İranlı sosioloq Ehsan Huşmənd “İran diplomatiyası” saytında dərc olunan məqaləsində Cənubi Qafqazda gedən proseslər və İranın xarici siyasətinə dair fikirlərini bölüşərək Azərbaycanla bağlı qərəzli iddialar irəli sürüb.
O, ABŞ diplomatı Pol Qobelin illər əvvəl təklif etdiyi, Laçın və Zəngəzur dəhlizlərinin ərazi mübadiləsini nəzərdə tutan planı xatırladaraq, bunun guya İranın “geostrateji maraqlarına” qarşı yönəldiyini iddia edib.
Ekspert hazırkı “Tramp marşrutu” ilə bağlı razılaşmanın da Azərbaycan və Ermənistan arasında sülh sazişi çərçivəsində Amerika, İsrail və Türkiyənin maraqlarına xidmət etdiyini, bunun isə İranın regional mövqeyinə zərər vuracağını bildirib.
Məqalədə səslənən fikirlərdə Bakının guya Tehranla məsafə yaratdığı, Zəngəzur dəhlizinin isə Bakının maraqlarını üstün tutduğu kimi qərəzli yanaşmalar yer alıb.
Sosioloq İranın Qafqaz siyasətində “strateji çaşqınlıq” yaşadığını və bu səbəbdən ölkənin bölgədəki proseslərdən kənarda qaldığını açıqlayıb.
Onun fikrincə, İslam Respublikası bu vəziyyətdən çıxmaq üçün bütün imkanlarını koordinasiyalı şəkildə səfərbər etməlidir.
Ancaq yazıda yer alan bu iddialar bölgədəki real geosiyasi vəziyyəti əks etdirmir. Azərbaycan bölgədə sülhün və əməkdaşlığın tərəfdarı kimi çıxış edir, Zəngəzur dəhlizi isə ölkələr arasında iqtisadi əlaqələri gücləndirəcək layihə kimi nəzərdə tutulur. İranlı ekspertin mövqeyi isə daha çox subyektiv və qərəzli xarakter daşıyır.
visiontv.az