Qlobal aktyorluq: Rəhmətlik Brejnev kimi Makron da qarşısına çıxan ölkənin liderini tutub qucaqlayır, marçıltı ilə hər iki üzündən öpür
Qlobal aktyorluq: Rəhmətlik Brejnev kimi Makron da qarşısına çıxan ölkənin liderini tutub qucaqlayır, marçıltı ilə hər iki üzündən öpür
07.05.2024 Bəybala Mirzəyev Tərəfindən

Rəhmətlik Brejnev kimi Makronun da olduqca qəribə bir xüsusiyyəti var: o da qarşısına çıxan istənilən ölkənin liderini tutub qucaqlayır, marçıltı ilə hər iki üzündən öpür və yersiz dərəcədə mehribanlıq göstərməyə can atır.

Siyasi liderlərin profili ilə, dünyanın hökumət və dövlət başçılarının şəxsiyyətlərinin siyasi-psixoloji analizi ilə məşğul olan mütəxəssislərin Makronun bu davranışını hansı motivlərlə izah etmələri barədə uzun danışmaq fikrim yoxdur. Sadəcə olaraq Çinin lideri Si Zinpinin Fransaya səfəri zamanı Makronun ona qarşı qeyri-səmimi mehribançılığını göstərən kadrları görəndə bir daha əmin oldum ki, bu adam əsl aktyordur və öz rolunu çox gözəl oynayır.

Hərçənd ki, fransız lider Çin Xalq Respublikasının rəhbərinə qarşı daxilən dərin antipatiya hissi bəsləyir. Lakin bu, ona Si Zinpinə qarşı ifrat qonaqpərvərlik göstərməyinə əsla mane olmadı.

Bu qonaqpərvərliyin arxasında isə təbii ki, Makronun geosiyasi və iqtisadi maraqları, təmənnaları dayanır. Rusiya və Almaniyanın hazırda Çin ilə sıx iqtisadi-siyasi əlaqələr qurması fonunda Makron da necə deyərlər, ümumi "kökə"dən pay qoparmağa, Çin-Fransa ticarət əlaqələrini keyfiyyətcə yeni müstəviyə çıxarmağa, Fransa məhsulları üçün Çin bazarına yol açmağa, Fransanın sənaye nəhəngləri üçün Çindən böyük razılaşmalar əldə etməyə çalışır.

Ancaq Makronun Çin liderinə qarşı həddindən artıq iltifatlı davranışları öz ölkəsində ciddi ictimai qınaqla və siyasi opponentləri tərəfindən sərt tənqidlə qarşılandı.

Məsələn, qatı müxalif mövqeyi ilə tanınan fransalı siyasətçi Rafael Qluksman bildirib ki, prezident Emmanuel Makron əslində Çinə qarşı sərt münasibət sərgiləməli və rəsmi Pekinin uyğurlara qarşı cinayətləri qarşısında susmamalıydı.

Qluksman onu da vurğulayıb ki, "Si Zinpin bizim dostumuz deyil. Çin hökuməti tərəfindən uyğur xalqının repressiyası, tibetlilərin və honq-konqluların repressiyaları, müxalifətçilərin sıxışdırılması və tayvanlılara qarşı təhdidlərə görə” Makronun Çin prezidentinin ayağı altına qırmızı xalça sərməsi, səfər üçün həddindən artıq mehriban mühit yaratması düzgün deyil.

Bir sözlə, R.Qluksman açıq şəkildə demək istəyib ki, Makron əslində riyakarlıq edir.

Görünən budur ki, müsyö Qluksman Makronu elə də yaxşı tanımır. Makron hələ bankirlik karyerasını qurmağa başladığı vaxtdan riyakarlığı özünün başlıca xüsusiyyətinə çevirib. Bu da ona gah Napoleon kimi lovğa, gah da marşal Peten kimi yaltaqca davranmağına kömək edir. Onun, hələ sağlığında "fahişə" (Püten) adlandırılımış marşal Filip Peteni "qəhrəman" adlandırması da elə bu xüsusiyyətindən qaynaqlanır.

Sözün qısası, adam oynadığı rollarının öhdəsindən ustalıqla gəlməyi bacarır. Kim bilir, bəlkə də fransızlar gələcəkdə Makrona siyasətçi kimi yox, məhz aktyor kimi heykəl qoyacaqlar. Qlobal aktyorluqlarına görə.

P.S.

Yazımın əvvəlinə qayıdaraq deyim ki, siyasi portretşünaslıqla məşğul olanlar üçün Makronun ziddiyyətlərlə dolu psixoloji tipi həqiqətən də əla mövzudur.

Bəybala Mirzəyev

visiontv.az