Rusiya prezidenti Vladimir Putinin investisiya üzrə nümayəndəsi Kirill Dmitriyev Vaşinqtonda ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşüb. Bu, Ukrayna müharibəsi başlayandan sonra yüksək rütbəli rusiyalı rəsminin ABŞ - yə ilk səfəri kimi qiymətləndirilir. Dmitriyev Tramp komandasındakı bir neçə əsas fiqurla sıx əlaqələrə malikdir.
Bu isə Putinin Dmitriyevi xüsusi elçi təyin etməsi təsadüfi olmadığını göstərir. Eyni zamanda iqtisadiyyatdan yaxşı anlayışının olması hansı riskləri gozə alacağını yaxşı müəyyənləşdirməyə imkan verir. Eyni zamanda Kiril Dmitriyevin dövlət başçısının qızları ilə ailəvi münasibəti var. ABŞ - nin iqtisadi - maliyyə dairələri ilə dərin əlaqələrə malik olan Dmitriyev Vaşinqtonda keçirdiyi görüşdə ölkəsinin mövqeyini amerikalı rəsmiləri çatdıra bilib. Rusiyanın bu dəfəki mövqeyinə baxdıqda yumşalma daha aydın hiss olunur. Məsələn, görüşdən sonra Dmitriyev verdiyi açıqlamada bəyan edib ki, ABŞ - nin yeni admistirasiyası onlara anlayışlı yanaşır. Kreml Kiril Dmitriyevi Vaşinqtona göndərərkən ondan əsas gözlənti Ukraynadakı müharibə ilə bağlı maksimum güzəştə nail olmaq, ölkəsinə üzərinə qoyulmuş ağır sanksiyaların qaldırılmasını təmin etmək və ABŞ - dan Rusiyaya sərmayə cəlb etməkdir. Dmitriyev verdiyi açıqlamada ABŞ şirkətlərinin Rusiyanı tərk etmiş Avropa şirkətlərinin yerini tutmaqda maraqlı olduğunu bildirdi. Fürsətdən istifa edən rusiyalı nümayəndə COVID - 19 pandemiyadan əvvəl keçilən və Ukraynada müharibənin başlanması ilə bərpa edilməyən ABŞ - Rusiya təyyarə reysinin bərpasının vacibliyini də diqqətə çatdırıb. Rusiya iqtisadiyyatında son zamanlar yaranan çətinlik, Mərkəzi Bank və hökumət arasında yaranan narazılıq ölkəyə yeni investisiya qoyuluşunu ön plana çəkir. Görünür qalıcı atəşkəs üçün Rusiyanın ilkin şərtlərindən biri də məhz bu olacaq. Bununla bərabər Dmitriyev ölkəsinin güzəştə getməyə hazır olduğu barədə də ehyam vurub. “Fox News”-a müsahibəsində Dmitriyev Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinin mümkünlüyündən danışıb. O deyib ki, Ukrayna üçün bəzi təhlükəsizlik təminatları “məqbul sayıla bilər”.
Dmitriyev Ukraynanın Rusiyanın enerji obyektlərinə hücum etdiyini, əvvəl əldə edilmiş razılaşmanı pozduğunu iddia edib. Lakin buna baxmayaraq, Ağ Evdə keçirdiyi danışıqların “müsbət notla” başa çatdığını vurğulayıb. Görüşün ən maraqlı tərəflərindən biri həm də Ukraynanın tələb etdiyi təhlükəsizlik təminatına dair Rusiyanın mövqeyində hiss edilən dəyişiklikdir. Dmitriyevin sözlərinə görə, Kreml Kiyevin təhlükəsizliyinin təmin edilməsi variantlarını müzakirə etməyə hazırdı. Lakin bu zəmanətlərin nədən ibarət ola biləcəyini açıqlamayıb. Eyni zamanda o, Ukraynanın NATO-ya daxil olmasını “tamamilə qeyri-mümkün” adlandırıb. Xüsusi nümayəndənin bu mövqeyi təmsil etdiyi dövlətin əvvəlki mövqeyindən xeyli fərqlənir. Bu məsələ ilə bağlı bu günə qədər istər prezident Vladimir Putin, istərsə də xarici işlər naziri Sergey Lavrov sərt mövqe nümayiş etdiriblər. Bu və digər mövzularla bağlı verilən açıqlamadan aydın olur ki, görüş müsbət atmosferdə keçib. Bu isə yaxın gələcəkdə ABŞ və Rusiya liderləri arasında yeni görüşün keçirilməsi və ikitərəfli münasibətlərin bərpası şansını daha da artırır.
Zeynal Əmrəliyev
visiontv.az