Rəsmi Tehran iddia edir ki, Turan - Zəngəzur dəhlizini NATO Türkiyənin əli ilə həyata keçirmək istəyir...
Rəsmi Tehran iddia edir ki, Turan - Zəngəzur dəhlizini NATO Türkiyənin əli ilə həyata keçirmək istəyir...
10.09.2024 Elbəyi Həsənli Tərəfindən

Iranın ingilisdilli "Mehr News" agentliyi Zəngəzur dəhlizi ilə bağlı yekə bir yazı verib. Məqalədə İran tərəfi birbaşa deyir ki, "Türk Dünyası"nın birləşməsi nə qədər İranın əleyhinədirsə, bir o qədər də Rusiyanın əleyhinədir. Zəngəzur dəhlizinin açılmasına çalışmaqla Rusiya siyasi hesablamalarında ciddi yanlışa yol verir...

Məqalədə anti-türk mövqeyi kəskin şəkildə ortadadır. Təbii ki, bu kimi yazıları İranda yaşayan türklər də oxuyur. Əminəm ki, bu qəbildən olan yazılar soydaşlarımızın İran dövlətinə olan münasibətinə ciddi şəkildə təsir edir. İranda yaşayan bir türk anti-türk mövqeyində olan bir ölkəni niyə sevməlidir ki?..

Məqalədə deyilir ki, hazırda İranın İsrail ilə də ciddi problemi var. Buna baxmayaraq İran Zəngəzur dəhlizi məsələsinin baş tutmasına imkan vermək fikrində deyil. Gərəkərsə İran iki cəbhədə belə vuruşmağa hazırdır...

Məqalədə bir ifadə xüsusi diqqətə layiqdir: “NATO's Turani Corridor” (NATO-nun Turan dəhlizi). İran tərəfi iddia edir ki, Turan dəhlizini-Zəngəzur dəhlizini məhz NATO Türkiyənin əli ilə həyata keçirmək istəyir...

Ortaya belə bir sual çıxır: Əgər NATO Turan dəhlizini açmaq istəyirsə, İran bunun qarşısını ala bilərmi? Siyasətdən xəbərdar olan heç bir ağıllı adam bu suala müsbət cavab verə bilməz...

Bir şeyi də deyim. İranın siyasi elitasının demək olar ki, hər gün Zəngəzur dəhlizindən bəhs edən mövqedən çıxış etməsi həm də onu deməyə əsas verir ki, artıq bu məsələ ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. İran isə hələ də hədə-qorxu yolu ilə Zəngəzur dəhlizinin açılmasının qarşısını ala biləcəyinə ümid edir. Ancaq unudurlar ki, Zəngəzur dəhlizi olmazsa-olmaz anlamında olan bir şeydir...

Elbəyi Həsənli

visiontv.az