Qolqəti kəndi abad və səliqəli görkəmi ilə adamı valeh edirdi. İrəllədikcə yol kənarındakı ağaclar, həyət hasarlarının üstündən salxımlanıb sallanan al güllər göz oxşayırdı. Ara-sıra qarşımıza çıxan adamların üz-gözündən məğrurluq hiss edirdik. Üz tutduğumuz ünvanı tapmaq çətin olmadı. Yaraşıqlı həyət qapısında bizi uca boylu, orta yaşlı Qalib Abdullayev qarşıladı. Telefon danışıqlarımız olduğundan gəlişimiz onun üçün gözlənilməz deyildi. İlk baxışdan Qalib bəyin mavi gözlərinin dərinliyində səmimiyyəti sezmək olurdu. Bir az yorğun olduğunu da başa düşdük.
Onun əmisi, Sovet İttifaqı Qəhrəmanı Səməd Abdullayev haqqında söhbətə başlamazdan ilk sualımız Qolqəti kəndinin adının haradan qaynaqladığı oldu. Müsahibimizin simasına xəfif təbəssüm çökdü. Sanki bu təbəssüm onun yorğunluğunu bir andaca qeybə çəkdi. Onun sakini olduğu kəndin adının maraqlı xalq etimalogiyası sadə olduğu qədər də elə məntiqli idi. Burda yaşayan insanlar ta keçmiş zamanlardan qoldan qəti, nankora qol gücü ilə yerini göstərmələri ilə ətraf yaşayış məntəqələrində ad çıxarmış, el-oba təəssübü çəkən olmuşlar.
Biz bar-bağatlı həyətdən keçib, muzeyin binası yerləşən kiçik bağçaya daxil olduq. Bura Türyançay dərəsinin Tufandağdan gətirdiyi mehin ləki düzünün yaz istisinə qovuşduğu olduqca əsrarəngiz guşə idi. Yenicə bar düşmüş gilas budaqlardan sallanan çəhrayi sırğalara oxşayırdı. Qızılgüllərin ətiri adamı qəribə ovqata kökləyirdi. Hardasa düşüncənə hakim kəsilən fikiri ürəyində təkrarlamaqla sanki özünü inandırmağa çalışırsan ki, yaz məhz bu kiçik baxçada doğulub. Yaşıllığın əhatəsində qara postament üzəridə məğrur duruşlu büst çox güman ki heykəltaraşın qəhrəmanın həyatını yaxşı öyrənməsi ilə bağlı əzəmətli görnüş verə bilməsi diqqət çəkir. Kiçik bağçada büstün böyüklüyü ətrafla harmonik müntənasiblik yardırdı. İstər istəməz ziyarətçi ilk andaca qəhrəmanın cəsur, mətin görkəminin xəyalında canlandırdığı obrazın eynisi olduğunu düşünür.
Muzey Azərbaycan xalqının ləyaqətli oğlu şəhid Məhəmməd Əsədovun şəxsi təşəbbüsü və səyi ilə təşkil edilmişdir. Belə ki Məhəmməd Əsədov qısa müddətdə, 1988-1989-cu illərdə, cəmi bir il Ağdaş rayonunda katib işləmiş, məhz həmin dövürdə də Sovet İttifaqı Qəhrəmanı Səməd Abdullayevin ev muzeyinin yaradılmasına, onun büstünün qoyulmasına nail olmuşdur. İlk illər muzey Mədəniyyət Nazirliyinin sonradan ictimai əsaslarla kənd bələdiyyəsinin balansında olmuşdur. İndi xatirə muzeyi mərhum qəhrəmanın qohumları tərəfindən qorunub, saxlanılır.
Sənədlər, fotşəkillər, xatirələr nisgil dolu məqamlar və bir də müəmmalar…
Niyə mənə şəkildəki baxışlar doğma gəldi? Könə fotodan boylanan gənc qadın. Yaddaşımı silkələməyə çalışıram. Qalib Abdullayev, Səməd Avdullayevin qardaşı oğlu geriyə dönüb mənə yaxınlaşdı.
-Bu əmimin nişanlısı, Səfura xanımın şəklidir. Əmimin qara kağızı gələndən xəstə düşüb, üç ay sonra vəfat edib.
Gözüm qaraldı. Müvazinətimi itirməmək üçün əlimi qırmızı məxmər örtüklü stola dayaq tuturam. Mənə baxışların doğmalığı haradan olduğu bəlli olur. Cəmi 30 yaşında dörd uşaqla tək qalan nənəmin baxışlarındakı eyniyyət. Babam da o lənətə gəlmiş müharibədən geri dönməyib. Ardınca həsrət, giley, ümid dolu baxışları boylanıb nənəmin.
Səməd Həmid oğlu Abdullayev 1 mart 1917- ci ildə Ağdaşın Qolqəti kəndində doğulub. Yanlış olaraq bütün sənədlərdə onun doğum tarixi 1920-ci il göstərilir. Lakin Ağdaş Pedoqoji texnikumunu 1937- ci ildə bitirən məzunun 1920- ci il təvəllüd olması inandırıcı deyil. Bu barədə onun öz əli i1935- ci ildə yazdığı tərcümeyi-halda da yazılıb.
