Son 8 ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın güclənməsi müşahidə olunub
Son 8 ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın güclənməsi müşahidə olunub
04.07.2024 Vüqar Bayramov Tərəfindən

Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşü bu gün öz işinə başlayır. "ŞƏT+” formatında keçiriləcək Sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. Bu nüfuzlu təşkilatın Zirvə görüşündə iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev Astana şəhərində səfərdədir. Artıq Azərbaycan Prezidenti bir sıra dövlətlərin rəhbərləri ilə görüşlər keçirib və vacib sənədlər imzalanıb. Qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Pakistanın dövlət rəhbərlərinin də birgə görüşü baş tutub.

23 il əvvəl yaradılan ŞƏT regional əməkdaşlıq forumu statusuna malik olmaqla 9 üzv (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) dövlətlərini özündə birləşdirir. Təşkilata üzv olan 9 ölkənin birgə nominal ümumi daxili məhsulu (ÜDM) 24.4 trilyon dollardır və Avropa İttifaqının birgə ÜDM-dən 6.0 trilyon dollar çoxdur. Təşkilata üzv olan dövlətlər qlobal nominal ÜDM-in 20 faizdən çoxunu formalaşdırırlar. Dünya neft ehtiyatlarının 20, qaz rezervlərinin isə 44 faizi bu təşkilata üzv olan ölkələrin payına düşür. Dünya əhalisinin 40 faizinin məskunlaşdığı təşkilat dövlətlərinin qlobal iqtisadiyyatdakı payı hər il daha da atmaqdadır.

2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Son 8 ildə Azərbaycan ilə təşkilat arasında əməkdaşlığın güclənməsi müşahidə olunub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra regionda formalaşan yeni düzən fonunda ölkəmiz ilə əməkdaşlığın genişləndirilməsi təşkilatın da regional maraqlarına uyğundur. Belə ki, Azərbaycan regional və bölgəni əhatə edən beynəlxalq layihələrin, o cümlədən nəqliyyat dəhlizlərinin uğurla icrasında və genişləndirilməsində xüsusi töhvəyə malik olan dövlətlərdəndir.

Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir və istiqamətdə də fəaliyyətin güclənməsi müşahidə olunmaqdadır. Belə bir status qarşılıqlı olaraq hər iki tərəf üçün faydalı hesab olunur. Cənab Prezidentin rəhbərliyi ilə Qərb ilə Şərq arasında mühüm körpü rolu oynayan Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyi daha da möhkəmlənməkdədir. Astanada keçirilən görüşlər və aparılan vacib müzakirələr bunu bir daha təsdiq edir.

Vüqar Bayramlı

visiontv.az