Putindən Avropaya təhdid: Rusiya ilə müasir müharibə tamamilə fərqli olacaq
Putindən Avropaya təhdid: Rusiya ilə müasir müharibə tamamilə fərqli olacaq
03.02.2023 Elxan Şahinoğlu Tərəfindən

Rusiya prezidenti Vladimir Putin Ukraynaya tank tədarük edən Avropa ölkələrini bu sözlərlə təhdid edib: “Avropa ölkələrini məsuliyyətsizcəsinə Rusiya ilə yeni müharibəyə cəlb edənlər, görünür, başa düşmürlər ki, Rusiya ilə müasir müharibə tamamilə fərqli olacaq.

Biz onların sərhədlərinə tank göndərmirik, lakin zirehli texnika təhlükəsi yaranarsa, Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək”.

Putinin “Rusiya ilə müharibə tamamilə fərqli olacaq” və “Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək” sözlərini necə başa düşmək lazımdır? Bir neçə variant mümkündür: 1. Rusiya Ukraynaya qarşı total müharibəyə keçəcək, raket zərbələrinin coğrafiyasını genişləndirəcək; 2.Rusiya Qərb tankları Ukraynaya çatdırılana qədər onları Polşa-Ukrayna sərhədində raket zərbələri ilə məhv etməyə çalışacaq; 3.Rusiya Ukraynanın qonşularının, o cümlədən Polşa və Baltik  ölkələrinin ərazilərindəki hərbi obyektləri hədəf seçəcək; 4. Rusiya ordusu Ukraynaya verilən tankların hücumları qarşısında geri çəkilərsə, Qərb ölkələrini yenə nüvə silahıyla təhdid edəcək.

Putin geri çəkilməyəcək. Kreml sahibi hədəfinə çatmayana qədər Ukraynaya qarşı müharibəni davam etdirəcək. Ukraynaya verilən Qərb tankları Putinin işğal planlarına ciddi maneədir. O bu maneəni aşmaq üçün istənilən risqi planı həyata keçirməyə çalışacaq.

Elxan Şahinoğlu

visiontv.az