Gənc müəllim 1937-ci ildə təyinatla Oğuzun Küsnət kəndinə göndərilir. Səməd müəllim burada 4 il müəllimlik fəaliyyətilə məşğul olur. Qısa müddətdə yerli camaat arasında nüfuz qazanır. 1941- ci ilin avqust ayında orduya çağırılan Səməd müəllim Tiflisdə hərbi-tibb kurslarında üç ay təlim keçir. Onun döyüş yolu Şimali Qafqazdan 18- ci ordunun 318-ci dağ-atıcı diviziyasının tərkibində başlayır. Çoxsaylı ağır döyüş əməliyyatlarında iştirak edən Səməd Abdullayev qorxmazlığı ilə hamının sevimlisinə çevrilir.
1943-cü ilin oktyabrında Sovet qoşunları güclü əks hücuma keçərək Kubanı, Novorassiyskni düşməndən geri almağı qarşıya məqsəd qoyur. Almanlar Taman yarmadasında “Mavi Xətt” yaratmışdılar. Onlar İtaliyadan çəkib gətirdikləri 17-ci ordunun tərkibində 85 min əsgər var idi. Almanıarın 17-ci ordusunun 5-ci korpusu işğal etdikləri ərazidə ciddi müqavimət göstərirdi. Qızğın döyüşlərin 35-ci günü Səməd Abdullayevin vuruşduğu bölük Midiridat dağlarında düşmənin arxasına keçməyə müvəffəq olur. Bu dağlardan Kerç ovuc içi kimi görünürdü. Əlbəyaxa döyüşlərdə Səməd Abdullayev şəxsən 7 alman əsgərini məhv edir. O, öz komandirinin həyatını da xilas etməklə misilsiz rəşadət göstərir. Beş gün davam edən döyüşlərdə Qamış Burun rayonu azad edilir. Eltikən yaşayış məntəqəsi də daxil olmaqla almanlardan azad edilən ərazilər hərbi-strateji cəhətdən böyük əhəmiyyət kəsb etməklə yanaşı düşməndə vahimə yaradır. Eyni zamanda bu uğur ruh yüksəkliyi, təşəbbüs ələ almaq, qələbəyə gedən yolun başlanğıcını qoymaq kimi həddindən artıq böyük əhəmiyyət kəsb edirdi. Həmin döyüşlərdə 48 nəfər əsgər və zabit Sovet İttifaqı qəhrəmanı adı allr.
Səməd Abdullayev SSRİ Ali Sovetinin qərarı ilə ona 17 dekabr 1943-ci ildə verilən ən yüksək fəxri ad xəbərini hospitalda müalicə olunarkən alır.
Səməd Abdullayevin həyatındakı müəmmalar dövrü məhz onun sağalaraq cəbhəyə qayıtması ilə başlayır. 1944- ci ilin yazındakı hərbi əməliyatlarda iştirak edən Səməd Abdullayev ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilir. Həmin iilin may ayında o qısa müddətli məzuniyyətlə vətənə dönür. Bakıdan Ağdaşa xüsusi olaraq qəhrəmanın qarşılanmasına hazırlıq görülməsi tapşırığı verilir. Onun doğulub boya-başa çatdığı Qolqəti kəndindən Ləki stansiyasına qədər məktəblilər yol boyu müxtəlif şüarlarla əfsanəvi qəhrəmanın gəlişini gözləyirlər. Səməd müəllimin anası Xəsə xanımın, nişanlısı Safura xanımın sevinci yerə-göyə sığmır. Fəqət bu gözlətinin sonu vüsal olmur. Nədənsə Səməd Abdullayev Bakıdan geri, cəbhəyə qayıdır. Qeyri-rəsmi məlumatlara görə bu işdə digər Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovla bağlı baş verən xoşagəlməz olayların olması deyilir. Görünür qəhrəmanın şöhrətinin parıltısı kimlərinsə gözlərini qamaşdırdığından onunun respublikada qalması məqbul hesab edilmir.
Səməd Abdullayev müəmması bunla da bitmir. O anasına öz əli ilə yazdığı məktubda Sovet İttifaqı qəhrəmanı adını aldığını bildirir. Amma nədənsə onun ölüm tarixi 5 noyabr 1943- ci il göstərilir. Hansı ki, Səməd Abdullayev 1944- ci ilin may ayında Bakıda olub.
Müəmmalar seriyası bunula da qurtarmır. Çox qəribə “təsadüf” SSRİ-nin Podolski Hərbi Arxivindən Səməd Avdullayevə məxsus işin arasından bir neçə vərəq cırlaraq götürülür. Arxivin erməni əsilli rəhbərliyi üçün yəqin belə hal adi bir şeydir.
Ağdaşın Qolqəti kəndində doğulub, həyatının iyirmi ilini doğmaları ilə keçirən, dörd illik müəllim fəaliyyətində Oğuzun Küsnət kəndində məktəblilərə yazıb-oxumaq öyrədən, həyatının üç ili isə II Dünya Müharibəsi alovlarında qarsan Səməd Abdullayevin qərib məzarı Kerç yaxınlığında Georqyeskidədir. Onu iki yaşında atasızlığın acısı ilə baş-başa buraxıb dünyasını dəyişən atası Həmid bəyin, əbədi ayrılığına dözməyib ürəyi qübardan dayanan nişanlısı Safurə xanımın, dünyaların sevgisinə ölçü ola bilmədiyi anası Xəsə xanımın qəbri Qolqəti qəbristanlığındadır. Cəbhədə hələk olan qardaşı leytenat Abduxalıq isə Somelenskidə qardaşlıq məzarlığında uyuyur.
Xəyalən o ruhuları öz ocaqlarında qovuşdurmaq səvabını yaşamaq təsəllisi ilə allah rəhmət eləsin
Pərviz Yəhyalı
visiontv.az