Paytaxtlarımızın qardaşlığı...
Paytaxtlarımızın qardaşlığı...
13.07.2024 Bəybala Mirzəyev Tərəfindən

Azərbaycan və Pakistan liderlərinin imzaladığı sənədə əsasən iki ölkənin paytaxtları - Bakı və İslamabad qardaşlaşmış şəhərlərə çevrildi. Bu, son günlərin ən xoş hadisələrindən biridir.

Pakistan və Azərbaycan respublika tipli dövlətlər olaraq ikisi də 20-ci yüzildə yaranıb. Lakin ölkə və xalq olaraq hər ikisinin tarixi kifayət qədər qədimdir. Üstəlik, keçmiş çağlarımızdan gələn və bizi bir-birimizə sıx bağlayan ortaq bağlar, qardaşlıq telləri də var. Pakistan 300 ildən çox bir müddətdə Böyük Moğol imperatorluğunun (Empīrāturī-ye Moġolī-ye Hend) tərkibində olub. Bu dövləti quran Babur və onun davamçıları Türküstan (indiki Mərkəzi Asiya) türkləri idi. Bundan əlavə, Səfəvilərin və Nadir şah Əfşarın zamanında Pakistana çoxlu sayda Qızılbaş icması köçüb. Söhbət Azərbaycandan köçərək o torpaqları öz yurdlarına çevirən Qızılbaş tayfalarından (Azərbaycan türklərindən) gedir. Bu gün də Pakistanda çoxlu sayda Qızılbaşlar yaşayır və onlar Azərbaycanı özlərinin ana vətəni hesab edirlər.

Pakistanla dostluğumuzun, müttəfiqliyimizin sıxlaşması gücümüzü daha da artıracaq. Çünki Pakistan sıradan bir dövlət deyil.

Pakistan İslam Respublikası hərbi cəhətdən güclü olmaqla bərabər, həm də siyasi cəhətdən İslam dünyasının iki ən demokratik ölkəsindən biridir (Türkiyədən sonra). Bu ölkə baş nazirlər tərəfindən idarə olunur və onlar demokratik seçkilər əsasında bir-birilərini əvəz edirlər.

Pakistan həmçinin nüvə silahına malik yeganə müsəlman ölkəsidir. Bu ölkə ilə qardaşlıq münasibətlərimiz Hindistanın ermənipərəst siyasətinin neytrallaşdırılmasında da olduqca mühüm rol oynayır. Pakistanın nüvə dövləti statusuna sahib olması bizim üçün ilk növbədə mühüm hərbi-siyasi güc amili sayılır. Azərbaycan öz müstəqilliyini elan etdiyi ilk gündən Pakistan ərazi bütövlüyümüzü dəstəkləyib və hazırda da Azərbaycanla hərbi əlaqələri genişləndirməyə üstünlük verir.

44 günlük İkinci Qarabağ müharibəsi dönəmində Pakistanın ölkəmizə dərin mənəvi, siyasi dəstəyi danılmazdır. Həmin günlərdə sıravi pakistanlılar da bizim üçün, əsgərlərimiz üçün dua edirdilər.

Bir göydələn və mətn şəkili ola bilər

P.S.

Yaxşı ki, Türkiyə ilə bərabər, Pakistanımız da var. Kim bilir, bəlkə də lap yaxın gələcəkdə Macarıstan kimi Pakistan da Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olmaq istəyəcək...

Bəybala Mirzəyev

visiontv.az