Postsovet respublikaları süni yaradılıb?- Putinin "süni dövlət" konsepsiyası nəyə xidmət edir?
Postsovet respublikaları süni yaradılıb?- Putinin "süni dövlət" konsepsiyası nəyə xidmət edir?
12.02.2024 Bəybala Mirzəyev Tərəfindən

Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi və son günlər dünya gündəminin əsas hadisəsinə çevrilən müsahibəsində təkcə ukraynalıları deyil, bütün postsovet ölkələrini və o cümlədən bizi də ciddi şəkildə düşündürməli olan məsələlərdən biri də Rusiya prezidentinin 30 ildən çoxdur müstəqilliyinə qazanmış keçmiş sovet respublikalarına qarşı necə münasibət sərgiləməsidir.

Kremlin sahibi sözügedən müsahibədə növbəti dəfə açıq şəkildə iddia etdi ki, bugünkü Ukrayna sovet hakimiyyəti tərəfindən, konkret olaraq Lenin və Stalin tərəfindən süni şəkildə yaradılmış dövlətdir.

Sitat:

"Biz tam əminliklə deyə bilərik ki, bəli, Ukrayna müəyyən mənada Leninin, Stalinin iradəsi ilə yaradılmış süni dövlətdir. Sovet dövlətinin qurucusu Lenin Ukraynanı məhz belə yaradıb. Və uzun onilliklər ərzində Ukrayna SSRİ-nin tərkibində inkişaf edib, bolşeviklər də naməlum səbəblərdən "ukraynalaşdırma" ilə məşğul olublar. O vaxt ümumiyyətlə belə bir siyasət var idi - buna “yerliləşdirmə” deyirdilər. Bu digər ittifaq respublikalarına da aiddir. Belə ki, milli dillər, milli mədəniyyətlər təşviq edilir, önə çəkilirdi. Sovet Ukraynası da belə yaradılıb".

Putin bir neçə il öncəki açıqlamalarından birində Qazaxıstan haqqında da təxminən buna bənzər fikirlər səsləndirmişdi.

O, ümumiyyətlə, bütün postsovet ölkələri haqqında aşağı-yuxarı təxminən belə düşünür. Özünü "tarix üzrə ekspert" kimi, tarix bilicisi kimi aparan Rusiya prezidentinə nədənsə, elə gəlir ki, nə ukraynalıların, nədəki digər qonşu xalqların Sovet İttifaqından və çar Rusiyasından əvvəl sanki heç bir müstəqil dövləti mövcud olmayıb.

Bir 1 nəfər və bunu deyən yazı ""Ukrayna süni yaradılmış dövletdir" poccиR nyTиH o6 иcTopии coBeTcKoй yKpaиHbl" şəkili ola bilər

Əfsuslar olsun ki, rusiyalı tarixçilər, politoloqlar, hərbi ekspertlər də məhz Putinin bu cür anti-elmi fikirlərindən ilham alıb gah Ukraynanın, gah Qazaxıstanın, gah da digər postsovet ölkələrinin tarixinə və dövlətçiliyinə qarşı sərsəm açıqlamalar verirlər. Rusiyalı tarixçi Mixail Smolinin bu yaxınlarda NTV telekanalının “Görüş yeri” tok-şousunda guya 1917-ci il inqilabına qədər qazax, özbək, azərbaycanlı kimi xalqların mövcud olmadığı barədə səsləndirdiyi cəfəngiyyat da buna əyani misaldır.

Əslində bütün bunlar məqsədyönlü xarakter daşıyır. Putinin "süni dövlət" konsepsiyası postsovet ölkələrinin insanlarında öz tarixlərinə, dövlətçiliklərinə, müstəqilliklərinə qarşı çaşqınlıq, inamsızlıq, natamamlıq hissi yaratmağa, şübhə toxumu səpməyə xidmət edir. Bu, birinci mərhələdir.

İkinci mərhələdə isə məqsəd postsovet ölkələrini yeni bir imperiya modeli əsasında birləşdirməkdir (əlbəttə, Rusiya-Ukrayna müharibəsi birincinin qələbəsi ilə başa çatacağı təqdirdə).

Söhbət Putinin keçmiş SSRİ-nin bərpası planından getmir. Bu plan artıq Putin üçün əvvəlki cazibəliliyini itirib. Rusiya prezidenti hazırda tamamilə yeni geosiyasi konstruksiya haqqında, neoimper layihə barədə düşünür.

Bəybala Mirzəyev

visiontv.az