Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün bugünə qədər xeli ölkə vasitəçi olmaq istəyib
Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün bugünə qədər xeli ölkə vasitəçi olmaq istəyib
11.07.2024 Elxan Şahinoğlu Tərəfindən

Bu sırada Türkiyənin, Çinin və Macarıstanın adlarını çəkmək olar. Bu dəfə Hindistan vasitəçilik təşəbbüsü ilə çıxış edib. Hindistanın baş naziri Narendra Modi Rusiyaya səfəri zamanı Kreml sahibi Vladimir Putinlə sülhün vacibliyindən danışıb. Putin bu kimi təşəbbüsləri minnətdarlıqla qəbul etsə də, Ukrayna torpaqlarından əl çəkməyəcəyini bildirir. Aydındır ki, bu şəkildə sülh mümkün deyil.

Buna baxmayaraq, Narendra Modi Putindən başqa məsələdə istədiyini ala bilib. Rusiya Hindistan vətəndaşlarını zorla Ukrayna ilə müharibəyə göndərib. Bu durum uzun müddətdir Dehlini narahat edirdi. Necə olubsa Rusiyaya işləməyə və təhsil almağa gedən bir qrup hindli zorla müharibəyə sövq ediliblər. Hindlilər internetdə yaydıqları görüntülərdə aldadılaraq müharibəyə göndərildiklərini bildiriblər. Vladimir Putin Narendra Modinin istəyini geri çevirməmək üçün cəbhə bölgəsindəki bütün hindliləri vətənlərinə göndərəcəklərini vəd edib. Ən azı iki hindli müharibədə həlak olub. Cəbhə bölgəsində 40 ilə 50 arasında hindlinin ilişib qaldığı barədə məlumat var. Bunların bir qismi saxta şirkətlər vasitəsilə Rusiyada işləmək adıyla ölkəyə gətirilib.

Narendra Modi və Vladimir Putin ticarət maneələrini aradan qaldırmaq və 2030-cu ilə qədər qarşılıqlı ticarət həcmini 100 milyard ABŞ dollarından çox təşkil etmək məqsədini açıqlayıblar.

Liderlər ikitərəfli ticarətin liberallaşdırılması, o cümlədən Azad Ticarət Zonasının yaradılması imkanları üzrə dialoqu davam etdirmək qərarına gəliblər.

Narendra Modinin üçüncü dəfə baş nazir seçildikdən sonra ilk xarici səfərini Rusiyaya reallaşdırması Moskva-Pekin ittifaqının güclənməsiylə bağlıdır. Dehli bu ittifaqın güclənməsindən narahatdır. Vaşinqton da Narendra Modinin Rusiyaya səfərini diqqətlə izləyib. ABŞ-ın siyasi dairələrində hesab edirlər ki, Narendra Modinin Rusiyaya səfər etməsinə baxmayaraq, Dehli Qərblə müxtəlif sahələrdə əməkdaşlığı zəiflətməyəcək. “The New York Times” dərgisində yayımlanan məqalədə Hindistanın balans siyasəti anlayışla qarşılanıb, bir şərtlə ki, Dehli balansı Kremlin xeyrinə pozmasın.

Elxan Şahinoğlu

visiontv.az