"Oskar" mükafatına layiq görülən "Parazitlər" filmində insanı hər şeydən əvvəl mövzu heyrətləndirir
03.04.2024

"Oskar" mükafatına layiq görülən "Parazitlər" filmində insanı hər şeydən əvvəl mövzu heyrətləndirir. Əhvalat nə qədər gözəl tapılıb, ssenari nöqtə-vergülünə qədər necə dəqiq qurulub.

Əgər "Joker"i aktyor oyunu və iki-üç ədəbi, yaxud kinematoqrafik tapıntı olan detal xilas eləmişdisə, "Parazitlər"də iç-içə belə hadisələr çoxdur. Sonuncu dəfə ssenarinin mükəmməlliyinə, fantaziya genişliyi və dərinliyə Əsgər Fərhadinin "Satıcı" filmində bu qədər heyrətlənmişdim.

"Parazitlər"in ötürdüyü mesajla bağlı fərqli fikirlər yürütmək olar. Məsələn, təbəqələşmənin yaratdığı problemlər, sosial ədalətsizlik, hər cür inkişafın insan təbiətindəki şəri daha da böyütməsi, insanların vəhşiyə çevrilməsində texnologiyaların, sənayeləşmənin oynadığı rol və s.

Filmdə yoxsullara zahiri mərhəmət göstərilir, amma məncə, rejissor Pun Çjun Honun bir gizli mesajı da var: bütün yoxsul insanlar parazitdirlər, hər cür bəlanı haqq edirlər və bütün bədbəxtliklərə layiqdirlər. Və hakimiyyət onlara yaşıl işıq yandırmamalıdır. Düzdür, kimsə deyə bilər ki, filmdəki daş simvolu, yaxud dialoqlar bunun əksini deyir, amma müəllifin qəlbən yoxsulların yanında olmadığı açıq-aşkar görünür. Filmin dərindəki sublimal mesajı bunu deməyə əsas verir. Yəni hər cür cinayəti yoxsulluq yaratmır, əksinə yoxsullar mahiyyətcə canidirlər, real təhlükə mənbəyidirlər. Çünki gözləri başqasının cibindədir, ruhları və əxlaqları saf deyil. İmkan vermək olmaz ki, yerin altında yaşayanlar qəfildən zəngin olub yaxşı yaşasınlar. Bu, artıq film müəllifinin dini və mənəvi ali dəyərlərə meydan oxuması deməkdir.

Baxanlar bilir, ailənin oğlu axırda daşı suyun içinə qoyur. Yəni hər şey Allahın yaratdığı kimi təbiətin nizamında olmalıdır. Bunu cəmiyyətə köçürsək, varlı öz yerində, yoxsul öz yerində olmalıdır. Pun Çjun Honun sosial həyat haqqındakı fikirləri Aristotel fəlsəfəsinə yaxındır. Doğrudur, Aristotel deyirdi ki, dövlətdə yoxsulların sayı artmamalıdır, amma həm də quldarlığın tərəfdarı idi. Aristotelə görə, tale bir qisim insanı hakimiyyət üçün, yerdə qalanları isə xidmət etmək üçün yaradıb. "Parazitlər"in təməl fəlsəfəsində də bu ideya dayanır...

Cavid Zeynallı

visiontv.az