Dostlar, maraq mənə güc gəldi, Sabunçunun “Rus Bazarı”na getdim. Mən burda 100 il əvvəl, cavanlıqda olmuşdum, satıcıların əksəriyyəti rus idi. İndi yüzlərlə satıcısı olan bazarda bir neçə rus ya olar, ya olmaz. Yaxşı, alınası mallar da həmin nisbətdədir. Doğrudur zir-zibil çoxdur, amma axtardığın malı tapmaq, hətta yaxşısını almaq olar. Bazar bazar günləri saat 10-da yığılır, 15-dən sonra dağılmağa başlayır. Odur ki, vaxt itirmədən “Rus Bazarı”na gedək və “nə almaq olar, nə olmaz?!” sualına aydınlıq gətirək. Beləliklə...
NƏ ALMAQ OLAR:
1. Bazarda yaxşı və bahalı göyərçin, toyuq-cücə, hətta tovuz quşu almaq olar. Qiymətlər aşağı, seçim yuxarıdır. Məsələn, babat göyərçinin 5-10, tovuz quşunuin fərəsini 100 manata almaq olur.
2. Burda qab-qacaq, yaxşısından pisinə qədər, boldur. Hətta aşağı qiymətə yaxşı xrustal, babat serviz almq olur. Kimin evində, servizində bir-iki kaşı qab, xrustal badə çatmırsa, burdan tapa bilər.
3. Dəmir-dümür, açar dəstləri, təmir alətləri, iti mətbəx bıçağından babat baltaya, yaxşı mişara qədər hər şey var, sadəcə olaraq, başınız çıxmalıdır.
4. Elektrik cihazları – dreldən, ət maşınına, tozsoran qədər, təzəsi, işlənmişi, onların ehtiyat hissələri var, sadəcə olaraq, malı tanımalı, ya da tanıyan adamla gəlməlisiz.
5. Bazarda şüşəli, şüşəsiz, amma yaxşı vəziyyətdə, babat qiymətə eynək almaq olar. Təsəvvür edin ki, “OPTİKA”da 30-40 manata satılan eynəyi burda 3-4 manata almaq olur. Məsələn, mən birini aldım, brenddir, şüşəsi də gözümədir...
NƏ ALMAQ OLMAZ:
1. “Rus Bazarı”ndan pal-paltar, ayaqqabı, hətta krassovka almaq olmaz. Hər şey köhnədir, həddindən artıq çirklidir və keyfiyyətsizdir. Mübaliğəsiz demək olar ki, bu pal-paltardan ancaq tikintidə işləmək, bağda yer belləmək üçün istifadə etmək olar. Qiymətlər çox ucuzdur, hətta 1-2 manata babat ayaqqabı-krassovka almaq olar...
2. Burdan mobil telefonları, onların batareyalarını almaq olmaz, amma aksessurlarına baxmaq olar. Hər şey köhnədir, həddindən artıq çirklidir və keyfiyyətsizdir. Üstəlik, sizə oğurluq telefon satarlar, sonra başınız ağrıyar...
Məndən bu qədər. Sizə uğurlu və sərfəli bazarlıqlar...
Qalib ARİF
visiontv.az