Siyasi dialoq və əməkdaşlıq mühitinin daha da dərinləşməsinə böyük ehtiyac var
Siyasi dialoq və əməkdaşlıq mühitinin daha da dərinləşməsinə böyük ehtiyac var
10.09.2021 Hikmət Babaoğlu Tərəfindən

Azərbaycanda siyasi dialoq mühiti dərinləşir, yeni siyasi ənənələr yaranır və siyasi sistemin rəng palitrası zənginləşir

Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirib. Bu görüş siyasi sistemimizdə dialoq mühitinin daha da dərinləşməsi istiqamətində atılan növbəti mühüm addımlardan biridir. Əslində, görüşün mövzusu özlüyündə həm qiymətləndirmə, həm təsbit, həm də çağrış mahiyyəti daşıyır.

Xüsusi qeyd olunmalıdır ki, əldə etdiyimiz böyük tarixi Zəfər həm də siyasi sistemimizin struktur tərkibi olan siyasi partiyaların həmrəylik nümayiş etdirməsi və tarixi sınaq qarşısında milli maraqlar ətrafında bilik nümayiş etdirə bilməsi sayəsində reallığa çevirilib. Biz artıq yeni reallıqda yaşayan müzəffər xalq kimi siyasi münasibətlərimizdə də yeni keyfiyyət mərhələsinə qədəm qoymaqdayıq.

Ona görə də bu məsələyə diqqət çəkən Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən siyasi partiya rəhbərlərinə Prezident İlham Əliyevin adından  ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən fəaliyyətlərinə görə təşəkkürünü bildirib. Əlbəttə, siyasi sistemin təkmilləşməsi, onun fəaliyyətinin milli maraqlar ətrafında konsolidasiya olunması demokratik cəmiyyətdə daim  ən aktual məsələlərdən biri olmuşdur.
Görüşdə yadda qalan əsas  xüsuslardan biri də siyasi fəaliyyətin yenidən və daha yaxşı təşkili üçün yeni qanunvericilik bazasının yaradılması, siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsi istiqamətində aparılan müzakirələr olmuşdur. Qeyd edilmişdir ki,  ölkəmizdə aparılan və siyasi sistemimizin bütün sahələrini əhatə edən islahatlar nəticəsində qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılıb, 25 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələri dövlət qeydiyyatına alınıb, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiya dövlət qeydiyyatına  düşüb. Bütün bunlar isə cəmiyyətdaxili siyasi münasibətlərə müsbət təsir etməklə cəmiyyətdə siyasi proseslərə yeni yanaşma formalaşdırıb. Siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edib.

Bütün bunlar isə demokratiya tariximizin yeni mərhələsini təşkil etməklə siyasi münasibətlər sistemimizə rasionallıq və pozitiv siyasi hava gətirib. Ancaq hazırkı postmüharibə mərhələsində qarşımızda olduqca mühüm və tarixi çağırışlar var ki, siyasi sistemimiz iqtidarı və müxalifəti ilə birlikdə bu çağırışın öhdəsindən gəlməyi bacarmalıdır. Ona görə də siyasi dialoq və əməkdaşlıq mühitinin daha da dərinləşməsinə böyük ehtiyac var. Təəssüf ki, bəzi siyasi partiyalar bu ümummilli dialoq platformasından kənarda qalmaqla ölkəmizin ümumi maraqlarına və məqsədlərinə lazımi xidmət göstərməkdən yayınırlar. Bu isə, şübhəsiz ki, siyasi aktiv zümrənin diqqətindən yayınmır və onlara qarşı ictimai qınağa çevirilir.

Millət Vəkili Hikmət Babaoğlu

Visiontv.az