Putinin sevimli Marqosu...
Putinin sevimli Marqosu...
25.05.2023 Bəybala Mirzəyev Tərəfindən

Rusiya ilə müttəfiqlik müqaviləmiz olsa da, ancaq Rusiya yaxşı müttəfiq deyil. Daha doğrusu, Rusiya ümumiyyətlə müttəfiq deyil.

Çünki Rusiya həqiqətən də səmimi, dürüst müttəfiq olsaydı, o zaman Rusiya vətəndaşı olan Marqarita Simonyan öz paylaşımlarında və açıqlamalarında Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu faktını əsla şübhə altına almaz və oradakı erməniləri separatçılığa təhrik etməzdi.

Gəlin RT ("Russian Today") və "Sputnik" xəbər agentliklərinin rəhbəri, Rusiyanın (və Putinin) əsas təbliğatçılarından biri sayılan Marqarita Simonyanın Telegram-kanalında bölüşdüyü ən son fikirlərinə birlikdə nəzər salaq:

“Paşinyan Qarabağın Azərbaycan olduğunu tanıdı.

Elə bunu da sübut etmək lazım idi.

O, bunun üçün hakimiyyətə gəlmişdi. Onu əlindən tutub bunun üçün ora gətirmişdilər.

Lap əvvəldən belə deyirdim.

Onun saçını tumarlayan, ona səs verən, meydanlarda dalınca qaçan, mənə tonlarla təhqir və hədələr yazan, məni türk soxulcanı adlandıran, Paşinyanı dəstəkləməmək erməni xalqını dəstəkləməmək olduğunu düşünən sizlər, heç nə eşitmək istəməyənlər, göz önündə olanları görməyənlər, başçısının arxasına düşüb sürü ilə erməni xalqını satmağa doğru gedənlər, elə bu dəqiqə güzgüyə yaxınlaşın, özünüz öz sifətinizə tüpürün və indiyədək Qarabağ eşşəkləri olduğunuzu boynunuza alın, ömrünüzün sonunadək bu ağır etirafla yaşayın. Elə eşşək də qalmışınız. Ancaq daha Qarabağ eşşəyi də deyilsiniz. İndi sadəcə eşşək oldunuz”.

Maraqlıdır, M.Simonyan bu cür aqressiya və nifrət dolu fikirləri niyə paylaşıb? Görəsən, bunlar onun öz sözləridir, yoxsa Kremldən diktə olunan fikirlər, tezislərdir?

Məncə, ikisi də bir aradadır - həm öz sözləridir, həm də Kremlin tezisləridir. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bəyan edən kimi Rusiyadan idarə olunan "beşinci kolon"a daxil olan ermənilər və Kremlin propaqandistləri dərhal Paşinyana qarşı qaralama, linç kampaniyasına başladı. Bu faktı tanınmış erməni bloger Roman Baqdasaryan da təsdiqləyir.

Belə ki, sözügedən erməni bloger bildirir ki, Paşinyanın son açıqlamasından sonra Ermənistanda daşnaklardan tutmuş sabiq prezident Serjik Sərkisyana qədər bütün revanşistlər, radikal (rusiyapərəst) müxalifət qüvvələri Paşinyana qarşı hərəkətə keçib. Bəli, Rusiya məhz bu törtöküntülərin əliylə Paşinyanı hədələyir və onu Azərbaycanla sülh müqaviləsini imzalamaqdan çəkindirməyə çalışır.

Marqarita Simonyanın Telegram-kanalındakı məlum fikirləri də Rusiyanın Azərbaycan və Ermənistanı sülhə aparan yolda başlıca maneə olduğunu bir daha təsdiqləyir.

Normalda isə Rusiya tərəfi 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik haqqında Bəyannamənin müddəalarına əsaslanaraq Marqarita Simonyanı müttəfiq dövlətin - Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığına və separatçılığı qızışdırdığına görə məsuliyyətə cəlb etməlidir.

Xatırladaq ki, M.Simonyan bundan öncə də başqa bir paylaşımında isə Qarabağın Rusiyaya birləşdirilməsi arzusunu dilə gətirmişdi. Hərçənd ki, Rusiya prezidenti Vladimir Putin öz çıxışlarında Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu fikrini dəfələrlə səsləndirib. Lakin onun "sevimli Marqarita"sı isə öz liderinin mövqeyinə zidd paylaşımlar etməkdən əl çəkmir. Və bu da çox düşündürücüdür.

Bəybala Mirzəyev

visiontv.az