Pis düşünməyin pis nəticələr verdiyini sübut edən "Piqmalion effekti"
21.10.2024

Pis düşünməyin pis nəticələr verdiyini sübut edən "Piqmalion effekti" deyə bir təcrübə var.

Rozental adlı alim eyni siçanları "ağıllı" və "axmaq" siçanlar deyə iki qutuya ayırıb və təcrübə aparmaq üçün iki tələbə qrupuna verib. "Ağıllı siçanlarla" işlədiyini düşünən qrup, "axmaq siçanlarla" işlədiyini düşünən qrupdan daha yüksək nəticələr əldə edib.

Bu təcrübə "inancın gücü", "taleyin tövhəsi" kimi uğurlu təsadüflərin heç də göydəndüşmə olmadığını, birbaşa insanın necə düşünməsindən qaynaqladığını sübut edir.

Biz yaxşı düşünəndə yaxşını əldə etmək üçün səfərbər oluruq, pis düşünəndə pisi.

Təsadüf pis düşünüb yaxşıya, yaxşı düşünüb pisə nail olmaqdır.

Kollektiv şüur pis düşünməkdən güc və zövq alırsa ortaya eybəcər cəmiyyət çıxır. Abırlı cəmiyyət də abırlı düşünə bilənlərin cəmiyyətidir.

Xatırladım ki, Piqmalion özünün düzəltdiyi qadın heykəlinə aşiq olan mifik yunan heykəltaraşıdır. Öz heykəli haqqında o qədər yaxşı şeylər düşünür ki, axırda Afrodita o heykələ can verib Piqmalionla evləndirir.

Piqmalionun evlənəndən sonrakı taleyi məlum deyil.

Aqşin Yenisey

visiontv.az