Son günlərin ən yaramaz personası... – Bəybala Mirzəyev
Son günlərin ən yaramaz personası... – Bəybala Mirzəyev
29.07.2021 Bəybala Mirzəyev Tərəfindən

Axı ermənilər 44 günlük müharibədəki məğlubiyyətlərindən sonra bu qadını İrəvandan qovmaq istəyirdilər.

Bəs nə baş verdi ki, indi bu qadın ermənilər üçün ən əziz adamlardan birinə çevrilib? Bu əcaib diplomat ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysidir. Bildiyiniz kimi L.Treysi bu ölkənin Müdafiə Nazirliyinin nümayəndələrinin müşayəti ilə bu günlərdə Ermənistan-Azərbaycan sərhədində olub, sərhəddəki Geqarkunik bölgəsinə baş çəkib. Korpus komandiri general-mayor Arayik Arutyunyan səfirə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Bundan sonra amerikalı diplomat sərhədin Yuxarı Şorj yaxınlığındakı hissəsində olub.

Səfir Treysi ABŞ-ın Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını bir daha ifadə edərək, Birləşmiş Ştatların demarkasiya vəziyyətində güc tətbiqini qəbul etmədiyini vurğulayıb. Amma məhz səfirin bu səfərindən və bu açıqlamasından sonra Ermənistan sərhəddə güc tətbiq etməyə çalışır. Qəribədir deyilmi? Amerikalı xanım səfir sanki üzdə bir söz, arxada isə tamam ayrı söz deyir. Daha doğrusu, Treysi arxada erməniləri qızışdırır. Onun Geqarkunikə səfəri də məhz buna xidmət edirdi.

O, erməni generallarına dəstək verməyə getmişdi. Treysidən daha öncə isə Fransanın Ermənistandakı səfiri diplomatik həddi aşaraq Şuşanın statusundan dəm vurmuşdu. Sözün açığı, Fransanın Azərbaycandakı səfiri Zakari Qross da bu ölkənin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakottun tayıdır. Bir bezin qırağıdırlar. Yeri gəlmişkən, C.Lakott da bu günkü açıqlamasında təxminən ABŞ səfiri ilə eyni mövqedən çıxış edib, oxşar ifadələr səsləndirib: "Fransa Ermənistanla Azərbaycan arasında siyasi proseslərin bərpasına çağırır, lakin bu proses ədalətli olmalıdır və güc və ya başqa bir təsir altında həyata keçirilməməlidir".

Göründüyü kimi ABŞ və Fransa səfirləri ədaləti yalnız erməni prizmasından görürlər və onların məqsədi o həddə qədər qızışdırmaqdır ki, nəticədə Ermənistan KTMT-nı tərk etmək imkanı əldə etsin. Bu isə sözügedən ölkələrə öz hərbi qüvvələrini regiona gətirmək üçün zəmin yarada bilər. Fransa hazırda məhz buna can atır. ABŞ da onun dəstəkçisi rolunda çıxış edir. Linn Treysi də məhz bu səbəbdən birdən-birə ermənilərin sevimlisinə çevrilib. Persona non-qratanın anidən persona-qrataya çevrilməsi bax bu cür baş verir.

Visiontv.az