlı faktın gizlədilməsi-A.M.) xatırladılır və onun cəzalanması tələb olunurdu.
ARPİİİSSA F.1.Siy.37, İş 134 S.V.33.
AZƏRBAYCAN SSR KP(b)MK katibi yoldaş M.D.BAĞIROVA
Azərbaycan Kommunist Partiyası (Bolşeviklər) Mərkəzi Komitəsi Siyasi Bürosunun 4/11-1951-ci il tarixli qərarı ilə mənə tapşırıldı ki, tərcümeyi-halında bir sıra faktları partiyadan gizlədən Kinematoqrafiya naziri Seyidzadə Bağır Qasım oğlunun fəaliyyətini hərtərəfli yoxlayıb Azərbaycan KP (b) MK Siyasi Büronun müzakirəsinə çıxarım. Bununla əlaqədar Azərbaycan KP (b) MK-da onunla bağlı mövcud olan materialların və avtobioqrafik məlumatların yoxlanılması həyata keçirildi. Müəyyən edildi ki, o, partiya sıralarına qəbul olunarkən , komsomol və sovet işlərində çalışarkən, habelə SSRİ Xarici İşlər Nazirliyi sistemində xaricdə işləmək üçün müraciət edərkən sosial kimliyini partiyadan gizlətmişdir. Bağır Seyidzadə 1939-cu ildə Sov.İKP (b) üzvlüyünə namizəd kimi daxil olmuşdur. 1940-cı ildə ÜKP(b)-nin üzvü olan Seyidzadə Bağır Qasım oğlu anketlərdə və tərcümeyi-halında 1917-ci ilə qədər atasının ticarətlə məşğul olduğunu, 1917-ci ildən sonra kargüzarlıq işçisi kimi çalışdığını göstərir. Sənədlərdə isə Seyidzadənin atasının 1908-ci ildən başlayaraq İrəvan şəhərində ticarətlə məşğul olması və sonralar isə Tiflis şəhərində böyük bir ərzaq mağazasının sahibi olması göstərilir. Bağır Seyidzadə anketlərində və tərcümeyi-halında Müsavat hökumətinin üzvü, yaxın qohumu və inqilabdan sonra Fransaya köçən Məhərrəmov Məmməd barədə məlumat vermir. Türkiyəyə köçən və türk vətəndaşlığını qəbul edən əmisi qızları Xədicə Bəyim və Sara Bəyim Əli (Mirəli-A.M.) qızları haqqında məlumat vermir. Seyidzadə bibisi qızının əri İsmayıl İsmixanovun Vətən Müharibəsi illərində cinayət törətdiyinə görə cəza batalyonuna göndərilməsi barədə də partiya təşkilatına məlumat verməyib. Hal-hazırda İsmixanonun yeri məlum deyil, çünki onun haqqında heç bir məlumat yoxdur. Ona görə də Azərbaycan KP(b) MK qarşısında məsələ qaldıraraq bildiririk ki, Seyidzadə Bağır Qasım oğlunun sosial mənşəyi və xaricdəki qohumları barədə məlumatları gizlətdiyi üçün, 1940-cı ilin iyun ayından ÜKP (b) üzvü, partiya bileti № 3695626 olan Seyidzadə Bağır Qasım oğluna şəxsi vərəqəsinə yazılmaqla şiddətli töhmət elan edilsin. Biz düşünürük ki, bundan sonra Seyidzadə Bağır Qasım oğlu Azərbaycan SSR-nin Kinematoqrafiya naziri postunda qalmağa layiq deyil.
Martirosov A.Q.
29 dekabr 1951-ci il
Birtəhər Mirhəsən Seyidovu qoruya bilən M.C.Bağırov məcburiyyət qarşısında qalaraq Bağır Seyidzadəni vəzifədən kənarlaşdırır. Amma Bağır Seyidzadənin nazir olduğu dövr Azərbaycan xalqının yaddaşında Bakı Kinostudiyasında çəkilən“Bakının işıqları” bədii, “Böyük yol”, “Hədiyyə xalçası”, “Quba bağlarında”, “Tərtərçay vadisində”, “Mingəçevir”, “Sovet Naxçıvanı”, “Əməyə eşq olsun!”, “Gədəbəyin sərvəti”, “Abşeronun ocaqları”, “Səhər nəğməsi”, “Xəzər neftçiləri haqqında dastan” və s. sənədli filmlərlə qaldı.“Xəzər neftçiləri haqqında dastan” filmi ilk dəfə Kann festivalında beynəlxalq mükafata layiq görüldü.
Ardı var
visiontv.az