Rusiya təbliğat maşınına rəbərlik edənlərin və icraçıların əksəriyyətinin ermənilərdən və şovinistlərdən ibarət olması, Kremldəki bəzi güclərin Azərbaycana qarşı başlatdığı informasiya və şantaj siyasətinə ciddi dəstək verir. Bu fakta bəzi şovinist siyasətçilərin tutduğu anti-Azərbaycan mövqeyini əlavə etsək Rusiya siyasi elitasında mövcud olan xaosu aydın təsəvvür etmək mümkündür.
Demoqrafiq faciənin, sanksiyalar və müharibənin təsiri altında inildəyən Rusiya iqtisadiyyatının ayaqda durmasında MDB-dən olan miqrantların rolunu nəzərə alsaq, bəzi rus siyasətçilərinin səsləndirdikləri şovinist xarakterli bəyanatlar federativ yapıya malik ölkənin gələcəyini də yumşaq desək sual altına salır. Ukraynada faşizmlə mübarizə apardığını deyən Kreml ortaya atdığı deputat Nikolay Valuyev, Yevgeni Popov, Zatulin kimilərinin miqrantlara, əsasən də azərbaycanlılara qarşı dedikləri faşist xarakterli fikirlər Rusiyada yaşayan milyonlarla qeyri-rus millətindən olan vətəndaşların da ünvanına səslənən çağırışlar kimi qəbul oluna bilər. “Rus deyilsənsə düşmənsən” məntiqi Rusiyanın bütövlüyünə yox, onun parçalanmasına xidmət edir. Bunu çox guman ki başına dəyən yumuruqlardan ağlını itirmiş Valuyev kimiləri dərk etməyə bilər. Amma əminik ki, Kremldə oturanların hamısı Valuyev, Popov, Zatulin kimi düşüncə kasadlığı yaşamır. Və MDB çətiri altında toplanan qonşu dövlətlərə düşmən kəsilmək onsuzda izqoy vəziyyətində olan Rusiyanı daha da çıxılmaz duruma salacaq.Valuyevin dediklərini isə uzun-uzadı şərh eləməyə ehtiyac yoxdur. Çünki bu adamın problemi fikirlərdə deyil, daha çox fizioloji yapısındadır. Və bu problemi deputat Azər Badamov çox yaxşı şərh edib. Sitat: “Əgər orta statistik «şobla» nümayəndəsini bədii şəkildə təsvir etmək lazım olsa, Nikolay Valuyevin portreti bunun üçün ən uyğun obrazdır. Sadəcə bu məxluqun antropoloji tipinə baxmaq kifayətdir ki, onun təkamülün dalana dirənmiş bir budağının nadir nümayəndəsi olduğunu və inkişafında neandertal ilə Homo sapiens arasında bir yerdə ilişib qaldığını anlayasan. Valuyev kimi şəxslərin Dövlət Duması deputatı təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir». Sitatın sonu. Bu fikirlərə əlavə nəsə demək haqsızlıq olardı. Ona görə Valuyevə yox, onu bu cür danışdıranlara bir-iki kəlmə fikir bildirmək yerinə düşərdi.
AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə, “Rus evi"nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlarına səmimi reaksiya verib problemi həll etmək əvəzinə Stalin, Hitler sayağı millətləri sürgün etmək barədə düşünən Kreml siyasiləri özlərinin düşdüyü çıxılmaz vəziyyəti və qonşularından asılı durumda olduqlarını görəsən dərk etmirlər. Kremlin bəzi siyasiləri elə düşünür ki, Rusiya hələdə qonşu ölkələri Valuyev, Popov kimi neandertal təfəkkürlü şəxslər vasitəsilə şantaj, təhdid etməklə güclü oldugunu sübut edə bilər. Əsla yox. Rusiyanın hazırki vəziyyəti ona qonşuları ilə, əsasəndə Azərbaycanla ehtiyatlı və səmimi davranmasını diqtə edir. Və bunu biz yox, Rusiyanın düşdüyü Beynəlxalq izolyasiya, iqtisadi inflyasiya və son günlər hakimiyyətdaxili qarşıdurmalar diqtə edir. Azərbaycan görməzdən gəlsə də 44 günlük müharibədən əvvəl Kremlin Rusiyanın emissarı kimi Qarabağa göndərdiyi, hazırda isə Bakıda məhkəməsi gedən milyarder Ruben Vardanyanın təxribatlarını, müharibə vaxtı göndərilən silah-sursatı, sülhməramlı kimi separatçılara verdiyi dəstəyi unutmayıb. Və untmayacaq da. Valuyev kimilərindən fərqli olaraq Kreml sahibləri gözəl bilir ki, Azərbaycan artıq heç kimdən asılı vəziyyətdə deyil, müstəqil siyasət yürüdür, bütün dövlətlərlə əməkdaşlığa hazırdır, o cümlədən Rusiya ilə də. Amma Rusiya da özünü ləyaqətli və sivil bir dövlət kimi aparmalıdır. Kremlin gündəmə atdığı Valuyev kimi siyasilərin səviyyəsi isə ləyaqət anlayışı ilə tərs mütənasibdir. Tənqidi də ləyaqətli adamlara etdirərlər.
Şöhrət El-Dəniz
visiontv.az