Qlobal liderlik uğrunda mübarizə...
Qlobal liderlik uğrunda mübarizə...
05.07.2024 Bəybala Mirzəyev Tərəfindən

Və Ərdoğanı ciddi şəkildə düşündürməli olan məsələ...

Hazırda qlobal geosiyasi qasırğa dönəmi yaşanmaqdadır. Dünyanın bloklaşma prinsipi üzrə format olunması prosesi gedir. Ayrı-ayrı dövlətlər müxtəlif bloklarda, ittifaqlarda birləşirlər. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının Astanada keçirilən növbəti Zirvə görüşünü də ilk növbədə məhz mövcud geosiyasi qasırğa fonunda dəyərləndirməliyik. ŞƏT-in Astana Zirvəsi əsl həqiqətdə üzv-dövlətlərin əməkdaşlıq toplantısı yox, Çin və Rusiyanın rəqabət məclisi kimi yadda qaldı.

Və Rusiya lideri Vladimir Putin bütün səylərinə baxmayaraq bu yarışı, bu qarşılaşmanı uduzdu. Astana Zirvəsinin favoriti Putin yox, Çin Xalq Respublikasının Sədri Si Zinpin oldu. Öz növbəsində son vaxtlar Putin ilə münasibətlərində kifayət qədər soyuqluq yaşanan Qazaxıstan Respublikasının prezidenti Qasım-Jomart Tokayev də Astana Zirvəsinin Si Zinpin üçün triumfa çevrilməsi, Putinin isə ikinci planda qalması üçün əlindən gələn hər şeyi etdi.

ŞƏT vaxtilə Putinin təşəbbüsü ilə və öz də məhz Çinin Mərkəzi Asiya ölkələrində təsirinin genişlənməsini önləmək üçün yaradılmış olsa da, lakin bundan öncəki Səmərqənd Sammitində olduğu kimi Astana Zirvəsi də hazırda ŞƏT-də məhz Çinin əsas söz sahibi olduğunu bir daha açıq şəkildə ortaya qoydu. Putin isə bu Zirvə toplantısında sadəcə “ikinci skripka” rolunda çıxış etməli oldu. Ona görə də biz ŞƏT-i tam əminliklə Çin və Rusiyanın liderlik uğrunda rəqabət təşkilatı adlandıra bilərik. Təşkilatın adındakı “Əməkdaşlıq” sözü isə sadəcə butaforiyadır, görüntüdür. Burada hər hansı real əməkdaşlıqdan söhbət belə gedə bilməz.

Bəli, Çinin geosiyasi iddiaları həddindən artıq böyükdür və Çin hazırda həm ŞƏT-dən, həm də BRİCS-dən anti-Qərb koalisiyasının formalaşdırılması, “Qlobal Cənub” adlı yeni geosiyasi qütbün, düşərgənin yaradılması üçün maksimum dərəcədə yararlanmağa çalışır. Zinpinin qlobal liderlik uğrunda mübarizəsi, eyni zamanda, Putinlə rəqabət məsələsinə çevrilir.

Çin lideri Kremlin planlarının ziddinə gedərək ilk növbədə məhz Mərkəzi Asiyanın postsovet respublikalarını ŞƏT və BRİCS vasitəsilə öz “qanad”ı altında toparlamağa çalışır. Və o, bu məqsədinə demək olar ki, bir xeyli dərəcədə nail olub. Belə ki, Qazaxıstan artıq tam olaraq Çinin patronajlığını qəbul edib. Tokayevin son vaxtlar Putinə qarşı gövdə nümayişi də məhz bu patronajlığın yaratdığı psixoloji arxayınlıqdan, özgüvəndən irəli gəlir.

Qarşıdakı dövrdə Qırğızıstan və Özbəkistanın da Çindən iqtisadi asılılığının sürətlə artacağı gözlənilir. Rusiya isə bu prosesin qarşısını heç cürə almaq iqtidarında deyil. Rusiya ən yaxşı halda Çinlə birgə “xor” ifa etməyə məcburdur.

Çinin regiona nüfuz etməsi və Mərkəzi Asiya ölkələri üçün yeni 'böyük qardaş'a çevrilməsi təkcə Rusiya üçün deyil, Türkiyə üçün də ciddi çağırışdır. Rusiya Çinin bu geosiyasi, geoiqtisadi həmləsi qarşısında özünün ənənəvi təsir zonası saydığı Mərkəzi Asiyadan tədricən sıxışdırıldığı kimi Türkiyənin də regionun türk dövlətləri ilə inteqrasiya səyləri ciddi təhdidlə üzləşir.

Çinin hazırda Mərkəzi Asiya ölkələrinin çətin dövrdən keçməsindən yararlanaraq onlara təsir imkanlarını getdikcə daha da artırması istər-istəməz Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsinə də öz mənfi təsirini göstərir. Ona görə də TDT Mərkəzi Asiyanın türk cümhuriyyətlərinin Çinin xammal bazarına çevrilməsini önləmək üçün alternativ plan işləyib hazırlamalıdır. Mərkəzi Asiya dövlətlərinin Çinin “yumşaq güc” diplomatiyasına ən çox məruz qalan ölkələr halına gəlməsi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı da ciddi şəkildə düşündürməlidir...

P.S.

Yeri gəlmişkən, bu gün Şuşa şəhərində işə başlayacaq Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü bu məsələlərin türk dövlətlərinin liderləri səviyyəsində dərin müzakirəsi üçün ideal fürsətdir. Hərçənd ki, Türkiyə liderinin bu sammitdə iştirak etməyəcəyi bildirilir.

(ardı var)

visiontv.az

Bəybala Mirzəyev