Qəzvində 6 iş yeri Ramazanda fəaliyyət səbəbilə möhürlənib
29.03.2024

İranın Qəzvin şəhərində 6 iş yeri Ramazan ayında müştərilərə xidmət göstərdiyi səbəbilə möhürlənib.

Bu barədə rəsmi xəbər agentliyi İRNA Qəzvin vilayətinin bizneslərə nəzarət rəisi Mahmud Şəfiiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu iş yerləri Ramazan ayında fəaliyyət göstərmək üçün lazımi lisenziyaları olmandan müştərilərə xidmət göstərdiyi səbəbilə müəyyən edilərək möhürlənib.

İranda restoran və kafelər Ramazan ayında fəaliyyətini davam etdirmək üçün lisenziya almalı və restoranın içərisinin görünməməsi üçün mağazanın qapı və pəncərələrinin şüşələrini örtməlidir.

Kababxanalar, səhər yeməyi restoranları, restoranlar, qənnadı məmulatları, şirə və dondurma satıcıları, kafelər və digər isti yemək xidməti göstərən iş yerlərinin Ramazan ayında oruc saatlarında fəaliyyət göstərmələri qadağandır.

Yalnız bəzi restoranlar lisenziya almaqla turistlərə, səyahətçilərə və xəstələrə xidmət göstərə bilər.

Şəfiinin sözlərinə görə, Qəzvində daha 43 iş yeri də fəaliyyət göstərmək üçün lisenziyaları olsa da, mağazanın şişələrini örtmək kimi qaydalara əməl etmədikləri səbəbilə xəbərdarlıq alıblar.

İranda ümumi olaraq iş yerləri hicaba və ya İslam qaydalarına riayət edilmədiyinə görə möhürlənir. Ramazan ayında isə restoran və kafelər müəyyən olunmuş qaydalara uyğun olaraq fəaliyyət göstərmədiyi halda bu, onların bəzən bir neçə ay bağlanmasına səbəb ola bilər.

visiontv.az